Ukraynanın ədliyyə naziri Qerman Qaluşşenko vəzifədən çıxarılıb.
Səbəb Milli Antikorrupsiya Bürosunun (NABU) enerji sektorundakı
korrupsiya
ilə bağlı səs-küylü istintaqda onun adının hallanmasıdır.
Qaluşşenko bundan öncə energetika naziri vəzifəsini tutub.
O, istintaq dövründə vəzifədən kənarlaşdırılmanın "sivil və düzgün"
qərar olduğunu, özünü hüquqi müstəvidə müdafiə edəcəyini deyib.
Nazir səlahiyyətlərini Avropa inteqrasiyası məsələləri üzrə nazir
müavini Lyudmila Suqak icra edəcək.
Noyabrın 10-da NABU cinayət işi çərçivəsində Qaluşşenkonun və daha
bir neçə şəxsin evində axtarış aparıb. İstintaq "Energoatom"
şirkətində ehtimal olunan korrupsiya ilə bağlıdır. Bundan öncə
hökumət şirkətin müşahidə şurasının səlahiyyətlərinə xitam
verib.
Qaluşşenkoya rəsmi ittiham irəli sürülməyib. Ancaq
AzadlıqRadiosunun Ukrayna xidməti bildirir ki, istintaqda yeddi
nəfər şübhəli kimi qeyd olunub. Onların arasında energetika
nazirinin keçmiş müşaviri İqor Mironyuk (NABU-nun yayımladığı
audioyazılarda "Roket" kimi tanınır), "Energoatom"un təhlükəsizlik
üzrə icraçı direktoru Dmitri Basov (Tenor) və daha dörd əməkdaş
var. Siyahıda "Kvartal-95" studiyasının həmtəsisçisi, işadamı Timur
Mindiç (Karlson) də yer alır. Mindiçin artıq Ukraynanı tərk etdiyi
bildirilir.
İstintaq böyük rezonans doğurub. Bir sıra media orqanları Mindiçi
prezident Volodimir Zelenskiyə yaxın şəxs kimi təqdim edib.
Prezident Zelenski noyabrın 10-dakı çıxışında istintaqa toxunaraq
deyib ki, günahı sübuta yetirilən şəxslərin cəzası "mütləq"
kəsilməlidir.
10 noyabr
Zelenskinin keçmiş biznes ortağının evində axtarış. Mindiçin
ölkədən çıxdığı bildirilir
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU)
detektivləri "Kvartal 95" studiyasının həmtəsisçisi, işadamı Timur
Mindiçin evində axtarış aparıblar. Mindiç istintaq hərəkətlərindən
bir neçə saat öncə ölkəni tərk edib.
Məlumatı AzadlıqRadiosunun Ukrayna xidmətinə hüquq-mühafizə
orqanlarındakı mənbələr təsdiqləyib.
"Ukrainska Pravda"nın məlumatına görə, Mindiç ABŞ Federal Təhqiqat
Bürosunun (FBI) "pul yuma" ilə bağlı istintaqında fiqurant kimi
çıxış edə bilər.
"Kvartal 95" prodakşn şirkəti o vaxt komediyaçı olan, hazırda
Ukraynanın prezidenti Volodimir Zelenski ilə birlikdə 2003-cü ildə
yaradılıb. T.Mindiç Zelenskinin keçmiş biznes ortağıdır.
İyulda Ukrayna Ali Radası NABU və Korrupsiya ilə Mübarizə üzrə
İxtisaslaşmış Prokurorluğun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran,
onları baş prokurorun tabeliyinə verən qanun qəbul edib. Ukraynada
və dünyada qanunun əleyhinə etiraz aksiyaları keçirilib. Bundan
sonra Ali Rada bu dəfə NABU və SAPO-nun müstəqilliyinin bərpası
haqqında prezident Zelenskinin təqdim etdiyi qanuna səs verib.
NABU enerji sektorunda böyük əməliyyat aparıldığını
bildirir
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) bildirib ki, enerji
sektorunda "yüksəksəviyyəli" cinayətkar təşkilatın korrupsiya
fəaliyyətini ifşa etmək məqsədilə genişmiqyaslı əməliyyat aparır.
Əməliyyat Korrupsiya ilə Mübarizə üzrə İxtisaslaşmış Prokurorluq
(SAPO) ilə birlikdə gerçəkləşdirilir.
NABU noyabrın 10-da bildirib ki, istintaq 15 ay davam edib, bu
müddətdə təxminən min saatlıq audioyazı toplanıb: "Yüksəksəviyyəli
bir cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib... Onun
üzvləri dövlət sektorundakı strateji müəssisələrə, xüsusən
"Energoatom" Səhmdar Cəmiyyətinə təsir göstərmək üçün genişmiqyaslı
korrupsiya sxemi qurublar".
Əlavə detallar açıqlanmayıb.
Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak hazırda ədliyyə
naziri olan keçmiş energetika naziri Qerman Qaluşşenkonun evində də
axtarış getdiyini bildirib.
Ukraynanın korrupsiyaya qarşı mübarizədə qazandığı irəliləyiş
alqışlanır. Amma Qərb hökumətləri, beynəlxalq təşkilatlar və
ekspertlər bildirirlər ki, rüşvət və korrupsiya hallarının tam
aradan qaldırılması üçün hələ çox iş görülməlidir.
"Korrupsiya riskləri yüksəkdir"
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu ilin əvvəlində
hesabatında yazırdı ki,
"Rusiyanın Ukraynaya qarşı
genişmiqyaslı işğalı şəraitində korrupsiya riskləri hələ də
yüksəkdir".
İyulda AzadlıqRadiosunun araşdırması Ukraynanın yüksəkvəzifəli
gömrük rəsmisinin ailəsinin bahalı daşınmaz əmlak və avtomobillərə
malik olduğunu üzə çıxarıb.
Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma
başlayandan az öncə Anatoli Komar gömrük xidmətinin neft, qaz və
digər enerji məhsullarının idxal-ixrac rüsumlarını toplayan
şöbəsinin rəisi olub. Həmin dövrdə Komarın aylıq maaşı təxminən 2
min dollar idi, ailənin əsas gəlir mənbəyi isə onun həyat yoldaşı
Mariya sayılırdı. Mariya tur bələdçisi kimi çalışır, onlayn kurslar
təklif edirdi. Onun rəsmi gəliri xeyli yüksək – ayda təxminən 8 min
dollar göstərilib.
Lakin ailənin xərclərinin təhlili onların bu səviyyədə yaşayışını
təmin etmək üçün daha yüksək gəlirə malik olduqlarını göstərir.
AzadlıqRadiosunun müxbiri Komardan dəbdəbəli həyat tərzinin necə
maliyyələşdirildiyini soruşduqda o, şəxsi məsələlər barədə şərh
verməyəcəyini deyib. Təkrar soruşulduqda isə Komar bir "xeyli varlı
xaç atası"nın ona maliyyə dəstəyi göstərdiyini deyib, amma detallı
danışmayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.