Siyasi məhbusların azad edilməsi müqabilində Azərbaycana Amerika silahları– “Atlantik Şura”nın təşəbbüsü
Nüfuzlu Amerika araşdırma mərkəzi “Atlantik Şura”nın (Atlantic Council) yeni təşəbbüsünə görə, ABŞ Azərbaycanla “böyük razılaşma” əldə etməlidir — siyasi məhbusların azad edilməsi müqabilində ona Amerika silahları almaq hüququ verməlidir.

“Atlantik Şura”nın izahına görə, bu silahlar əsasən Azərbaycanın sərhədlərinin qorunması, xüsusilə İran və Rusiya ilə olan sərhədlərin müdafiəsi üçün nəzərdə tutulacaq.

Araşdırma mərkəzi 10 may tarixində
tədqiqatçıların belə başlıqlı məqaləsini dərc edib: “İndi ABŞ-ın Azərbaycanla ‘böyük razılaşma’ bağlamasının vaxtıdır.”

Azərbaycan hakimiyyəti ölkədə “siyasi məhbusların” mövcudluğunu inkar edir və bu kimi ifadələrə sərt reaksiya verir.

“Belarus modeli”
Təşəbbüs müəlliflərinin sözlərinə görə, bu ideya ABŞ ilə Belarus arasında 2026-cı ildə əldə olunmuş razılaşmaya bənzəyir:

“Belarusda siyasi məhbusların azad olunması müqabilində hədəfli sanksiyaların yumşaldılması sayəsində Ağ Ev 500-dən çox insanın haqsız əsirlikdən azad edilməsinə nail oldu.”

“Cənubi Qafqazda Azərbaycanla buna bənzər bir razılaşma daha az risklə daha böyük fayda verə bilər”, – Atlantic Council-də dərc olunan məqalədə qeyd olunur.

Silah siyasi məhbuslar müqabilində
“Məhz bu ‘böyük razılaşmanı’ əldə etmək üçün Tramp administrasiyası Konqreslə birlikdə işləməlidir”, – müəlliflər yazır və izah edirlər:
  • Azərbaycan siyasi məhbusları, o cümlədən AzadlıqRadiosu və Amerikanın Səsinin jurnalistlərini azad etməlidir;
  • Bunun müqabilində ABŞ Azərbaycana tətbiq olunan qanunvericilik məhdudiyyətini aradan qaldırmalıdır. Həmin məhdudiyyət ABŞ-ın Azərbaycana silah satmasını və hərbi yardım göstərməsini qadağan edir.
907-ci bölmə
Bu məhdudiyyət ABŞ-ın “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsidir.

Həmin müddəa ABŞ hökumətinin Azərbaycan hökumətinə birbaşa yardım göstərməsini qadağan edir.
  • 2001-ci ildən 2023-cü ilə qədər ABŞ administrasiyası bu qadağanı hər il dayandırırdı və bununla faktiki olaraq Azərbaycana yardım göstərirdi.
  • 2024–2025-ci illərdə bu qadağa dayandırılmadı. Səbəb 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa etməsi və bunun fonunda Qarabağın demək olar ki, tamamilə etnik erməni əhalidən boşalması oldu. Bu qərarı Co Bayden administrasiyası vermişdi.
  • 2025-ci ilin avqustunda, ABŞ, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar fonunda ABŞ prezidenti Donald Tramp qadağanı yenidən dayandırmaq qərarı verdi.
Lakin qanunvericilik aktı kimi 907-ci bölmə hələ də qüvvədədir və onun tətbiqinin məhdudlaşdırılması hər il ayrıca qərar tələb edir.

“Atlantik Şura”nın təşəbbüsü ondan ibarətdir ki, Konqres 907-ci bölməni tamamilə ləğv etsin, beləliklə hər il bu məhdudiyyətin ayrıca dayandırılmasına ehtiyac qalmasın.

“İdeal vaxt”
Müəlliflərin fikrincə, hazırda belə bir razılaşma üçün ideal zamandır, çünki “qarşıdakı bir neçə ay unikal imkan yaradır”:
  • Ermənistan 7 iyunda parlament seçkiləri keçirir və Nikol Paşinyan yenidən seçilmək uğrunda mübarizədə Azərbaycanla sülh sazişinə skeptik yanaşan prorusiya partiyalarından ciddi müqavimətlə üzləşə bilər;
  • Kremlin Paşinyanın seçki kampaniyasını zəiflətmək məqsədilə genişmiqyaslı dezinformasiya əməliyyatı apardığı bildirilir;
  • Bakıda rəsmilər və ekspertlər hesab edirlər ki, Paşinyan iki ölkə arasında yekun rəsmi sülh sazişinin imzalanması üçün ən yaxşı fürsətdir və Bakı onun namizədliyini seçkilərdə qeyri-rəsmi şəkildə dəstəkləyə bilər;
  • “Paşinyanın prorusiya rəqiblərini sakitləşdirmək və sülh yolunu qorumaq üçün seçkidən əvvəl erməni məhbusların azad edilməsindən daha yaxşı yol nə ola bilər?”
Burada söhbət Azərbaycanda həbsdə olan etnik erməni məhbuslardan, o cümlədən Dağlıq Qarabağın tanınmamış respublikasının keçmiş yüksək vəzifəli şəxslərindən gedir. Onların arasında Ruben Vardanyan da var.

“Jurnalistlər”
“Azərbaycan ABŞ-a qarşılığında Ağ Evin yüksək qiymətləndirəcəyi bir addım təklif edə bilər”,
– müəlliflər yazır:

“Amerikalı rəsmilərin, senatorların və ekspertlərin haqsız yerə həbs olunmuş hesab etdiyi məhbusların azad edilməsi.”

Bu qrupa aşağıdakılar daxil ola bilər:
  • korrupsiyaya qarşı mübarizə aparan fəal Qubad İbadoğlu;
  • AzadlıqRadiosu və Amerikanın Səsinin jurnalistləri;
  • həmçinin etnik erməni məhbuslar.
Bundan əlavə, “Atlantik Şura” yazır ki, Belarusdan fərqli olaraq, ABŞ-ın Azərbaycanla bağlı maliyyə sanksiyalarını yumşaltmasına ehtiyac olmayacaq — bu isə Rusiyanın bundan faydalanmasının qarşısını alacaq.

“Sərhəd nəzarəti üçün”
“Məsələ yalnız ondan ibarətdir ki, ABŞ Azərbaycanın təhlükəsizlik sahəsində dəstəyini davam etdirmək hüququnu özündə saxlasın”, – müəlliflər bildirirlər.

Onlar həmçinin qeyd edirlər:
  • Hazırda ABŞ-ın Azərbaycana hərbi yardımı “çox azdır” — 2002-ci ildən bu günə qədər Vaşinqton Bakıya təxminən 80 milyon dollar dəyərində yardım göstərib;
  • Vitse-prezident Cey Di Vens 2026-cı ilin fevralında etdiyi səfər zamanı bir neçə dəniz patrul gəmisinin Azərbaycana veriləcəyini elan edib.
“Əgər 907-ci bölmə tamamilə ləğv olunsa, gələcəkdə ABŞ və Azərbaycan çoxillik təhlükəsizlik yardımı proqramları yarada bilər və bu yardımın həcmi də arta bilər”, – müəlliflər yazırlar.

Lakin onların fikrincə, bu yardım əsasən sərhəd nəzarəti və təhlükəsizliyə yönələcək, döyüş əməliyyatları üçün nəzərdə tutulmayacaq.

“Azərbaycan artıq hücum xarakterli imkanları Türkiyə və İsraildən, ABŞ şirkətlərinin Bakıya təklif edə biləcəyindən daha aşağı qiymətə əldə edir.

İranın və Rusiyanın cənub bölgələrinin daimi qeyri-sabitliyi şəraitində Azərbaycanın ölümcül silahlardan daha çox erkən xəbərdarlıq və sərhəd təhlükəsizliyi imkanlarına ehtiyacı var”,
– məqalədə qeyd olunur.

Təşəbbüsün müəllifləri “Atlantik Şura”nın Avrasiya Mərkəzinin assosiativ direktoru Endryu D’Anieri və həmin mərkəzin tədqiqatçısı Mersedes Sapupodur.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google