Hamid Əli Şah Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) milli dəmiryol
şəbəkəsinin operatoru olan "Etihad Rail" şirkətində çalışır.
Aprelin əvvəlində rəhbərlik ona polis bölməsinə yollanmağı
tapşırıb. Orada bir neçə saat dindirilən və bir neçə gün saxlanılan
mühəndis sonda vətəni Pakistana deportasiya edilib.
"Zəng gələndə növbədə idim. İki saatlıq dindirmədən
sonra məni daha 13 nəfərlə birgə mikroavtobusa mindirib miqrasiya
təcridxanasına apardılar. Aprelin 6-da isə təyyarə ilə BƏƏ-dən
çıxardılar", – deyə Şah AzadlıqRadiosuna başına
gələnləri danışıb.
Pakistanlı deputatın və yerli medianın yaydığı məlumata görə, ABŞ
və İsrail fevralın 28-də İrana qarşı hava hücumlarına başlayandan
bəri minlərlə pakistanlı oxşar aqibətlə üzləşərək BƏƏ-dən
çıxarılıb.
Deportasiya edilənlər əsasən sünni çoxluqlu Pakistandakı 35
milyonluq şiə icmasının nümayəndələridir. Bu icmanın regional şiə
gücü olan İranla sıx mənəvi-mədəni bağları var. Tehran isə
müharibəyə cavab olaraq ABŞ və İsrailin Körfəzdəki müttəfiqlərinə,
xüsusən də BƏƏ-yə yüzlərlə dron və raket zərbəsi endirib.
Sülh danışıqlarında əsas vasitəçilərdən sayılan Pakistan uzun
illərdir BƏƏ-nin yaxın tərəfdaşı olub. Lakin İslamabadın
Əbu-Dabinin rəqibi Səudiyyə Ərəbistanı ilə ittifaqını gücləndirməsi
sonradan tərəflər arasında gərginliyə yol açıb.
"BƏƏ-də belə bir təsəvvür yaranıb ki..."
Hazırda BƏƏ-də təxminən 2 milyon pakistanlı miqrant fəaliyyət
göstərir. Onlar hər il vətənlərinə milyardlarla dollar vəsait
göndərməklə son illər dərin iqtisadi böhran keçirən Pakistanda
minlərlə aztəminatlı ailənin dolanışığına dayaq olurlar.
"Görünür, BƏƏ-də çalışan pakistanlı şiələr iki ölkə
arasında artan siyasi gərginliyin qurbanı, "günah keçisi"
olublar", – Vaşinqtondakı Atlantik Şurasının baş elmi
işçisi Maykl Kuqelman vəziyyəti şərh edərkən bildirib.
"Əmirliklərdə belə bir rəy formalaşıb ki, Pakistan
İrana həddən artıq yaxınlaşır, xüsusilə müharibədə vasitəçilik
missiyasını öz üzərinə götürməyə çalışdığı bir vaxtda rəsmi Tehrana
daha çox rəğbət nümayiş etdirir", – deyə ekspert
əlavə edib.
AzadlıqRadiosu son həftələrdə BƏƏ-dən deportasiya olunmuş onlarla
pakistanlı ilə həmsöhbət olub. Onların əksəriyyəti heç bir
xəbərdarlıq edilmədən, rəsmi dinləmə və məhkəmə hüququ tanınmadan
ölkədən qovulduqlarını bildirirlər. Digərləri isə Pakistanda
məzuniyyətdə olduqları zaman viza və iş icazələrinin ləğv
edildiyini öyrəniblər.
Dubay Yollar və Nəqliyyat İdarəsində (RTA) 15 il işləyən Rizvan
Heydər də eyni problemlə qarşılaşıb. O, İran müharibəsindən az öncə
Pakistanın şimal-qərbindəki doğma Paraçinar şəhərinə məzuniyyətə
yollanıb. Lakin BƏƏ-yə qayıtmağına bircə gün qalmış vizasının ləğv
olunduğunu öyrənib:
"Dərhal menecerimlə əlaqə saxladım.
O, vizamın və iş icazəmin ləğv edildiyini, artıq idarədə
çalışmadığımı bildirdi".
Rəsmilər nə deyirlər
BƏƏ tərəfi kütləvi deportasiyalarla bağlı hələlik heç bir rəsmi
açıqlama verməyib. AzadlıqRadiosunun mövzu ilə bağlı həm BƏƏ, həm
də Pakistan Xarici İşlər nazirliklərinə ünvanladığı sorğular
cavabsız qalıb.
Pakistan Daxili İşlər Nazirliyi isə vətəndaşlarının BƏƏ-dən
qovulması faktını rədd edir. Qurumun mayın 8-də yaydığı bəyanatda
vurğulanır ki, "heç bir ölkədən, o cümlədən BƏƏ-dən pakistanlıların
milliyyət və ya məzhəb amilinə görə deportasiyası aparılmır".
Buna baxmayaraq, Pakistanın əsas hüquq-mühafizə orqanı — Federal
Təhqiqat Agentliyinin (FTA) rəsmisi AzadlıqRadiosuna son həftələrdə
böyük bir deportasiya dalğasının yaşandığını təsdiqləyib.
Pakistanın şimal-qərb bölgəsini təmsil edən deputat Şer Əfzəl
Mərvət mayın 14-də jurnalistlərə açıqlamasında təkcə Paraçinar
şəhərindən olan 8 minə yaxın miqrantın ölkəyə geri göndərildiyini
deyib.
"Xarici İşlər Nazirliyi gerçəkləri gizlətməklə yalan
danışır. Mən BƏƏ-də olanda çoxlu pakistanlı ilə görüşdüm. Taksi
sürücüsündən tutmuş iş adamına qədər — adı Həsən, Hüseyn, Əli olan
kim varsa, hamısı deportasiya edilir", – deyə Mərvət
BƏƏ-yə səfərindən sonra vurğulayıb.
"Tamamilə normal"
Pakistanın daxili işlər naziri Tallal Çaudri mayın 14-də
parlamentdəki çıxışı zamanı ölkəsinin BƏƏ ilə münasibətlərini
"tamamilə normal" kimi qiymətləndirib.
Lakin AzadlıqRadiosunun jurnalisti Daud Xattak gərginliyin aylardır
pərdəarxası böyüdüyünü yazır. Belə ki, keçən ay Əbu-Dabi
administrasiyası İslamabada ayırmağı planlaşdırdığı 3.5 milyard
dollarlıq krediti qəfil ləğv edib.
Ekspertlərin fikrincə, Pakistanla Səudiyyə Ərəbistanının 2025-ci
ilin sentyabrında strateji qarşılıqlı müdafiə sazişi imzalaması
münasibətlərdə dönüş nöqtəsinə çevrilib. Bu hadisə həm də BƏƏ ilə
Səudiyyə Ərəbistanı arasındakı rəqabətin kəskinləşdiyi dövrə
təsadüf edir.
Təhlilçilər ABŞ və İsrailin İrana qarşı müharibəsinin Pakistan-BƏƏ
xəttindəki gərginliyi pik həddə çatdırdığını qeyd edirlər.
"Əbu-Dabi Ər-Riyadla münasibətlərinin pisləşdiyi bir
vaxtda Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi ittifaqı
gücləndirməsindən ciddi narahatdır. Üstəlik, BƏƏ hesab edir ki,
İslamabad İranın Əmirliklərə endirdiyi raket zərbələrinə olduqca
yumşaq reaksiya verib", – deyə Kuqelman bildirib.
Pakistanlı siyasi şərhçi Həmid Mir isə münasibətlərin korlanmasının
hər iki tərəf üçün ciddi itki olduğunu vurğulayır:
"İşçilərin kütləvi şəkildə geri göndərilməsi qısa
müddətdə Pakistan iqtisadiyyatına ağır zərbə vuracaq. Lakin
uzunmüddətli perspektivdə bu proses BƏƏ-nin özünə də mənfi təsir
edəcək, çünki ölkədə ixtisaslı işçi qüvvəsi çatışmazlığı
yaranacaq".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.