BMT-nin Uşaq Fondu (UNICEF) çərşənbə axşamı bildirib ki, 130-dan
çox ölkədə 200 milyondan çox uşağın 2026-cı ildə humanitar yardıma
ehtiyacı olacaq.
Bu, uşaqların üzləşdiyi ən ağır qlobal böhranlardan biridir.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, UNICEF-in İcra
Şurasının ilk müntəzəm iclasında çıxış edən Fondun rəhbəri Ketrin
Rasselin sözlərinə görə, münaqişələr, iqlim şokları, iqtisadi
qeyri-sabitlik və
bərabərsizlik dərinləşməyə davam etdikcə, dünya
miqyasında uşaqların üzləşdiyi çətinliklərin miqyası və
mürəkkəbliyi daha da artır. O vurğulayıb: “Bu gün uşaqların
üzləşdiyi humanitar vəziyyət indiyə qədər gördüyümüz ən ağır
vəziyyətlərdən biridir, 130-dan çox ölkədə 200 milyondan çox uşağın
2026-cı ildə humanitar yardıma ehtiyacı var”.
Rassel bildirib ki, uşaqlar üçün qlobal mühit getdikcə daha da
çətinləşir, ehtiyaclar artdıqca və resurslar azaldıqca ailələrə və
icmalara təzyiqlər artır. O əlavə edib:
“Son bir ildə
çoxtərəfli sistemin gələcəyi, beynəlxalq yardımın dəyəri və
effektivliyi, ən çox ehtiyacı olanlara, xüsusən də uşaqlara qayğı
göstərmək üçün kollektiv məsuliyyət ilə bağlı çətinliklərlə
qarşılaşdıq. 2025-ci il bu əsrdə uşaq ölümlərinin artdığı və
nəsillərin irəliləyişini geriyə doğru dəyişdiyi ilk ildir”.
Fondun rəhbəri humanitar ehtiyacların artmağa davam etməsinə
baxmayaraq, uşaq və ana sağlamlığının UNICEF üçün əsas prioritetlər
olaraq qaldığını vurğuladı. “Münaqişələr, iqlim şokları, iqtisadi
qeyri-sabitlik və bərabərsizlik uşaqlara, ailələrə və icmalara
böyük təzyiq göstərir”, - deyə o bildirib.
Uşaqlara qarşı zorakılığın kəskin artdığını vurğulayan Rassel ötən
il azyaşlılara qarşı indiyə qədər sənədləşdirilmiş ən yüksək sayda
təsdiqlənmiş ağır pozuntuların, o cümlədən qətllərin, adam
oğurluğunun və cinsi zorakılığın qeydə alındığını vurğulayıb.
Rassel qeyd edib ki, UNICEF 190-dan çox ölkə və ərazidə fəaliyyət
göstərir. O, həyati əhəmiyyətli işləri davam etdirmək üçün daha
güclü tərəfdaşlıq və islahatlara çağırıb.
“Maliyyələşdirmə, islahat və tərəfdaşlıqla bağlı
etdiyimiz seçimlər qarşıdakı illərdə uşaqlar üçün mümkün olanları
təmin edəcək”, - deyə UNICEF-in rəhbəri bildirib.
Mənbə: AZƏRTAC