Aprelin 17-də İranın iki qadın futbolçusu Avstraliya hökumətinə
onlara təhlükəsiz sığınacaq verdiyi üçün təşəkkür edib,
idman karyeralarını bərpa etmək istədiklərini bildiriblər.
Fatimə Pəsəndidə və Atifə Ramazanizadə humanitar viza alandan bəri
ilk dəfə ictimai açıqlama veriblər. Bəyanatda deyilir ki, onlara
göstərilən dəstək təhlükəsiz şəraitdə yaşayıb yarışa biləcəkləri
gələcəyə ümid yaradıb.
"Bizə humanitar qoruma və bu gözəl ölkədə təhlükəsiz
sığınacaq verdiyi üçün Avstraliya hökumətinə, xüsusilə də daxili
işlər naziri Toni Börkə dərin təşəkkürümüzü
bildiririk", – qadın futbolçular qeyd ediblər.
Martda İran qadın futbol yığmasının yeddi üzvü Avstraliyada
sığınacaq istəmişdi. Onlar Asiya Kuboku oyunu öncəsi İranın dövlət
himnini oxumaqdan imtina etmiş, İran dövlət mediası buna sərt
reaksiya vermişdi.
Futbolçulardan beşi sonradan sığınacaq müraciətlərini geri götürüb,
komandanın qalan üzvlərinə qoşularaq Malayziya üzərindən İrana
qayıdıb.
Pəsəndidə və Ramazanizadə isə Avstraliyada qalıb. Hüquq
müdafiəçiləri bəzi oyunçuların hökumətin güclü təzyiqi altında geri
qayıtması ilə bağlı narahatlıq səsləndirib.
Hər iki futbolçu Avstraliyanın A-Liqa qadınlar liqasında çıxış edən
"Brisbane Roar" komandası ilə məşq edərkən görüntülənib.
Bu hadisələr ABŞ və İsrailin fevralın 28-də İrana hava zərbələri
ilə başlayan müharibə fonunda baş verib.
Avstraliyadan sığınacaq istəyən İran qadın futbolçuların beşi
müraciətini geri götürüb
İranın qadın futbol komandasının kapitanı Zəhra Qənbəri
Avstraliyada sığınacaq müraciətini geri götürüb və İrana qayıdacaq.
Xəbəri İranın dövlət mediası yayıb. O, milli komanda sığınacaq üçün
müraciətini geri götürən beşinci üzvüdür.
Qadın futbolçular Asiya Kuboku zamanı İslam Respublikasının dövlət
himnini oxumamışdılar. İranda onlara "xain" damğası vurulandan
sonra yeddi oyunçu və heyət üzvü sığınacaq istəmişdi.
İran hakimiyyəti Qənbərinin qərarını vətənpərvərlik adlandırıb.
Müxalifət mediası, digərlərinin fikrincə, ailələrini təhdid etməklə
oyunçulara təzyiq göstərilib.
Avstraliya rəsmilərinin bildirdiyinə görə, komanda üzvlərinə
sığınacaq almaq üçün imkan yaradılıb, ancaq onlar "inanılmaz çətin"
qərarlarla üzləşiblər.
Bir neçə nəfər artıq İrana getmək üçün Malayziyaya yola düşüb,
nümayəndə heyətinin yalnız iki üzvünün Avstraliyada qalacağı
gözlənilir.
1 mart
İranlı qadın futbolçu Avstraliyada sığınacaq müraciətini geri
götürüb
İranın qadın milli futbol komandasının Avstraliyada sığınacaq
istəyən üzvlərindən biri komanda yoldaşları ilə danışdıqdan sonra
müraciətini geri götürüb. Bunu Avstraliyanın daxili işlər naziri
Toni Börk martın 11-də deyib.
Börk Avstraliya parlamentində bildirib ki, bir oyunçu geri qayıdan
komanda yoldaşları ilə əlaqə saxladıqdan sonra qərarını dəyişib,
onlar onu İran səfirliyi ilə danışmağa təşviq ediblər.
Yığma komanda martın 11-i səhər tezdən Sidneydən Kuala-Lumpura
uçub.
10 mart
İran qadın futbolçuları ölkəyə qayıtmağa çağırıb
İran Baş Prokurorluğu qadın futbol yığma komandasının Avstraliyaya
sığınan oyunçularını ölkəyə qayıtmağa çağırıb.
Qurum futbolçuları ailələrinin narahatlıqlarına son qoymağa,
"ölkənin düşmənlərinin fitnəsinə qarşı" ön cəbhədə durmağa
səsləyib.
Bəyanatda komandanın azı beş üzvünün Avstraliyada sığınacaq alması
qeyd olunmayıb. Amma vurğulanır ki, "milli yığmanın bəzi üzvləri
düşmənin fitnə və hiyləsinə qeyri-ixtiyari, emosional uyublar. Bu
da ABŞ və İsrail rəhbərlərində xəyali bir həyəcan yaradıb".
Avstraliya İran futbolçularına humanitar vizalar verir
Avstraliyanın daxili işlər naziri İranın qadın futbol yığmasının
beş üzvünə humanitar vizalar verildiyini bildirib.
"Avstraliyalılar bu cəsur qadınların durumundan
təsirləniblər", – Avstraliyanın baş naziri Entoni
Albaneze martın 10-da Kanberrada mətbuat konfransında deyib.
"Onlar burada təhlükəsizdirlər, özlərini evlərindəki
kimi hiss etməlidirlər", – o əlavə edib.
ABŞ prezidenti Donald Tramp Albanezeni qadınların qalmasına icazə
verdiyinə görə tərifləyib. O, sosial mediada yazıb ki, Avstraliya
onları qəbul etməsəydi, ABŞ buna hazır idi.
Avstraliya rəsmiləri futbolçuların adlarını açıqlayıb, onların
gizli bir məkanda polis qoruması altında qaldığını bildirib.
Albaneze hazırda Avstraliyada olan digər futbolçulara oxşar kömək
göstərməyin mümkünlüyünü vurğulayıb, özlərinin seçimlə bağlı qərar
verməli olduğunu deyib.
Televiziya kadrlarında digər iranlı oyunçuların qaldıqları oteldən
avtobusla çıxdıqları görünüb. Avtobusda hansı oyunçuların olduğu,
haraya getdikləri bəlli deyil.
Daxili işlər naziri Toni Börk isə X hesabında viza almış beş
futbolçu ilə birgə fotosunu paylaşıb.
Ötən həftə İran komandası Avstraliyada Asiya Kuboku matçında dövlət
himnini oxumaqdan imtina etmişdi. Bu, ABŞ və İsrailin İrana hava
zərbələri və ali dini lider Əli Xameneinin öldürülməsi fonunda baş
verib. İranın dövlət televiziyası onları "müharibə satqınları"
adlandırıb. Ancaq ikinci yarışda komanda himni oxuyub. İnsan
haqları müdafiəçiləri onların buna məcbur edilməsindən
əndişələnib.
Komanda bazar günü Filippinə 2-0 uduzandan sonra yarışda iştirakını
başa vurub. Bundan sonra azarkeşlər, dövlət qurumları onların
durumu ilə bağlı narahatlıq bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.