Niderland Ermənistana Avropa bazarında gül satışına kömək edəcək
12:06 / 08.06.2026
Niderland Ermənistanın gül istehsalçılarının Avropa İttifaqı (Aİ)
bazarına çıxışını dəstəkləyəcək.
Bunu Niderlandın xarici işlər naziri Tom Berendsen "X" sosial
şəbəkə hesabında paylaşıb.
Nazir qeyd edib ki, gülçülük üzrə "Royal FloraHolland" konsorsiumu
erməni istehsalçılarına öz ticarət platformasına, həmçinin Aİ və
onun hüdudlarından kənardakı alıcılar şəbəkəsinə çıxış imkanı
verəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də kənd təsərrüfatı
məhsullarının Ermənistandan Avropa İttifaqına gömrük rüsumu olmadan
ixrac ediləcəyini bildirib. Artıq iyunun 6-da
Ermənistandan
qızılgüllərdən ibarət ilk partiya Latviyaya çatdırılıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyunun 4-də
Brüsselin Ermənistan üçün ilkin mərhələdə ən azı 50 milyon avro
həcmində maliyyə yardımı paketi hazırladığını bəyan edib. Bu addıma
Moskvanın Yerevana tətbiq etdiyi ticarət məhdudiyyətləri səbəb
olub.
Bundan əvvəl Rusiya hakimiyyəti Yerevanın Aİ ilə yaxınlaşmasına
cavab olaraq Ermənistandan tərəvəz, meyvə, quru meyvə, balıq və
balıq məhsulları, gül, "Cermuk" mineral suyu və alkoqollu içkilərin
idxalını qadağan etmişdi. Paşinyan isə cavabında Yerevanın Rusiyaya
ixracı qadağan edilən məhsulları alternativ olaraq Aİ bazarına
yönəldəcəyini vurğulayıb.
4 iyun
Avropa İttifaqı Ermənistana 50 milyon avroluq yardım paketi
hazırlayır
Avropa İttifaqı (Aİ) Ermənistan üçün maliyyə yardımı paketi
hazırlayır. İlkin mərhələdə yardımın həcmi ən azı 50 milyon avro
olacaq. Bu barədə iyunun 4-də Avropa Komissiyasının sədri Ursula
fon der Lyayen məlumat verib.
"Reuters" agentliyi yazır ki, bu qərarın səbəbi Rusiyanın
Ermənistana qarşı tətbiq etdiyi ticarət məhdudiyyətləridir. Fon der
Lyayen həmin tədbirləri "iqtisadi məcburetmə" adlandırıb və onların
qəbuledilməz olduğunu bildirib.
Komissiya sədri qeyd edib ki, bir gün əvvəl Ermənistanın baş naziri
Nikol Paşinyan ilə danışıqlar aparıb.
"Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini
uzatmaqla iqtisadi münasibətlərdən siyasi təzyiq vasitəsi kimi
istifadə edir. Biz bu taktikanı çox yaxşı tanıyırıq. Məhz buna görə
Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Aİ xüsusi dəstək paketi
hazırlayır", – fon der Lyayen bildirib.
Rusiya Yerevanın Aİ ilə yaxınlaşmasına cavab olaraq Ermənistandan
Rusiyaya müxtəlif tərəvəzlərin, meyvələrin, balıq və balıq
məhsullarının, güllərin, "Cermuk" mineral suyunun və spirtli
içkilərin idxalını qadağan edib.
Paşinyan buna cavab olaraq bildirib ki, Yerevan Rusiyaya ixracı
qadağan olunan məhsulları Aİ bazarına çıxaracaq.
2 iyun
Aİ Ermənistan üçün bazarlarını açır
Avropa İttifaqı (Aİ) iyunun 2-də Ermənistan hökumətinə Rusiyanın
artan iqtisadi təzyiqi ilə bağlı daha çox yardım vəd edib.
Yerevanın Aİ-yə üzvlük istəyinə cavab olaraq, xüsusilə iyunun 7-də
keçiriləcək parlament seçkiləri ərəfəsində Moskva təzyiqləri
gücləndirib və Ermənistandan idxalı əsasən qadağan edib.
Bu vəziyyətdə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər
Aİ-Ermənistan ticarətini artırmaq üçün xüsusi mexanizmləri də
müzakirə ediblər. Kos Rusiyanın artan iqtisadi təzyiqi qarşısında
Aİ-nin Ermənistanla həmrəyliyini bir daha vurğulayıb.
Komissar sosial şəbəkə X-də yazıb: "Biz qısa müddətdə Aİ-nin
Ermənistana dəstəyini artırmağın yollarını axtarırıq. Həmçinin
Cənubi Qafqazla və region daxilində ticarət, eləcə də enerji
əlaqələrini gücləndirmək, Ermənistanın yaxın qonşuluğu ilə iqtisadi
əlaqələrini dəstəkləmək üçün işimizi sürətləndirəcəyik".
Azadlıq Radiosunun erməni xidmətinin xatırlatdığına görə, Aİ-nin
iki yüksək vəzifəli rəsmisi – Antoniu Koşta və Ursula fon der
Lyayen mayın 5-də Yerevanda keçirilən Avropa Siyasi Birliyi
sammitindən bir gün sonra baş nazir Nikol Paşinyanla görüşdə
Ermənistana əlavə iqtisadi yardım vəd etməmişdilər. Moskva bu
toplantılara qəzəblə reaksiya verərək Paşinyan hökumətini Rusiya
əleyhinə Aİ-nin tərəfini tutmaqda ittiham etmişdi.
Rusiyanın qadağaları
Rusiya prezidenti Vladimir Putin mayın 9-da bildirib ki, Yerevan
mümkün qədər tez seçim etməlidir: ya Aİ üzvlüyünə doğru
irəliləməli, ya da Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi
İttifaqında (Aİİ) qalmalıdır. Sonuncu blok Ermənistan
ixracatçılarının Rusiya bazarına gömrük rüsumları olmadan çıxışını
təmin edir. Bu bəyanatdan təxminən iki həftə sonra Rusiya
hakimiyyəti Ermənistandan kənd təsərrüfatı məhsullarının, mineral
suların və spirtli içkilərin idxalını qadağan etməyə başlayıb.
Ötən il Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı
35.8 faiz, Aİ-nin payı isə 11.7 faiz təşkil edib. Rusiyanın
embarqosu bir çox erməni fermerlərinə, aqrobiznes firmalarına və
spirtli içki istehsalçılarına xüsusilə ağır zərbə vura bilər.
Baş nazir N.Paşinyan iyunun 2-də keçirilən seçki mitinqində
istehsalçıları sakitləşdirməyə çalışıb. O, hökumətin artıq Avropada
onlar üçün yeni ixrac bazarları tapdığını bildirsə də, detallar
barədə danışmayıb.
Seçkilərdə iştirak edən üç əsas müxalifət qrupundan birinin lideri,
keçmiş prezident Robert Koçaryan Paşinyanın vədlərini rədd edib:
"Avropalı fermerlər heç kimi öz bazarlarına buraxmırlar. Rusiya isə
Ermənistanın Avropa İttifaqına gedən yolunu maliyyələşdirməyə hazır
olmadığını nümayiş etdirir".
Aİ-dən Yerevana güzəştli ticarət şərtləri
gözlənilir
AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən xəbər verir ki,
Avropa Komissiyasının prezidenti fon der Lyayen və Paşinyan bu gün
– iyunun 3-də Aİ-nin Ermənistana dəstəyini müzakirə etmək üçün
telefonla danışacaqlar. Məlumata görə, Aİ Yerevana maliyyə yardımı
göstərməyə hazırlaşır, lakin onun dəqiq məbləği hələ müəyyən
edilməyib.
Eyni mənbələrin bildirdiyinə görə, maliyyə yardımından əlavə,
Brüssel Ermənistan üçün ticarət sektorunda güzəştli şərtlər
yaratmaq niyyətindədir. Söhbət Muxtar Ticarət Tədbirlərindən (MTT)
gedir. Bu rejim Ermənistandan bəzi məhsulların Avropa bazarına
gömrük rüsumları və kvotalar olmadan daxil olmasını nəzərdə
tutur.
Belə bir rejim Rusiyanın genişmiqyaslı işğalından aylar sonra,
2022-ci ilin iyununda Ukraynaya münasibətdə tətbiq edilib. Moldova
isə 2008-ci ildən Muxtar Ticarət Tədbirlərindən istifadə edir.
2014-cü ildə Rusiya Moldova şərablarının, meyvələrinin və ət
məhsullarının idxalını qadağan edəndə Aİ bu imtiyazları daha da
genişləndirmişdi.
Ermənistan hökuməti illər əvvəl Brüssel ilə bu güzəştli rejimlə
bağlı danışıqlara başlayıb. Ölkənin iqtisadiyyat naziri Gevorq
Papoyan 2024-cü ildə bildirmişdi ki, "müzakirələr asan getmir".
İndi isə Avropa Komissiyasının bu istiqamətdə konkret addım atmağı
planlaşdırdığı bildirilir.
“Azatutyun” qeyd edir ki, Muxtar Ticarət Tədbirlərinin tətbiqi
təsdiqlənərsə, Avropa standartlarına cavab verən erməni məhsulları
450 milyon istehlakçısı olan Aİ bazarına birbaşa daxil ola
biləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.