İraqda ABŞ hərbi təyyarəsi qəza edib, fransalı hərbçi öldürülüb
ABŞ-nin nəhəng yanacaqdolduran təyyarəsi qəza edib, havada toqquşma baş verdiyi ehtimal olunur. İraqın Kürdüstan vilayətində isə fransalı hərbçi öldürülüb.

ABŞ Mərkəzi Komandanlığı martın 12-si gecə bildirib ki, KC-135 yanacaqdoldurma təyyarəsi İraqın qərbində qəzaya uğrayıb, ABŞ ordusu irimiqyaslı xilasetmə əməliyyatına başlayıb.

Bəyanatda deyilir ki, qəza düşmən və ya dost atəşi nəticəsində baş verməyib, orada daha bir
yanacaqdoldurma təyyarəsi olub. Rəsmilər ikinci təyyarənin İsraildə təhlükəsiz eniş etdiyini deyirlər.

"Hadisə "Epik Qəzəb" əməliyyatı zamanı dost hava məkanında baş verib", – Mərkəzi Komandanlıq bildirib.

"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmisinə istinadla xəbər verir ki, qəzaya uğrayan KC-135 təyyarəsində altı nəfərədək hərbçi ola bilərdi. Martın 13-ü səhər saatlarına ekipajın taleyi bəlli deyildi.

KC-135 ABŞ ordusunun havada yanacaqdoldurma missiyalarının mərkəzində dayanır, digər təyyarələrin eniş etmədən missiyalarını gerçəkləşdirməsinə imkan verir.

ABŞ hərbi rəsmiləri martın 2-də bildiriblər ki, üç F-15 qırıcısı Küveytdə bu ölkənin hava müdafiə sistemlərinin dost atəşi nəticəsində qəzaya uğrayıb. Qırıcıların altı ekipaj üzvünün hamısı katapult edərək paraşütlə yerə enmiş, sonradan xilasedicilər onları tapıb.

İraqda Fransa ordusunun CAESAR haubitsası.

Fransanın ilk təsdiqlənmiş itkisi
İraq Kürdüstanının Ərbil vilayətində dron hücumu zamanı Fransanın bir hərbçisi öldürülüb. Bunu Fransa prezidenti Emmanuel Makron təsdiqləyib.

"2015-ci ildən bəri DAEŞ-ə qarşı mübarizədə iştirak edən qüvvələrimizə bu hücum qəbuledilməzdir",
– deyən Makron "İslam Dövləti" ekstremist qrupunun yerli adından istifadə edib.

"Fransa hərbçiləri İraqda yalnız terrorizmlə mübarizə çərçivəsində qalıblar. İrandakı müharibə belə hücumlara haqq qazandıra bilməz", – Makron əlavə edib.

Dronu kimin buraxdığı, haradan gəldiyi bəlli deyil. Fransa ordusu daha öncə ən azı altı hərbçisinin yaralandığını, onlardan birinin sonradan öldüyünü bildirmişdi.

ABŞ və İsrail İrana qarşı irimiqyaslı hava kampaniyasına başlayandan bəri ilk dəfədir Fransa hərbçisinin ölümü təsdiqlənir. Fransa ABŞ-İsrail hərbi əməliyyatlarında birbaşa iştirak etmir.

Tehran regiona cavab zərbələri endirsə də, bu hücuma görə İranın, yaxud İraqdakı müttəfiq yaraqlılarının məsuliyyət daşıyıb-daşımadığı bəlli deyil. İraqın bəzi bölgələrində "İslam Dövləti" və "əl-Qaidə" ekstremistləri də fəaldır.

İraqda İrana bağlı "Əshab əl-Kəhf" qruplaşması sonradan bildirib ki, regiondakı Fransa maraqları artıq hədəf sayılır.

İsrail xilasediciləri İranın raket zərbəsi yerində.

İran İsraili hədəfə alır
İran martın 13-nə keçən gecə yenidən İsraili raket atəşinə tutub. Ölkənin şimalında iki nəfərin yaralandığı bildirilir. Məlumatı Təl-Əviv rəsmiləri verib.

İsrailin baş naziri Binyamin Netanyahu fevralın 28-də müharibə başlayandan bəri ilk mətbuat konfransını keçirib. O, yenidən iranlılara Tehrandakı rejimi devirməkdə kömək göstərməkdən danışıb: "Gördüyümüz tədbirləri detallı açıqlamayacağam. Rejimi devirməyə optimal şərait yaradırıq, amma İran xalqının rejimi devirməyə nail olacağını tam əminliklə deyə bilmərəm, rejim daxildən devrilir. Amma biz kömək edə bilərik və edirik".

Bundan bir neçə saat sonra İran mediası paytaxt Tehranda partlayışlarla bağlı xəbər yayıb.

İsrail Livanda İranın müttəfiqi "Hizbullah" qüvvələrinə hücumları da davam etdirir, ordu Livanın cənubunda irəliləyir.

Səudiyyə Ərəbistanı isə hava məkanına daxil olan onlarla dronu vurduğunu açıqlayıb.

Jurnalistlər martın 13-nə keçən gecə Dubayın mərkəzi maliyyə rayonunda partlayışlar gördüklərini xəbər veriblər.

Türkiyənin dövlət mediası isə bildirib ki, martın 13-də NATO-nun Türkiyənin cənubundakı İncirlik hərbi hava bazasında sirena eşidilib. Hadisə ilə bağlı detallı məlumat açıqlanmayıb. İranın raket hücumu təsdiqlənsə, bu, müharibə başlayandan Türkiyənin hava məkanının üçüncü dəfə pozulması olacaq.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google