ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin mayın 15-də
Pekində keçirilən sammiti yekunlaşdırıblar. Liderlərin görüşü
Çin Kommunist Partiyasının ciddi mühafizə olunan Çjunnanhay
kompleksində baş tutub.
Sinin yanında əyləşən Tramp jurnalistlərə açıqlamasında deyib:
"Biz İranı da müzakirə etdik. Bu məsələnin necə
nəticələnməsi ilə bağlı mövqelərimiz çox oxşardır. Biz onların nüvə
silahı əldə etməsini istəmirik, Hörmüz boğazının açıq qalmasının
tərəfdarıyıq".
Fevralın 28-də ABŞ və İsrailin hava hücumlarına məruz qalan Tehran
cavab olaraq strateji Hörmüz boğazını faktiki bağlayıb və bəzi
gəmilərdən 2 milyon dollaradək keçid rüsumu tələb etməyə başlayıb.
Vaşinqton isə İrana gedən və oradan gələn bütün dəniz nəqliyyatını
tam blokadaya alıb.
İrandakı müharibə sammitin gündəliyini sürətlə dəyişdirib. Əsasən
ticarət və texnologiya məsələlərinə həsr olunması gözlənilən görüş
münaqişənin daha geniş iqtisadi və geosiyasi fəsadlarının idarə
olunmasına yönəlib. Vaşinqton Pekindən Tehrana təsir imkanlarını
işə salaraq müharibənin bitməsinə yardım etməsini istəyir. Çin isə
İranla yaxın münasibətlərini enerji təchizatı və qlobal iqtisadi
artımla bağlı narahatlıqları arasında balanslaşdırmağa çalışır.
"İran məsələsində az-çox razılıq var"
Çin Xarici İşlər Nazirliyi mayın 15-də bildirib ki, Pekin İranla
bağlı kövrək atəşkəsin davam etdirilməsini dəstəkləyir və
müharibəni bitirmək üçün "yorulmadan çalışır". Nazirlik gələcək
sülh danışıqlarında "konstruktiv rol" oynamaq istədiyini bəyan
edib. Açıqlamada dəniz marşrutlarının mümkün qədər tez açılması
çağırışı da yer alıb ki, bu da birbaşa Hörmüz boğazına işarə kimi
dəyərləndirilir.
"Pekin razılaşdı ki, Hörmüz boğazı açıq qalmalı və İran
nüvə silahı əldə etməməlidir. Bu ritorik öhdəliklər Çinə çox da
baha başa gəlmir. Əsas məsələ Pekinin Tehrana təzyiq göstərməsi,
Çin şirkətlərinin İrandan neft alışını məhdudlaşdırması və
Vaşinqtonla ümumi bəyanatları konkret nəticələrə
çevirməsidir", - Demokratiyaların Müdafiəsi Fondundan
Kreyq Sinqlton AzadlıqRadiosuna bildirib.
Bununla belə, Pekin Vaşinqtonu birbaşa tənqid etməkdən yayınır və
özünü diplomatiya ilə regional sabitliyin tərəfdarı kimi
göstərir.
Çikaqo Universitetinin Çin siyasəti üzrə professoru Dali Yan
AzadlıqRadiosuna açıqlamasında deyib:
"Yaxın Şərqdə
vəziyyətin sakitləşməsi Çinin öz maraqlarına uyğundur. Strateji
baxımdan düşünürəm ki, İran məsələsində az-çox razılıq var, Çin
açıq şəkildə müharibəyə qarşı olduğunu nümayiş
etdirir".
Çin İran neftinin ən böyük alıcısı və Tehranın əsas iqtisadi
tərəfdaşlarından biridir. Bununla yanaşı, Pekin təchizat
zəncirlərini daha da poza və qlobal tələbi zəiflədə biləcək
uzunmüddətli münaqişədən qaçmaqda maraqlıdır.
İsti ritorika, lakin az irəliləyiş
Təhlilçilərin fikrincə, isti ritorikaya baxmayaraq, sammit hələlik
ciddi praktiki nəticələr verməyib və iki ölkə arasındakı rəqabətin
miqyasını bir daha nümayiş etdirib.
Sinqlton vurğulayır:
"Tramp öz ölkəsində göstərmək üçün
az da olsa müəyyən irəliləyişlər əldə edir. Si isə Pekinə lazım
olan sabitliyin əsasını qoyur, eyni zamanda əldə etdiyi rıçaqları
qoruyur. Hər iki tərəf rəqabətin əsas şərtlərini dəyişdirmədən
prosesi idarə etməyə çalışır".
Vaşinqton və Pekin arasında uzunmüddətli rəqabəti körükləyən bir
çox məsələ isə hələ də həll olunmamış qalır. Bunlara qabaqcıl
texnologiyalara tətbiq edilən ixrac qadağaları, nadir torpaq
metalları ilə bağlı məhdudiyyətlər və Tayvan məsələsi daxildir.
Si danışıqların ilk günündə Trampa xəbərdarlıq edib ki, Tayvan
məsələsi düzgün idarə olunmasa, birbaşa qarşıdurma nöqtəsinə qədər
gəlib çıxa bilər.
"Sammit sabitləşdirici ton yaradır. Amma bundan sonra, xüsusilə
çətin məsələlər üzrə nə baş verəcəyi əsasən hər iki ölkədəki daxili
siyasətdən, həmçinin İran və Ukrayna kimi münaqişələrin
gedişatından asılı olacaq", - Corc Meyson
Universitetinin dosenti Ketyan Çjan AzadlıqRadiosuna şərhində
bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.