AŞPA məruzəçisi Əli Kərimlinin həbsindən dərin narahatlıq bildirir
14:39 / 04.12.2025
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar
üzrə baş məruzəçisi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Əli Kərimlinin həbsindən dərin narahatlıq
bildirir.
Dekabrın 4-də Azadə Royhan Ə.Kərimli barəsində hakimiyyəti zorla
ələ keçirməyə, konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn
hərəkətlər ittihamı ilə həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı
bəyanat yayıb: "Əli Kərimli barəsində hakimiyyəti ələ keçirməyə
cəhd ittihamı ilə
həbs-qətimkan tədbiri seçilməsindən dərin
narahatlıq keçirirəm. Azərbaycanda siyasi fikir ayrılığının məkanı
getdikcə daralır və bu həbs həmin narahatedici tendensiyanın bir
hissəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi onun xeyrinə iki dəfə
qərar çıxarıb, seçki hüququnun və sərbəst hərəkət etmək hüququnun
pozulduğunu tanıyıb. Azərbaycan hakimiyyətini Əli Kərimliyə qarşı
ittihamlara təcili yenidən baxmağa, ona qarşı cinayət təqibinin
Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərə tam uyğun
aparılmasını təmin etməyə çağırıram".
Keçmiş səfir: 'Azərbaycan xalqı üçün kədərli dövrdür'
"Əli Kərimlinin həbsi Azərbaycanda davamlı, daha da
genişlənən siyasi repressiyaların, insan hüquqlarının, özəlliklə
ifadə azadlığının pozulması çərçivəsində baş
verir".
Bunu AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard
Kozlariç deyib. Keçmiş səfir prosesin artıq xaricdə yaşayan
azərbaycanlılara yönəldiyini vurğulayır: "Səbəb aydındır: İlham
Əliyevin rəhbərlik etdiyi rejimi tənqid edən bütün səsləri tamamilə
susdurmaq. ABŞ və Avropa hökumətlərinin insan hüquqlarına laqeyd
münasibəti rejimi əlavə addımlara həvəsləndirib... Azərbaycan xalqı
üçün kədərli dövrdür".
Frank Şvabe: 'Əliyev öz üzünə Avropa Şurasının qapısını
bağlayır'
"Əli Kərimlinin həbsi Azərbaycan rejiminin Avropa
dəyərlərindən daha da uzaqlaşdığını göstərir. Bununla eyni zamanda
Avropa Şurasında bərabər üzvlüyünün bərpası səylərinə özü zərbə
vurur. Əliyev öz üzünə Avropa Şurasının qapısını
bağlayır". Bunu isə AzadlıqRadiosuna açıqlamasında
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan üzvü
Frank Şvabe deyib.
Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub.
Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı
götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib.
Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı
dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu
qərara səs vermiş deputatları qara siyahıya salaraq onların
Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə
bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra
əməkdaşlığa hazırdırlar.
'Amnesty International': Müxalifət liderinin həbsi avtoritar
qaydaların möhkəmləndirildiyini göstərir
"Amnesty International" insan haqları təşkilatı müxalifətdə olan
AXCP-nin sədri Əli Kərimlinin həbsini pisləyir. Qurumun Şərqi
Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bu
həbsin "Azərbaycanda avtoritar qaydaların möhkəmləndirilməsinin
daha bir sübutu" sayır. Qurum təmsilçisi müxalifət liderinin
həbsini, ona "hakimiyyəti ələ keçirməyə cəhd" kimi şübhəli
ittihamın irəli sürülməsini hakimiyyətin nə qədər irəli gedə
biləcəyinə dair hər kəsə bir xəbərdarlıq olduğunu düşünür.
"Hakimiyyət onun törətdiyi iddia olunan cinayətlə bağlı
yetərli sübut göstərə bilmirsə, Əli Kərimlini azad etməlidir.
İndiyə qədər sərgilədikləri onu qəfil tutub təcrid etmək, ədalətli
məhkəmə hüququndan məhrum etmək olub. Bu isə müxalifətçilərə,
akademiklərə, jurnalistlərə və fəallara qarşı siyasi motivli
həbslər dalğasını genişləndirmək niyyətindən xəbər
verir", – açıqlamada deyilir.
Avropa İttifaqından Əli Kərimlinin həbsinə
reaksiya verildi
Avropa İttifaqı (Aİ) müxalifətdə
olan AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Azərbaycan tərəfi
ilə əlaqə saxlayacaq. Bunu AzadlıqRadiosunun sorğusuna cavabında
qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta
Hipper bildirib.
"Biz Azərbaycanın
Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müvafiq
beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyirik. Təqsirləndirilən
şəxslərə müstəqil hüquqi yardım və adekvat səhiyyə xidməti
göstərilməlidir", – açıqlamada deyilir.
Aİ sözçüsü qurumun hadisələrin
gedişatını yaxından izləyəcəyini qeyd edir.
Siyasi sistemin tam
məhvi Dekabrın 1-də AXCP sədri
Ə.Kərimli məhkəmə qərarı ilə 2 ay yarım həbs edilib. O, hakimiyyəti
zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirməyə yönələn hərəkətlərdə ittiham edilir.
AXCP sədrini iki gün öncə,
noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DRX) saxlayıb, evində
axtarış aparıb. Hökumətyönümlü mediada yayılan xəbərlərə görə,
axtarış zamanı onun evindən Prezident Administrasiyasının keçmiş
rəhbəri Ramiz Mehdiyevin məktubu tapılıb.
Ə.Kərimli həbsindən öncəki
müsahibələrində adının R.Mehdiyevlə əlaqələndirilməsini
"cəfəngiyat" adlandıraraq vurğulayıb ki, bütün fəaliyyəti dövrü
Mehdiyevlə tam əks mövqedə olub.
Bir sıra müstəqil yerli
ekspertlər və beynəlxalq təhlilçilər deyirlər ki, Ə.Kərimli və
ümumilikdə AXCP-yə qarşı addımlar ölkədə siyasi sistemin tamamilə
məhv edilməsinə yönəlib.
Bakı beynəlxalq sükutu "yaşıl işıq" kimi
qəbul edir
"Avropadakı Tərəqqi və Dəyişiklik Tərəfdaşlığı" adlı
qeyri-hökumət təşkilatının prezidenti, "Azərbaycanda Repressiyalara
Son" kampaniyasının rəhbəri Florian İrminqerin fikrincə, beynəlxalq
ictimaiyyətin hərəkətsizliyi daha çox repressiyalara səbəb olur:
"10 ildir davam edən repressiyanın bir aydın məqsədi var: vətəndaş
cəmiyyəti məkanını bağlamaq, medianı tamamilə nəzarətdə saxlamaq,
siyasi və ya elmi dairələrdəki tənqidçiləri susdurmaq. Avropa
İttifaqı və Avropa Şurası bu eskalasiya ilə bağlı tədbir
görməlidir, lakin hələ ki baş verənləri sükut və hərəkətsizliklə
qarşılayır. Beynəlxalq ictimaiyyətdə yüksək səviyyədə siyasi sükut
Bakıda repressiyaları dərinləşdirmək üçün yaşıl işıq kimi qəbul
edilir — bu, son 10 ildə öyrəndiyimiz əsas
dərsdir".
F.İrminqer deyir ki, yaxın zamanlarda Avropa İttifaqının
Azərbaycanla münasibətlərdə enerji və geosiyasi maraqlarını önə
çəkdiyini göstərən hesabat yayımlayacaqlar.
AzadlıqRadiosunun Avropa Şurası Parlament Assambleyasına (AŞPA)
sorğusuna, hələlik, cavab gəlməyib.
"Təşkilatlanmış siyasi müxalifəti boğmaq"
Son həbslər Azərbaycanda artıq tanış və dərin narahatlıq doğuran
bir tendensiyaya uyğun gəlir: müstəqil jurnalistlər, fəallar və
müxalif fiqurlar mütəmadi siyasi motivli təqiblərlə üzləşirlər.
Bunu isə "Human Righs Watch" insan haqları təşkilatının Avropa və
Orta Asiya bölümünün direktor müavini Giorgi Qogiya
AzadlıqRadiosuna bildirib.
"Bu addımlar hökumətin əsas mülki və siyasi hüquqlara
hörmətinə ciddi şübhələr yaradır. Daha geniş motivlərə nəzər
salsaq, həbslər dalğası narazılığı aradan qaldırmaq,
hakimiyyətdəkiləri nəzarətdən qorumağa hesablanıb", –
o deyib.
G.Qogiyanın sözlərinə görə, Ə.Kərimlinin həbsi və barəsində dərhal
həbs-qətimkan tədbirinin seçilməsi hakimiyyətin təşkilatlanmış
siyasi müxalifəti boğmaq qətiyyətini göstərir: "Xalq Cəbhəsi
Partiyası və üzvləri uzun illərdir siyasi motivli təqiblərin
hədəfindədir, 20-dək üzvü artıq həbsdədir. Kərimlinin həbsi bir
daha Azərbaycanda təşkilatlanmış siyasi müxalifətə təzyiqlərin
sistemli xarakterini üzə çıxarır".
Bundan öncə AXCP-nin 15 üzvünə müxtəlif ittihamlarla uzunmüddətli
həbs cəzaları kəsilib. Son illər Azərbaycanda jurnalistlər, ictimai
fəal həbslər, siyasətçilər həbs edilib. Onlar, əsasən,
qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu
peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə,
hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus
var.
Azərbaycan hökuməti bu ittihamları rədd edir, hər kəsin konkret
cinayət əməlinə görə cəzalandırıldığını bəyan edir. Yerli və
beynəlxalq insan haqları müdafiəçiləri isə hakimiyyəti siyasi
repressiyaları dayandırmağa, siyasi motivlərlə həbsə atılmış
jurnalistləri, fəalları azad etməyə çağırır.
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.