Avropa İttifaqı rus qazının idxalının tam qadağan edilməsi barədə razılığa gəlib

Avropa İttifaqı Şurası və Parlamenti rus qazının idxalının tamamilə dayandırılması və rus neftindən mərhələli şəkildə imtina edilməsi barədə ilkin razılığa gəlib.



“Bu tarixi qərar Aİ-nin etibarsız təchizatçıdan asılılığını bitirəcək. Həmin təchizatçı dəfələrlə Avropanın enerji bazarlarını qeyri-stabil vəziyyətə salmış, enerji şantajı ilə təchizat təhlükəsizliyinə təhdid yaratmış və Avropa iqtisadiyyatına ziyan vurmuşdu”,
— deyə Avropa Komissiyası bildirib.

Yayda
təşəbbüs olunan qanun layihəsi Aİ rəsmiləri, diplomatları və Avropa Parlamentinin üzvləri arasında kəskin debatların mövzusu idi, lakin tərəflər son anda kompromis variantı razılaşdırmağa nail oldular.

“Bu gün biz Avropanın Rusiyadan tam enerji müstəqilliyi dövrünə daxil oluruq. REPowerEU nəticəsini verdi. O, bizi onilliklər ərzində ən ağır enerji böhranından qorudu və rekord sürətlə rus fosil yanacağından imtina etməyə kömək etdi. Bu gün biz həmin idxalı birdəfəlik dayandırırıq. Putin üçün hərbi büdcənin azalması ilə biz Ukraynaya həmrəyliyimizi göstəririk və enerji sektorunda yeni tərəfdaşlıqlara və imkanlara yönəlirik”, — deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib.

Fon der Lyayenin qeyd etdiyi REPowerEU yol xəritəsi bildirir ki, rus fosil yanacağının tamamilə aradan qaldırılması Avropanın enerji müstəqilliyi, rəqabətqabiliyyətliliyi, dayanıqlılığı və bazar sabitliyi üçün zəruri addımdır.

2022-ci ildən sonra Avropada rus qazının idxalı kəskin azalsa da, Rusiya hələ də Avropanın ümumi qaz istehlakının təxminən 19%-ni təşkil edir.

Müvəqqəti olan və hər 6 aydan bir yenilənən sanksiyalardan fərqli olaraq, yeni qanunvericilik rus qazı və neftindən daimi imtinanı hədəfləyir.

“Müharibənin əvvəlində biz Rusiyaya fosil yanacağa görə ayda 12 milyard avro ödəyirdik. İndi bu məbləğ ayda 1,5 milyard avroya düşüb. Məqsədimiz onu sıfıra endirməkdir”, — deyə fon der Lyayen bildirib.

Maye təbii qazın (LNG) idxalı 2026-cı il 31 dekabradək, boru kəməri qazının idxalı isə 2027-ci il 30 sentyabradək dayandırılacaq. İstisna olaraq, üzv dövlətlər qaz anbarlarının doluluq səviyyəsi məcburi göstəricidən aşağı olarsa, bu müddəti 2027-ci il 31 oktyabra qədər uzada biləcəklər. Beləliklə, ən gec 2027-ci ilin noyabrına Aİ rus qazının idxalını tamamilə bitirməlidir.

Razılaşmaya əsasən, üzv dövlətlər 2026-cı il 1 martadək milli diversifikasiya planlarını təqdim etməlidirlər. Bu planlarda qaz və neft təchizatının diversifikasiyası üzrə tədbirlər əks olunmalıdır. Həmçinin onlardan tələb olunur ki, tənzimləmə qüvvəyə mindikdən sonra bir ay ərzində Komissiyaya rus qazının təchizatı üzrə hər hansı müqavilələrinin olub-olmaması və ya bu sahədə milli hüquqi qadağaların mövcudluğu barədə məlumat versinlər.

Avropa Parlament üzvlərinin tələbinə baxmayaraq, qanunvericilik rus xam neftinin idxalının qadağan edilməsini nəzərdə tutmur, lakin Komissiya gələn ilin əvvəlində bununla bağlı qanunvericilik təklifi təqdim etməyə söz verib.

Politico-nun məlumatına görə, Aİ Şurası qaz idxalının ciddi yoxlamasız mümkün olacağı “təhlükəsiz ölkələr” siyahısını layihədən çıxarıb. Qanunvericilər Qətərin, Əlcəzairin və Nigeriyanın siyahıya daxil edilməsindən narazı idilər, lakin pozuntular aşkar edildiyi halda həmin ölkələrin siyahıdan çıxarılması şərtilə razılığa gəldilər.

“Biz realist ssenarimdən daha çoxuna nail olduq — daha erkən mərhələli ləğv, sərt cərimələr və rus qazının sızdığı boşluqların bağlanması”, — deyə Avropa Parlamentinin üzvü Vile Niinistö bildirib.

Bu siyasi razılaşmadan sonra mətn Aİ-nin bütün dillərinə tərcümə olunmalı, daha sonra Avropa Parlamenti və Şura tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Şurada qəbul üçün keyfiyyətli çoxluq tələb olunur. Rəsmi qəbuldan sonra mətn rəsmi jurnalında dərc ediləcək.

Aİ liderləri rus enerji resurslarının mərhələli şəkildə aradan qaldırılması barədə 2022-ci ildə Versal Bəyannaməsi ilə razılığa gəlmişdilər. Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı müharibəsinin başlanmasından bu yana, 2025-ci ilin ilk yarısında Aİ-nin rus qazından asılılığı ümumi idxalın 45%-indən 13%-ə düşüb. Buna baxmayaraq, Komissiyaya görə, keçən il Aİ enerji sisteminə 35 milyard kubmetr rus qazı daxil olub və bu qazın cari qiymətlərlə təxmini dəyəri 10 milyard avrodur. Rus kömürünün bütün növlərinin idxalı sanksiyalarla qadağan edilib, neftin idxalı isə 2022-ci ilin əvvəlindəki 27%-dən bugün 2%-ə düşüb.

2025-ci il 6 mayda Komissiya REPowerEU yol xəritəsini qəbul etdi, 2025-ci il 17 iyunda isə rus qazının bütün idxalının effektiv şəkildə qadağan edilməsinə və rus neftinin mərhələli şəkildə aradan qaldırılmasına dair mövcud qanunvericilik təklifini təqdim etdi.

Oktyabrda Şura Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul etdi. Paket Rusiyanın enerji resurslarının ixracından əldə etdiyi gəlirlərin azaldılmasına yönəlib. Bu paketə görə, rus LNG-nin idxalı uzunmüddətli müqavilələr üçün 2027-ci il 1 yanvardan, qısamüddətli müqavilələr üçün isə sanksiyalar qüvvəyə mindikdən altı ay sonra qadağan ediləcək.


Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google