"Gürcü Arzusu" hökumətinin başçısı İrakli Kobaxidze ATƏT
Parlament Assambleyasının (OSCE PA) "Haaqa Bəyannaməsi"ni, o
cümlədən Gürcüstanla bağlı tənqidi müddəaları qəbul etməsini "dərin
dövlət" (Deep State) ilə əlaqələndirib.
O həmçinin bildirib ki, ATƏT Parlament Assambleyası ilə ikitərəfli
əməkdaşlığın gələcək taleyi məhz bu qurumun özündən asılı
olacaq.
2026-cı il 13 iyul, bazar ertəsi hökumət administrasiyasında
keçirdiyi brifinqə İrakli
Kobaxidze bu sözlərlə başlayıb:
"Məşhur bir deyim var: 'Peterin Pavel haqqında
dedikləri Paveldən çox Peter haqqında danışır.' Bu ifadə ATƏT
Parlament Assambleyasının bir neçə gün əvvəl qəbul etdiyi absurd
qətnaməni ən yaxşı şəkildə xarakterizə edir."
"Dərin dövlət"
Daha sonra Kobaxidze partiyasının və milyarder sabiq baş nazir
Bidzina İvanişvilinin uzun müddətdir irəli sürdüyü "dərin dövlət"
(əvvəllər "qlobal müharibə partiyası" adlandırılırdı) nəzəriyyəsi
barədə geniş danışaraq bildirib:
"Qeyri-rəsmi oliqarxik təsirlər altında fəaliyyət
göstərən digər Avropa institutları kimi, artıq ATƏT-i də açıq
şəkildə bu prosesə cəlb ediblər. Məqsəd əsassız və biabırçı
ittihamlar, sanksiyalar, təzyiq və şantaj vasitələri ilə
Gürcüstanda hakimiyyəti dəyişmək və onu 'dərin dövlət'in itaətkar
agenturası ilə əvəz etməkdir."
Kobaxidze Parlament Assambleyasının bəyannaməni qəbul etməsindən
beş gün sonra xüsusi brifinq keçirərək bu məsələyə münasibət
bildirib. Bundan əvvəl isə "Gürcü Arzusu"nun bir sıra digər
liderləri də bəyannaməni kəskin tənqid etmişdilər.
İyulun 8-də ATƏT Parlament Assambleyasının (OSCE PA) 33-cü illik
plenar sessiyasında "Haaqa Bəyannaməsi" qəbul edilib. Bəyannamədə
Gürcüstanla bağlı qeyd olunur ki, Parlament Assambleyası üzv
dövlətləri və beynəlxalq ictimaiyyəti belə çağırır:
"Etibarlı yerli və beynəlxalq müşahidə missiyaları
tərəfindən azad, ədalətli və demokratik kimi qiymətləndirilməyən
Gürcüstanda keçirilmiş istənilən seçkinin nəticələrini tanımaqdan
çəkinməyə."
"Bu, onların özündən asılıdır"
Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalmış "İmedi"
televiziya kanalının jurnalistinin ATƏT Parlament Assambleyası ilə
əməkdaşlığın gələcəkdə necə davam edəcəyi barədə sualını
cavablandıran Kobaxidze bildirib:
"Əməkdaşlıq davam edəcək. Lakin bu əməkdaşlığın
səviyyəsi ATƏT Parlament Assambleyasının öz fəaliyyətini necə davam
etdirəcəyindən asılı olacaq – Co Uilson səviyyəsində qalacaq, yoxsa
Co Uilson səviyyəsindən yuxarı qalxacaq."
O əlavə edib:
"Görək proseslər necə davam edəcək."
İrakli Kobaxidze bunu ötən həftə keçirilən brifinqdə bəyan
edib.
Siyasətçilərin qiymətləndirmələri
Müxalifət nümayəndələrinin bir hissəsi isə bəyan edib ki, "Gürcü
Arzusu" tənqidi müzakirələrdən "quyruğunu qısıb qaçdı" və Rusiyanı
tənqid etmək üçün mühüm beynəlxalq platformadan istifadə etmək
əvəzinə, onun fəaliyyətini sabotaj etdi.
"Gürcü Arzusu"nun liderlərindən Şalva Papuaşvili isə Gürcüstanla
bağlı tənqidi müddəaların qəbul edilməsini "beynəlxalq nizamın
sonunun nümunəsi" adlandırıb.
Müxalif "Lelo/Güclü Gürcüstan" partiyasının liderlərindən Qriqol
Qeqelia hakim komandanın qərarını "qaçış" kimi qiymətləndirib.
Qeqelia bildirib:
"Onlar (“Gürcü arzusu” nümayəndələri) bir daha qaçdılar
– bu dəfə ATƏT Parlament Assambleyasının iclas zalından. Ötən il
Avropa Şurası Parlament Assambleyasının zalından, ondan əvvəl isə
Avropa Parlamentinin zalından qaçdıqları
kimi."
Keçmiş baş nazir, "Gürcüstan naminə" partiyasının lideri Qiorqi
Qaxaria isə Almaniyadan X platformasında hadisəyə münasibət
bildirərək yazıb:
"Rusiya işğal olunmuş Tsxinvali bölgəsində ilhaq
proseslərini sürətləndirdiyi bir vaxtda, 'Gürcü Arzusu'
təhlükəsizlik baxımından ən mühüm platformanı müttəfiqlərimizi
səfərbər etmək əvəzinə sabotaj edir. Bu, Gürcüstanın milli
təhlükəsizliyinə və həyati maraqlarına vurulan ağır və birbaşa
zərbədir."
"Haaqa Bəyannaməsi"ndə Gürcüstanla bağlı əsas məqamlar
• ATƏT Parlament Assambleyası "Haaqa Bəyannaməsi"ndə Gürcüstanda
demokratiyanın geriləməsi və 2024-cü il seçkilərindən sonra baş
verən hadisələrlə bağlı ciddi narahatlığını ifadə edib.
• Sənəd etirazçılara, müxalifətə və mediaya qarşı təzyiqləri
pisləyir, hakimiyyəti siyasi təqiblərə son qoymağa, özbaşına
saxlanılan şəxsləri azad etməyə, zorakılıq və işgəncə ilə bağlı
bütün halları araşdırmağa, həmçinin ATƏT-in "Moskva Mexanizmi" üzrə
2026-cı il hesabatının tövsiyələrini tam yerinə yetirməyə
çağırır.
• Bəyannamə eyni zamanda Gürcüstanın suverenliyi və ərazi
bütövlüyünə dəstəyi bir daha təsdiqləyir və Rusiyanın Abxaziya ilə
Tsxinvali regionunu/Cənubi Osetiyanı işğal etməsini pisləyir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.