İran təyyarələrinin Ravalpindi yaxınlığındakı hərbi bazada
saxlanıldığı barədə məlumatlar yayılandan sonra Pakistanın
İran və ABŞ arasında vasitəçi rolu yenidən gündəmə gəlib. Bu məsələ
İslamabadın davam edən münaqişədəki balans siyasəti ilə bağlı
suallar doğurub.
Pakistan Xarici İşlər Nazirliyi (XİN) xəbərləri "yanıldıcı və
sensasiya xarakterli" adlandırıb, lakin İran təyyarələrinin Nur Xan
aviabazasında yerləşdirildiyini inkar etməyib. Nazirliyin
bəyanatında deyilir: "Pakistanda
saxlanılan İran təyyarələri
atəşkəs dövründə gəlib, hərbi fövqəladə plan və ya mühafizə
razılaşması ilə heç bir əlaqəsi yoxdur".
CBS telekanalı adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən mayın
11-də xəbər verib ki, Pakistan İranın hərbi təyyarələrinin öz
aerodromlarında saxlanmasına icazə verib – bu da onları potensial
ABŞ hava zərbələrindən qorumağa qadir ola bilər.
Respublikaçı senator Lindsi Qrem sosial mediada yazıb:
"Əgər bu məlumat doğrudursa, Pakistanın İran, ABŞ və
digər tərəflər arasında vasitəçi kimi oynadığı rola tamamilə
yenidən baxılmalıdır".
Ağ ev və ABŞ Dövlət Departamenti hələlik rəsmi mövqe
bildirməyib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə baş müxbiri Daud Xəttak
yazır ki, bu iddialar Vaşinqtonda illərdir davam edən mübahisəni
yenidən alovlandırıb: Pakistan həm ABŞ ilə yaxın təhlükəsizlik
əlaqələrini qoruyur, həm də Amerikanın rəqibləri ilə strateji
münasibətlərini davam etdirir?
ABŞ-nin rəhbərlik etdiyi "terrora qarşı müharibə" dövründə
amerikalı rəsmilər NATO üzvü olmayan müttəfiq kimi İslamabadı
"ikiüzlü oyun" oynamaqda suçlayırdılar.
Donald Tramp 2018-ci ildə bu gərginliyi daha da dərinləşdirərək
İslamabadı milyardlarla dollar ABŞ yardımı alaraq Əfqanıstandakı
silahlılara "təhlükəsiz sığınacaq" verməkdə günahlandırmışdı: "ABŞ
son 15 ildə Pakistana ağılsızcasına 33 milyard dollardan çox yardım
edib, əvəzində isə yalnız yalan və hiyləgərlik görüb. Onlar
liderlərimizi axmaq hesab ediblər".
Nobel jesti
Bununla belə, Trampın ikinci prezidentlik müddəti başlayandan
Pakistan onunla münasibətləri yaxşılaşdırmağa çalışıb. Baş nazir
Şahbaz Şərif xoşməramlı jest olaraq Trampı Nobel Sülh Mükafatına
namizəd göstərmək niyyətini açıqlayıb. Bunun səbəbi kimi Trampın
oktyabrda Yaxın Şərqdə HƏMAS-İsrail atəşkəsinin əldə edilməsindəki
rolunu göstərib. Bundan əvvəl də İslamabad Trampın
Hindistan-Pakistan atəşkəsinin təmin edilməsinə dəstəyini
alqışlamışdı.
Tramp da öz növbəsində Şərifi və Pakistan ordusunun baş komandanı
Asim Muniri dəfələrlə tərifləyib; Muniri bir dəfə "ən sevimli
feldmarşalım" adlandırıb.
Pakistanın İran və Əfqanıstanla ortaq sərhədi, Səudiyyə Ərəbistanı
ilə isə dərin müdafiə və dini əlaqələri var. Bu mürəkkəb balans
siyasəti ölkənin regional diplomatiyasını həmişə çətinləşdirib.
Təxminən 250 milyon əhalisi olan bu nüvə dövləti onilliklər boyu
müdafiə və iqtisadi ehtiyaclar baxımından ABŞ-yə arxalanıb, eyni
zamanda Çinlə strateji tərəfdaşlığını da qoruyub.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi kampaniyaya
başlayanda Pakistan münaqişədə vasitəçi rolunu üzərinə götürməklə
Tramp administrasiyası ilə əlaqələrini daha da möhkəmləndirib.
Müharibə başlayandan təxminən 40 gün sonra Pakistan "Epik Qəzəb"
əməliyyatını dayandırmağı xahiş edib. Bunun ardınca Tramp atəşkəs
elan edib. Bu addım İslamabadın əsas vasitəçilərdən biri kimi
nüfuzunu xeyli artırıb.
Geosiyasi "böyümə ağrıları"
Lakin Vaşinqtonla
uzun müddətdir mürəkkəb münasibətlər quran Pakistanın beynəlxalq
arenada daha çox görünməsi yeni çətinliklər də gətirib.
İslamabaddakı Strateji və Müasir Araşdırmalar Mərkəzindən Zahir
Şiqri deyir ki, Pakistanın coğrafiyası onu həmişə yolayrıcına
çevirib:
"Yolayrıcları nəqliyyata nəzarət etdiyiniz
zaman üstünlükdür, lakin xarici qüvvələr axının istiqamətini diktə
etməyə başlayanda yükə çevrilə bilər. Pakistanı Vaşinqton, Kabil və
Ər-Riyad eyni anda müxtəlif istiqamətlərə çəkir... Bu, mürəkkəb
strateji balanslaşdırma aktıdır".
Pakistanın beynəlxalq mövqeyini gücləndirən bu diplomatik gedişlər
eyni zamanda ölkənin regional prioritetlərinə dair müəyyən suallar
doğurub.
Zoha Vasim və Yasir Qureşi Karneqi Beynəlxalq Sülh Fondu üçün
yazdıqları məqalədə bildirirlər ki, dövlətlərin barışdırıcı rolunda
çox önə çıxması təhlükəli bir qumar kimidir. Çünki bu iş müsbət
başa çatsa belə, nəticənin nə olacağı bəlli deyil. Onların
fikrincə, hətta diplomatik uğur qazanılsa belə, bunun ölkəyə maddi
xeyir gətirəcəyi, xarici investisiyaları artırıb-artırmayacağı hələ
də böyük bir sual altındadır.
Taktiki rol
Pakistanın vasitəçilik fəaliyyəti Hindistanda da tənqidlərə yol
açıb: bəzi şərhçilər Nyu-Dehlinin niyə oxşar diplomatik rol
oynamadığını sual edirlər. Bu tənqidlərin arxasında iki Cənubi
Asiya qonşusu arasındakı tarixən gərgin münasibətlər və regiondakı
rəqabətli ambisiyalar dayanır.
Dehlidə yerləşən Siyasi Araşdırmalar Mərkəzinin strateji
tədqiqatlar professoru Brahma Çellani "X" platformasında yazıb:
"Tramp hər dəfə çətinliklər qarşısında geri çəkildikdə Pakistandan
sipər kimi istifadə edir".
London Kral Kollecinin eksperti, politoloq Ayişə Siddiqə
AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Pakistan strateqləri
Trampla yaxınlaşmanı ölkənin regional mövqeyini gücləndirmək imkanı
kimi görürlər. O, Pakistanın tarixən taktiki rol oynadığını
vurğulayır:
"Prezident Tramp atəşkəs əldə olunmasını,
onun müddətinin uzadılmasını və "Azadlıq Layihəsi"ndə fasilə
yaranmasını istəyirdi və bu məqsədlə Pakistandan yararlandı.
Pakistan da bu prosesdə alət olmağa hazır idi, çünki bu roldan həm
hərbi, həm də strateji dividendlər götürməyə
çalışır".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.