Maka Boçorişvili qəbul edilən qanunlara görə layihələrin ləğv edildiyini və ya dayandırıldığını inkar edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 2024–2025-ci illərdə “Gürcü Arzusu” tərəfindən qəbul edilən qanunlara görə ölkədə layihələrin ləğv edildiyini və ya dayandırıldığını inkar edib.


O, bu barədə parlamentdə interpellasiya qaydasında çıxışı zamanı bildirib.

İnterpellasiya siyasi qrupun mühüm məsələ ilə bağlı nazirə suallar ünvanlamasını və bu suallara cavabların dinlənilməsini nəzərdə tutur.

Müxalif “Qaxaria Gürcüstan üçün” partiyasının sualına cavab olaraq o qeyd edib ki, “2024–2025-ci illərdə qəbul edilən və siyasətdə xarici müdaxilələrin qarşısının alınmasına, eləcə də xarici təsirin şəffaflığına yönəlmiş qanun və tənzimləmələr heç bir layihəni dayandırmayıb və ya ləğv etməyib...”

Bunu təsdiqləmək üçün o statistik məlumatlara istinad edib. Həmin məlumatlara görə, 2025-ci il 16 aprel tarixindən 2026-cı il 8 aprelədək hökumət 165 qrant təklifini nəzərdən keçirib və onların 95%-nə müsbət
cavab verib. Bu isə təxminən 8 halda qrantın verilməsindən imtina edildiyini göstərir.

“Bundan Gürcüstan hökumətinin layihələrin həyata keçirilməsinə münasibətini qiymətləndirə bilərsiniz. Əminliklə deyə bilərik ki, Gürcüstanın milli maraqlarına zidd olmayan heç bir layihə rədd edilməyib”, – deyə Maka Boçorişvili bildirib.

2024–2025-ci illərdə qəbul edilən qanunlar
“Gürcü Arzusu” son iki ildə müstəqil media və qeyri-hökumət təşkilatlarının fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirən, həmçinin ifadə azadlığını məhdudlaşdıran bir sıra qanunlar qəbul edib.

Ötən ilin 11 iyun tarixində Böyük Britaniyanın səfirliyi bəyan edib ki, “Qrantlar haqqında qanuna” edilən dəyişikliklər səbəbindən seçki şəffaflığını dəstəkləməyə yönəlmiş planlaşdırılan qrant layihələrini ləğv etmək məcburiyyətində qalıb.

Daha sonra “Tabula” onlayn nəşri bildirib ki, bu qərar ona da təsir edib – nəşr 50 000 funt sterlinq məbləğində qrant qazanmışdı və bu vəsait “yerli özünüidarəetmə seçkilərinin gedişi barədə gürcü cəmiyyətinin məlumatlandırılmasına” sərf olunmalı idi.

Həmin gün hökumətyönlü “İmedi” telekanalı səfirliyin digər benefisiarları barədə də məlumat yayıb. “İmedi”nin məlumatına görə, “Tabula”dan əlavə aşağıdakı təşkilatların maliyyələşdirilməsi planlaşdırılırdı:
• “Gənc Hüquqşünaslar Assosiasiyası” – 99 988 funt sterlinq;
• “Qanunun Aliliyi Mərkəzi” – 97 868 funt sterlinq;
• “Gürcüstanın Gələcəyi Akademiyası” – 99 975 funt sterlinq.

“Britaniya səfirliyi təbliğat və radikalizmin maliyyələşdirilməsini planlaşdırırdı və razılıq tələb olunduğuna görə bu qərarı verdi”, – deyə Parlamentin mübahisəli spikeri Şalva Papuaşvili 12 iyun tarixində bildirib.

Buna cavab olaraq Britaniya səfirliyi 18 iyun tarixli bəyanatında yazıb: “Gürcüstan hökuməti bu fəaliyyətləri əvvəllər dəstəkləyirdi və biz bu fəaliyyətlərin ‘təbliğat və ekstremizmin maliyyələşdirilməsi’ kimi təqdim olunması ilə qətiyyən razı deyilik.

Bu, həqiqətə uyğun deyil. Gürcüstan qanunvericiliyi müşahidəçi təşkilatların monitorinqini nəzərdə tutur ki, bu da peşəkar və şəffaf seçki nəzarətinin mühüm hissəsidir”,
– deyə səfirlik bildirib.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google