ABŞ prezidenti Donald Tramp deyir ki, ABŞ və İran müharibəni başa
çatdırmaq üçün razılaşmaya "çox yaxındır",
iki ölkənin təmsilçiləri bu həftəsonu danışıqların ikinci raundu
üçün görüşə bilərlər.
"Görək nə baş verəcək. Amma məncə, İranla razılaşma
əldə etməyə çox yaxınıq", – Tramp aprelin 16-da Ağ ev
qarşısında jurnalistlərlə söhbətində "yaxın" sözünü bir neçə dəfə
təkrarlayıb.
"Razılaşma əldə etməyimiz üçün çox yaxşı şans
var", – o əlavə edib.
Daha sonra Las-Veqasda bir tədbirdə Tramp bu fikri təkrarlayaraq
bildirib ki, müharibə "çox yaxşı gedir" və yaxın zamanda
bitməlidir.
Prezident detallı danışmasa da söyləyib ki,
"İran bizə nüvə
tozunu qaytarmağa razılaşıb". Söhbət müəyyən
zənginləşdirmə səviyyəsində nüvə silahı üçün əsas komponent sayılan
zənginləşdirilmiş uran ehtiyatlarından gedir.
Tramp bildirib ki, aprelin 22-də bitən ikihəftəlik atəşkəsin
uzadılmasına ehtiyac qalıb-qalmayacağından əmin deyil:
"Əgər razılaşma olmasa… döyüşlər yenidən
başlayacaq".
Heqset Tehrana: 'Əlinizin çatdığı razılaşmanı
seçin'
Yaxın Şərqdə bir neçə ölkə arasında danışıqlar sürətlənir, regionda
sülh razılaşmaları əldə etmək üçün diplomatik səylər
göstərilir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri
aprelin 16-da danışıqlar aparacaqlar və bu, 1993-cü ildən bəri ilk
belə görüş olacaq. Məqsəd İranın dəstəklədiyi "Hizbullah"
qruplaşması ilə altı həftədir gedən müharibəni dayandırmaqdır. ABŞ
"Hizbullah"ı terror təşkilatı sayır, Avropa İttifaqı yalnız onun
silahlı qanadını qara siyahıya salıb.
İsrailin təhlükəsizlik kabinetinin üzvü Qila Qamliel İsrail
ordusunun radiosuna bildirib ki, baş nazir Binyamin Netanyahu Livan
prezidenti Jozef Aun ilə danışacaq. Aunun ofisi isə bəyan edib ki,
prezident ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb,
Netanyahu ilə hər hansı təmasdan söz açılmayıb.
"Reuters" Livan rəsmilərinə istinadla yazır ki, Livanın
Vaşinqtondakı səfirliyi Ağ evə Aunun Netanyahu ilə danışmayacağını
bildirib.
Aprelin 14-də İsrail və Livanın Vaşinqtondakı səfirləri Rubionun
vasitəçiliyi ilə bir araya gəlmişdi. Tərəflər birbaşa danışıqlar
başlatmağa qərar veriblər.
Livan gələcək danışıqlar üçün tam atəşkəsi ilkin şərt qoyur. İsrail
isə bundan imtina edir, Netanyahunun sözçüsü "Hizbullah" ilə
atəşkəs olmayacağını deyib. Netanyahu indiki hərbi kampaniyanın
hədəfinin "Hizbullah"ı tərksilah etmək olduğunu bildirir.
Döyüşlər aprelin 15-də davam edib. İsrailin zərbələri nəticəsində
Livanın cənubunda azı 20 nəfər həlak olub. Livanın dövlət xəbər
agentliyi bildirir ki, döyüşlərin yenidən başlayandan ölkədə 2 min
100-dən çox insan ölüb, 1 milyondan çox insan isə didərgin
düşüb.
Bu arada ABŞ və İranın danışıqların ikinci raundunu keçirəcəyi
haqda məlumatlar var. İran Pakistanın vasitəçiliyi ilə danışıqlarda
irəliləyiş olduğunu, amma fikir ayrılıqlarının qaldığını
bildirib.
ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə deyib ki,
"Vaşinqton İranın heç vaxt nüvə silahına malik olmamasını təmin
edəcək". O, Tehrana "əlinizin çatdığı razılaşmanı seçin" deyə
çağırış edib.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri
Den Keyn isə bildirib ki, ABŞ qüvvələri istənilən an hərbi
əməliyyatları bərpa etməyə hazırdır.
"Trampa xoş niyyət jesti"
Aprelin 16-da Fransa prezidenti Emmanuel Makron və Böyük
Britaniyanın baş naziri Kir Starmer Parisdə təxminən 40 ölkənin
iştirakıyla videokonfransa həmsədrlik edəcəklər. Məqsəd Hörmüz
boğazında gəmilərin hərəkətini bərpa etməkdir. ABŞ-İsrail fevralın
28-də İrana hava kampaniyasına başlayandan Tehran boğazı faktiki
bağlayıb.
İranın boğazı bağlı saxlayacağı halda, ona maliyyə sanksiyaları və
tranzitin bərpası üçün atılacaq addımlar da nəzərdən
keçiriləcək.
Avropa yalnız İran və ABŞ arasında sülh razılaşması əldə olunduqdan
sonra hərəkətə keçəcək. Bunu AzadlıqRadiosuna Avropadan bir rəsmi
deyib. Onun sözlərinə görə, Avropa İttifaqının boğazı hərbi yolla
açmaq istəməməsinin əsas səbəblərindən biri donanmasında dronlarla
müdafiə imkanlarının məhdud olmasıdır.
"Məsələn, sentyabrda istifadəyə veriləcək ən yeni mina
axtaran gəmidə belə dronlara qarşı texnologiya
yoxdur", – mənbə bildirib.
Rəsminin sözlərinə görə, bu sammit "Trampa xoş niyyət jesti" kimi
nəzərdə tutulur, məqsəd iyulun 7-8-də keçiriləcək NATO-nun Ankara
sammitini riskə atmamaqdır. Tramp NATO-nun İranla müharibəyə
qoşulmamasından narazılığını bildirib.
ABŞ Paris sammitində iştirak etmir. Tramp bildirib ki, boğazın
təhlükəsizliyini təmin etmək Vaşinqtonun məsuliyyəti deyil. O, İran
limanlarına qarşı ayrıca dəniz blokadası elan edib. Böyük Britaniya
buna qoşulmaqdan imtina edib.
"Bu blokadanı lazım olduğu qədər davam
etdirəcəyik", – Heqset bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.