Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin əməkdaşları əvvəlcədən
razılaşdırılmış şəkildə qrup halında törədilmiş, külli miqdarda
maddi zərər vurmuş oğurluq faktı üzrə dörd azyaşlını
saxlayıblar.
Saxlanılan şəxslər əvvəllər müxtəlif cinayətlərdə ifşa olunmuş
şəxslərdir:
2008-ci il təvəllüdlü A.A., 2006-cı il təvəllüdlü Ş.O., 2008-ci il
təvəllüdlü M.A. və 2009-cu il təvəllüdlü N.N.
DİN-
in məlumatına görə, istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxslər Marneuli şəhərində yerləşən sürətli ödəniş
terminallarını oğurlayaraq onların içindən külli miqdarda pul
vəsaitini ələ keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlıları hadisədən bir
neçə dəqiqə sonra, hadisə yerindən uzaq ərazidə taksi ilə hərəkət
edərkən saxlayıblar. Saxlanılan şəxslərin üzərinə və avtomobilə
baxış zamanı oğurlanmış pul vəsaiti maddi sübut kimi götürülüb,
zədələnmiş ödəniş terminalları isə əraziyə yaxın yerdə aşkar
edilib.
Bundan əlavə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən
şəxslər cari ilin noyabr ayında Marneulinin küçələrindən birində
yerləşən mağazanı da qarət edərək oradan məişət əşyaları
oğurlayıblar.
Hazırda faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci
maddəsinin 2-ci və 3-cü hissələrinin “a” bəndləri ilə aparılır.
Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutur.