Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanın peyk
internetinə çıxış əldə etməsi istiqamətində təşəbbüs irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini,
rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan
Madiyev Prezidentin iştirakı ilə keçirilən hökumətin geniş
iclasında məlumat verib.
Nazir bildirib ki, 2026-cı ildə ölkə üzrə əlavə 1900 kənd optik
lifli rabitə
ilə təmin olunacaq. Nəticədə növbəti ildə optik lif
infrastrukturu ilə əhatə olunan yaşayış məntəqələrinin payı 90
faizdən çox olacaq. Bununla yanaşı, respublika əhəmiyyətli
avtomobil yollarının bütün şəbəkəsi rabitə infrastrukturu ilə
təchiz ediləcək.
Jaslan Madiyevin sözlərinə görə, Prezidentin tapşırığı ilə ötən
ilin dekabr ayında dövlət sərhədindəki bütün keçid məntəqələri
internetə çıxış əldə edib. Eyni zamanda, “Qazaxıstan Dəmir
Yolları”nın sərnişin daşımaları üzrə bütün əsas marşrutlarında da
internet xidməti əlçatan olacaq. Bundan başqa, ilk dəfə olaraq
sərnişinlər yerli hava daşıyıcısının göyərtəsində internetdən
istifadə etmək imkanı əldə edəcəklər.
Nazir vurğulayıb ki, rəqəmsal infrastrukturun ardıcıl inkişafı
Qazaxıstanın daxili tələbatının ödənilməsinə şərait yaratmaqla
yanaşı, ölkənin rəqəmsal əlaqəlilik sahəsində region üzrə aparıcı
mövqeyini gücləndirəcək.
Onun sözlərinə görə, Qazaxıstan ərazisində “Starlink” şirkəti
tərəfindən qurulmuş “gate” stansiyaları vasitəsilə peyk interneti
qonşu ölkələr üçün də əlçatan olacaq. Cari ildə Tacikistan üçün
internet trafiki bu il istifadəyə veriləcək. Növbəti mərhələdə
Monqolustan və Qırğızıstan da bu xidmətə qoşulacaq.
Nazir, həmçinin qeyd edib ki, Trans-Xəzər fiber-optik rabitə xətti
üzrə Özbəkistan artıq “offtake” müqavilələri təklif edib. Hökumətin
geniş tərkibdə iclası Astanada Prezident Kasım-Jomart Tokayevin
sədrliyi ilə keçirilir.
Mənbə: AZƏRTAC