İran həftələrdir bildirir ki, Hörmüz boğazından keçən beynəlxalq
gəmilərdən ödəniş tələb etmək hüququ var.
İran sahilləri yaxınlığında yerləşən Hörmüz dünya neft və
mayeləşdirilmiş qazının əsas marşrutlarından sayılır.
İndi isə Tehranın boğazın altından keçən fiber-optik xətlərin
operatoru olan qlobal texnologiya nəhənglərindən rüsum tələb etməsi
məsələsi gündəmə gəlib. Təklifi İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) ilə əlaqəli iki
agentlik irəli sürüb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə
başlayandan bəri Tehran Hörmüz boğazını faktiki olaraq bağlayıb.
Tehran bu strateji su yoluna görə suverenlik iddiası irəli sürsə
də, beynəlxalq ictimaiyyət bunu qəbul etmir.
Ekspertlər İranın sualtı kabellərə görə rüsum tələbini praktiki
layihədən daha çox, siyasi təzyiq və təhdid xarakterli gediş kimi
qiymətləndirirlər.
"Sualtı kabellərə kənar müdaxilə riski həmişə olub. Amma İran kimi
bir dövlətin bunu açıq şəkildə təhdid vasitəsinə çevirməsi
vəziyyətin ciddiliyini daha da artırır", – Londonda
yerləşən "NetBlocks" internet monitorinq qrupunun araşdırmalar üzrə
direktoru Işık Mater AzadlıqRadiosuna bildirib.
Kabellər kəsilərsə, nə baş verər?
Sualtı kabellərin böyük hissəsi "Google", "Meta", "Microsoft" və
"Amazon" kimi qlobal texnologiya nəhənglərinə məxsusdur və birbaşa
onlar tərəfindən idarə olunur. Bu infrastrukturlar Asiya ilə
Avropanı və Fars körfəzi regionunu birləşdirərək SWIFT
tranzaksiyalarını, bulud platformalarının məlumat axınını və ümumi
internet şəbəkəsini təmin edir. AzadlıqRadiosunun İran üzrə
jurnalisti Kian Şərifi qeyd edir ki, Hörmüz boğazından keçən sualtı
kabellər sıradan çıxarsa, bunun Asiya, Yaxın Şərq və Avropa əhalisi
üçün dərhal və genişmiqyaslı fəsadları ola bilər:
Striminq platformaları: Yayım xidmətləri tamamilə dayana və ya
ciddi ləngimələrlə üzləşə bilər;
Messencerlər: Mesajlaşma tətbiqlərinin fəaliyyəti iflic ola və ya
ötürmə sürəti kəskin azala bilər;
Rəqəmsal rabitə: Videozənglər və onlayn konfranslar tamamilə kəsilə
bilər;
Maliyyə sektoru: Onlayn bankçılıq sistemlərində və kart
ödənişlərində ciddi axsamalar yaranar;
Bulud texnologiyaları: Elektron poçt və korporativ iş platformaları
daxil olmaqla, bulud əsaslı xidmətlərin fəaliyyəti minimuma
enər.
İnternet provayderləri trafiki digər kabellər və ya peyklər
vasitəsilə yönləndirə bilər. Lakin alternativ xətlərin potensialı
məhdud olduğundan bu addım əlaqənin kəsilmədiyi bölgələrdə belə
internetin xeyli yavaşlamasına səbəb olar. Üstəlik, sualtı
infrastrukturun təmiri adətən həftələr, bəzən isə aylarla
çəkir.
Nə təklif olunur?
İranın "Tasnim" və "Fars" agentliklərinin yaydığı məlumatda qeyd
olunur ki, Tehran boğazdan keçən sualtı kabel şəbəkəsindən həm
gəlir əldə etməli, həm də onun üzərində suverenlik hüquqlarını
təsdiqləməlidir.
Təkliflərin hüquqi əsaslandırılması İranın imzaladığı, lakin
ratifikasiya etmədiyi BMT Dəniz Hüququ Konvensiyasına (UNCLOS)
söykənir. "Tasnim" iddia edir ki, konvensiyanın 34-cü maddəsi
yalnız gəmilərin boğazdan keçidinə icazə vermir, eyni zamanda İrana
dəniz dibi üzərində də söz sahibi olmaq haqqı tanıyır.
Hörmüz boğazının ən dar hissəsində İran və Omanın ərazi suları
kəsişir. Bu səbəbdən sualtı kabellər fiziki olaraq İranın iddia
etdiyi dəniz zonasında yerləşir. Agentliyin şərhinə görə, sözügedən
ərazidə icazəsiz kabel çəkilməsi "İran torpağının sualtı işğalı"
deməkdir və buna görə mütləq lisenziya alınmalı, rüsum
ödənilməlidir.
Təklif olunan gəlir modeli qismən Misir təcrübəsinə əsaslanır.
"Tasnim"in iddiasına görə, Misir Süveyş kanalından keçən sualtı
kabellərdən hər il yüz milyonlarla dollar gəlir əldə edir.
Bu arqumentlər əsaslıdırmı?
Ekspertlər bu hüquqi arqumentlərin ciddi zəif tərəflərinin olduğunu
bildirirlər.
Sahil dövlətləri öz ərazi suları altındakı dəniz dibi üzərində
suveren hüquqlara malikdir. Lakin "Tasnim" UNCLOS-un 79-cu
maddəsini nəzərdən qaçırır. Həmin maddə beynəlxalq rabitə
operatorlarının sualtı kabellər çəkmək və onlara texniki xidmət
göstərmək hüququna açıq şəkildə təminat verir.
"NetBlocks" qrupunun rəsmisi I.Materin sözlərinə görə, Misirlə
müqayisənin "hüquqi çəkisi olduqca məhduddur". Çünki Qahirə öz
ərazisində tranzit və sahilə çıxış nöqtələrini lisenziyalaşdırır –
və bu razılaşmalar tərəflər arasında könüllü şəkildə bağlanıb.
"İranın mövqeyi isə bu məsələdə daha zəifdir. Tehran
ərazi sularına nəzarət etsə də, sözügedən marşrutların əhəmiyyətli
hissəsinin hüquqi sahibi deyil", – o vurğulayıb.
ABŞ aprelin ortalarında Hörmüz boğazında dəniz blokadası tətbiq
edib. Bundan əvvəl isə İran boğazdan keçən kommersiya gəmilərindən
2 milyon dollara qədər ödəniş tələb edirdi, lakin həmin dövrdə
buradan onsuz da az sayda gəmi keçirdi. ABŞ blokadasından sonra isə
boğazda gəmilərin hərəkəti, demək olar ki, tamamilə dayanıb.
Digər tərəfdən, İran fevralın 28-dən etibarən ölkə daxilində
interneti kəsib və aprelin 8-də atəşkəs qüvvəyə mindikdən sonra da
bərpa etməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.