Birləşmiş Ştatların İran limanlarını dənizdən blokadaya alması ölkə
iqtisadiyyatının sıxılmaqda davam etməsinə səbəb olub.
Tehran buna cavab olaraq alternativ marşrutlara üz tutub. Mallar
qonşu Pakistan və Türkiyədən yük maşınları ilə daşınır, müttəfiq
Rusiya isə yükləri Xəzər dənizi vasitəsilə qəbul edir. Bundan
əlavə, İran əsas ticarət tərəfdaşlarından biri olan Çinə nefti
dəmir yolu ilə göndərməyi də nəzərdən
keçirir.
Cons Hopkins Universitetinin professoru Stiv Hankenin fikrincə,
alternativ marşrutlar İran iqtisadiyyatının istehlak malları, ərzaq
və sənaye xammalına olan ehtiyacını qarşılamaq imkanına malikdir.
Bununla belə, ekspert vurğulayır ki, bu quru yolları dəniz yolu ilə
daşınan irihəcmli konteyner yükdaşımalarını tam əvəz edə
bilməz.
"Avtomobil nəqliyyatı ilə daşımalar daha baha başa
gəlir, Xəzər marşrutunun imkanları isə liman infrastrukturu və
donanma ilə məhdudlaşır", – Ronald Reyqan
administrasiyasında iqtisadi müşavir olmuş Hanke bildirib.
O əlavə edib ki, bu səbəbdən idxal olunan malların maya dəyərinin
və inflyasiyanın yüksəlməsini gözləmək olar,
"amma bəzi
şəxslərin proqnozlaşdırdığı iqtisadi çöküş baş
verməyəcək".
ABŞ prezidenti Donald Tramp aprelin sonunda iddia edirdi ki, dəniz
blokadası İranın neft ixracını tamamilə dayandırdığı üçün "ölkənin
bütün neft infrastrukturu partlayacaq". Amma ekspertlərin fikrincə,
Hörmüz boğazının blokadası Tehranı təslim olmağa və Vaşinqtonun
şərtləri ilə sülh sazişi imzalamağa vadar edə bilməyəcək.
Daxili istehsal və coğrafiya
İran rəsmiləri isə ABŞ embarqosunun ölkənin əsas mallar və ərzaq
təminatına ciddi təsir göstərmədiyini bildirirlər. Onlar daxili
istehsal potensialının yüksək olduğunu və alternativ idxal
marşrutlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayırlar.
Kənd təsərrüfatı naziri Qulamreza Nuri aprelin 21-də deyib ki,
blokadaya baxmayaraq, əsas malların və ərzaq məhsullarının
təminatında problem yoxdur. Nazir vurğulayıb ki, "ölkənin coğrafi
miqyası müxtəlif sərhəd keçidləri vasitəsilə idxalın davam
etdirilməsinə imkan yaradır".
Vaşinqtonda yerləşən "Defense Priorities" analitik mərkəzinin Yaxın
Şərq proqramının direktoru Rozmari Kelaniç də İranın coğrafi
mövqeyinin ABŞ dəniz blokadasının təsirini azaltdığını
vurğulayır.
Təxminən 90 milyon əhalisi olan İranın yeddi ölkə ilə 6 min
kilometrlik quru sərhədi var. 700 kilometrlik Xəzər dənizi sahili
isə Orta Asiya və Rusiyaya birbaşa çıxış imkanı verir.
"Qonşu ölkələrdən yük maşınları ilə malların
gətirilməsi kimi addımlar blokadanın yaratdığı çətinlikləri qismən
kompensasiya edə bilər. Həcm əvvəlki səviyyədə olmasa da, tranzit
xərcləri arta və idxal edilən malların çeşidi dəyişə bilər. Amma
müharibə iqtisadiyyatı şəraitində məhsulları alternativləri ilə
əvəzləməyin müxtəlif yolları var", – Kelaniç
bildirib.
Beynəlxalq hüquqa görə, hərbi blokadalar ərzaq və dərman təminatını
məhdudlaşdıra bilməz. ABŞ-nin İrana mülki təyinatlı yüklərin
daşınmasını qəsdən, yoxsa texniki səbəblərdən əngəllədiyi hələlik
məlum deyil. AzadlıqRadiosu məsələ ilə bağlı Ağ evə sorğu
ünvanlayıb.
Quru marşrutları
İranlı deputat İbrahim Nəcəfi
ötən ay bildirib ki, ölkəsi malların idxalı üçün Pakistan, Türkiyə,
Ermənistan və Azərbaycan üzərindən keçən quru yollarından, eləcə də
Xəzər dənizi marşrutundan istifadə edir.
Pakistan aprelin 25-dən limanlarını İrana gedən üçüncü ölkə yükləri
üçün açıb. Bəzi limanlardan İran sərhədinə doğru altı quru marşrutu
yaradılıb. Bu yollar vasitəsilə ilk növbədə düyü, ət və uşaq qidası
kimi zəruri məhsulların daşınması nəzərdə tutulur.
ABŞ blokadası aprelin 13-də qüvvəyə minib. O vaxtdan Pakistan
limanlarında İrana çatdırılmalı olan təxminən 3 min konteyner
yığılıb qalıb.
Kapıköy-Razi keçid məntəqəsi İranı Türkiyə ilə birləşdirir. Bu
tranzit dəhlizi Qərbi Asiyanı Avropa ilə bağlayır və iri ticarət
axınını təmin edir. Blokada başlayandan İranın bu marşrut üzrə
idxal həcmini artırıb-artırmadığı dəqiq deyil.
Rusiya Xəzər dənizi üzərindən İranın Bəndər-Ənzəli limanına
daşımaları yenidən aktivləşdirib. Bu liman martın 18-də İsrailin
hava zərbələrinə məruz qalmışdı. Media isə Moskva və Tehranın Xəzər
dənizindən sanksiyalı neft məhsulları və silah qaçaqmalçılığı üçün
istifadə etdiyini yazırdı.
Əmtəə və logistika üzrə analitik mərkəz olan 'Kpler' bildirib ki,
aprelin ortalarından bəri Rusiya, Qazaxıstan və Türkmənistandan
taxıl, qarğıdalı və günəbaxan yağı daşıyan 12-yə yaxın gəmi İranın
Xəzər limanlarına yollanıb.
{{AUDIO}}
Dəmir yolu ilə neft daşınması
İran neft ixracını davam etdirmək üçün də alternativ marşrutlar
axtarır.
ABŞ blokadası İranın dəniz yolu ilə neft ixracını ciddi şəkildə
pozsa da, onu tam dayandıra bilməyib. "Vortexa" və "Lloyd's List"
şirkətlərinin məlumatlarına görə, İranla əlaqəli bəzi tankerlər
dəniz blokadasından yayınaraq hərəkət edə biliblər.
Ekspertlər İranın bu vəziyyətə hələ azı iki ay tab gətirə
biləcəyini deyirlər. Belə ki, blokada qüvvəyə minənədək İranın
dənizdəki tankerlərində 130 milyon barel neft ehtiyatı var idi.
Buna baxmayaraq, Tehran alternativ marşrutların axtarışını davam
etdirir. İran Neft İxracatçıları Birliyinin sözçüsü Həmid
Hüseyninin sözlərinə görə, Tehran neftin dəmir yolu ilə Çinə ixracı
variantını nəzərdən keçirir. Çin İran neftinin təxminən 90 faizini
alır.
Mövcud dəmir yolu infrastrukturu İranı Çinin İvu və Sian şəhərləri
ilə bağlayır. 2014-cü ildə istifadəyə verilmiş
Qazaxıstan-Türkmənistan-İran dəhlizi 2025-ci ildə Çinin 10 min 400
kilometrlik strateji yük xəttinə inteqrasiya olunaraq daha da
genişləndirilib.
"Dəmir yolu vasitəsilə strateji baxımdan əhəmiyyətli
həcmdə yük daşına bilər, amma qısa müddət ərzində tanker
daşımalarını tam əvəzləyə bilməz", – Cons Hopkins
Universitetindən Hanke bildirib.
Təhlilçi Kelaniç isə qeyd edib ki, neftin dənizlə nəqli daha
səmərəli olsa da, İranın ABŞ embarqosundan yayınmaq üçün alternativ
quru yollarından istifadə imkanları mövcuddur:
"İran,
İraqın etdiyi kimi, nefti avtomobil yolları ilə daşıya bilər.
Vaxtilə İraq Hörmüz boğazından yan keçərək nefti Suriya ərazisi
üzərindən Aralıq dənizinə nəql edib".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.