Son aylarda İranda internetin kəsilməsi ölkə tarixində ən uzun
sürən blokada sayılır.
İqtisadiyyata ağır zərbə vuran bu qadağaların əsas yükünü isə
qadınlar daşıyır.
Tehranda yaşayan yoqa müəllimi “Radio Fərda”ya deyib ki, internet
məhdudiyyətləri onun onlayn dərslərini dayandırıb, yeganə gəlir
mənbəyini əlindən alıb.
"Yeni-yeni ayaq üstə durmağı öyrənirdim, indi etibarlı VPN almağa
imkanım çatmır. Çox bahadır, doğru- düzgün işləmir",
– AzadlıqRadiosu İranda qadağan olduğundan gənc qadının adı
təhlükəsizlik səbəbindən açıqlanmır.
"Valideynlərimlə yaşadığıma görə şanslıyam. Amma
kirayəsini ödəyə bilməyən həmkarlarım var. Müharibə və internetin
kəsilməsi ilə bir çox insan üçün həyat dayanıb", –
deyən qadın rəqəmsal blokadanı "işgəncə" adlandırıb.
"İnternet aparteidi"
İranda son internet
blokadası fevralın 28-də, ABŞ və İsrailin ölkəyə hücumları
başlayanda tətbiq edilib. Aprelin 8-dən Vaşinqton və Tehran
arasında kövrək atəşkəs qüvvədədir, ancaq internetə çıxış hələ də
tam bərpa olunmayıb. Vətəndaşlar iki aydan çoxdur rəqəmsal
qaranlıqdadır; yalnız bahalı VPN ala bilənlər və ya dövlətin xüsusi
icazəsini əldə edənlərin internet olur.
"Müasir İranda Media və Hakimiyyət" kitabının müəllifi, media
tədqiqatçısı Emili Blout “Radio Fərda”ya danışır ki, cəmi altı ay
əvvəl milyonlarla iranlı qadın internetlə bizneslər qurmuşdu.
“Yanvarın 8-9-da (ölkədə kütləvi etirazlara qarşı)
qanlı repressiyalar, ABŞ ilə müharibə, yeni internet aparteidi
rejimi vaxtilə çiçəklənən həmin ekosistemə ağır zərbə vurub. Bir
zamanlar bir çox biznes üçün həyati əhəmiyyətli internetə indi
yalnız elit təbəqənin əli çatır", – o söyləyir.
Əmək nazirinin müavini Qolamhüseyn Məhəmmədi apreldə bildirib ki,
hökumətin hesablamalarına görə, müharibə nəticəsində 1 milyon iş
yeri itirilib, 2 milyon insan isə birbaşa və ya dolayı yolla işsiz
qalıb.
Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Bəhruz Azər də
internet kəsintilərinin qadınların "qeyri-rəsmi işlərini" xeyli
məhdudlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, əvvəlki 40 gün
ərzində daxil olan işsizlik sığortası müraciətlərinin təxminən üçdə
biri qadınlardan gəlib.
Rəsmilər İranda qadınların əmək bazarında iştirak səviyyəsinin 18
faiz olduğunu deyirlər. Amma bir çox qadın kiçik onlayn bizneslər
qurmuşdu. Onların böyük hissəsi indi gəlirini itirib. Onlayn
müəllimlər, psixoloqlar və fitnes təlimatçılarına da ciddi ziyan
dəyib. Nəşriyyat və tərcümə kimi internetdən asılı sahələrdə
çalışan qadınlar isə kütləvi ixtisarlarla üzləşiblər.
"Bu sahələrdə çoxlu qadın çalışırdı. İşlər çox həssas
olduğundan bir çoxu işsiz qaldı", – Tehrandan kitab
redaktoru qadın “Radio Fərda”ya bildirib. Təhlükəsizliyə görə adı
açıqlanmayan redaktorun özü həm reklam şirkətində, həm nəşriyyatda
çalışırmış. Hər iki qurum əməkdaşlarının 80 faizini, əksəriyyəti
qadın olmaqla ixtisar edib. Reklam şirkəti onu tamamilə işdən
çıxarıb, nəşriyyat isə maaşını yarıya endirib.
"Paralel əmək bazarı"
“Radio Fərda”dan Golnaz
İsfəndiyari və Hanna Kaviani yazırlar ki, zərbə yalnız şəhərdə orta
təbəqəyə dəyməyib. İranın şimal-qərbindəki Mərənd yaxınlığında
kənddə yaşayan Leyla ailəsini "Instagram" vasitəsilə satdığı ev
yeməkləri ilə dolandırırdı. Son beş ildə onlayn sadiq müştəri
bazası formalaşdırmışdı, özünü, həyat yoldaşını və 8 yaşlı uşağını
təmin edirdi.
Leyla "Atiye Online" saytına danışıb ki, bazarının böyük hissəsini
itirib, satışları isə demək olar ki, sıfıra düşüb:
"Müştərilərimin çoxu səhifəmi əvvəlki alıcıların
tövsiyəsi ilə tapırdı. İnternet blokadaları bu əlaqələri məhv etdi.
İndi heç olmasa, bir az satış edə bilim deyə VPN-lərə 5 milyon
tümən (təxminən 40 dollar) xərcləməli oluram".
İtaliyanın Turin şəhərində yaşayan tədqiqatçı Əzəm Bəhrami “Radio
Fərda”ya bildirib ki, internet xüsusilə kiçik şəhər və kəndlərdə
yaşayan qadınlar üçün həyat arteriyası idi:
"İnternet
qadınlar üçün paralel əmək bazarı yaratmışdı, onlara məlumat əldə
etmək, evdən işləmək, eyni zamanda övladlarına və yaşlılara baxmaq
imkanı verirdi".
Sosioloq Simin Kazemi ixtisarların qadınlara qeyri-mütənasib
təsirini dərin gender stereotipləri ilə izah edib.
"Qadınların məşğulluğunu kişilərinki qədər vacib
saymırlar deyə ixtisarlar zamanı əsas qurban qadınlar olur.
Kollektiv düşüncə qadınları hələ də ailənin əsas gəlir gətirəni
kimi qəbul etmir", – o, ILNA agentliyinə
müsahibəsində bildirib. Kazemi onu da qeyd edib ki, İrandakı
ailələrin 22,5 faizinə qadınlar rəhbərlik edir və həmin ailələr
ölkənin ən həssas təbəqələri arasındadır.
"Qadın işsizliyi böyük sosial problem kimi qəbul
edilmir, normal hal kimi qarşılanır. Səbəb isə qadın məşğulluğunun
özünün vacib sayılmamasıdır", – o əlavə edir.
Kazemi xəbərdarlıq edib ki, xüsusilə ailə başçısı olan qadınlar
arasında işsizliyin artması əhalinin böyük hissəsini ifrat
yoxsulluğa sürükləyə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.