Əsədov Kobaxidzenin bəyanatına cavab olaraq: "Tolerantlıq üçün tarixi ədalətsizlik aradan qaldırılmalıdır"
Dünən, martın 11-də Baş nazir İrakli Kobaxidze müsəlman icmasının nümayəndələri üçün ənənəvi Ramazan iftarı təşkil edib. Tədbirdə çıxış edən Kobaxidze Gürcüstanın fərqli İslam cərəyanlarının (sünni və şiə) nümayəndələrinin eyni məsciddə namaz qıldığı və sülh içində birgə yaşadığı unikal bir nümunə olduğunu bildirib.

Baş nazirin bu bəyanatına "Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin sədri Seyid Mirtağı Əsədov münasibət
bildirib.

O, yaydığı cavab bəyanatında Baş nazirin tolerantlıqla bağlı mesajlarını müsbət qiymətləndirsə də, eyni zamanda ölkədə müsəlman icmasına qarşı mövcud olan ikili standartlar, dini azlıqların hüquqlarının pozulması və tarixi ədalətsizlik faktları, o cümlədən Tbilisidə dağıdılmış Şah İsmayıl məscidinin bərpa edilməsinin zəruriliyi barədə açıq şəkildə danışır.

"Bəyanat
Gürcüstanın Baş naziri Irakli Kobaxidze Ramazan ayı münasibətilə ölkədə dini həmrəylik və tolerantlıq haqqında səsləndirdiyi fikirlərdə bildirib: “Bizim gücümüz Gürcüstanda, bu torpaqda yaşayan xalqları birləşdirən həmrəylikdədir. Bu gün regionda çox mürəkkəb hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilər və şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi rəmzi məna daşıyır.
Gürcü İslamı məhz bu xüsusiyyəti ilə unikaldır. Düşünürəm ki, bu, dinc birgəyaşayış və ümumi razılıq hər kəs üçün nümunə ola biləcək örnəkdir.”
Hörmətli Baş nazirin müsəlman icmasının birliyini və ölkədə mövcud olan dini tolerantlığı vurğulamasını müsbət qiymətləndirir və buna görə təşəkkürümüzü bildiririk. Doğrudan da, Gürcüstanda müsəlmanlar uzun illərdir ki, qarşılıqlı hörmət və anlayış şəraitində yaşayır və bu birlik ölkədə sülhün və sabitliyin qorunmasına öz töhfəsini verir.

Eyni zamanda qeyd etmək istərdik ki, Tbilisidə sünni və şiə müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız tolerantlığın göstəricisi deyil, müəyyən mənada mövcud şəraitdən irəli gələn və məcburi bir zərurətin nəticəsidir. Məhz buna görə də hesab edirik ki, ölkədə dini tolerantlığın daha aydın və real şəkildə təzahür etməsi üçün bəzi tarixi ədalətsizliklərin aradan qaldırılması vacibdir.

Sovet dövründə dinlərə və dini icmalara vurulan zərərin dövlət tərəfindən qismən tanınmasını nəzərdə tutan 27 yanvar 2014-cü il tarixli 117 nömrəli qərarın ruhuna uyğun olaraq, müsəlman icmasının tarixi və dini irsinin bərpasına da xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Tbilisidə yerləşən, Sovet dövründə dağıdılmış, təxminən 400 illik tarixə malik olan Şah İsmayıl (xalq arsında Şah Abbas kimi məşhurdur) məscidinin – şiə müsəlmanlarına məxsus tarixi ibadət məkanının – müsəlman icmasına qaytarılması və bərpa edilməsinə imkan yaradılması həqiqi tolerantlığın mühüm nümunəsi ola bilər.

Əgər bu məscidin bərpasına və müsəlman icmasına qaytarılmasına şərait yaradılsa, bu addım Gürcüstanda dini azadlığın və qarşılıqlı hörmətin daha da gücləndiyini praktik şəkildə nümayiş etdirər.

Bununla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi hallarda müsəlman icmasına münasibətdə müəyyən ayrı-seçkilik və ikili standartların mövcudluğu hiss olunur. Ümid edirik ki, hörmətli Baş nazirin rəhbərlik etdiyi hökumət bu məsələlərə də diqqətlə yanaşacaq və bütün dini icmalar üçün bərabər münasibətin təmin olunması istiqamətində mühüm addımlar atılacaq.

Biz müsəlmanlar olaraq həm ölkəmizdə, həm də dünyada sülhün, qarşılıqlı anlaşmanın və ədalətin tərəfdarıyıq. Arzumuz budur ki, Gürcüstanda formalaşmış dini həmrəylik yalnız sözlə deyil, əməli addımlarla da möhkəmlənsin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanlar təmin edilsin.

Sonda Ramazan ayı münasibətilə bütün müsəlmanları və ölkəmizin bütün vətəndaşlarını təbrik edir, Gürcüstanda və dünyada sülhün, əmin-amanlığın və qarşılıqlı hörmətin daim hökm sürməsini arzulayırıq.
Seyid Mirtağı Əsədov
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri"


Print Email
FaceBook Twitter Google