ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazının
"qoruyucu mələyi" ola bilər.
Bu bəyanat Fars körfəzi regionunda yeni hava hücumları fonunda
səslənib.
Tramp iyulun 13-də “Fox News” telekanalına telefonla müsahibəsində
deyib ki, əgər ABŞ Hörmüz boğazına nəzarəti üzərinə götürərsə,
bunun əvəzində kompensasiya almalıdır. Dinc dövrdə dünyada enerji
daşımalarının təxminən beşdə biri Hörmüzdən keçib və boğaz
hazırda
münaqişənin əsas cəbhələrindən birinə çevrilib.
"Biz boğazı qoruyacağıq və yəqin ki, onu idarə də
edəcəyik. Biz boğazın mühafizəçisi olacağıq. Bəlkə də buna 'boğazın
qoruyucu mələyi' deyəcəyik. Və bunun qarşılığında bizə ödəniş
edilməlidir", – Tramp bildirib.
Prezident bu planın necə həyata keçiriləcəyi ilə bağlı əlavə
məlumat verməyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə iyulun 13-də
bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpasının yeganə
yolu ABŞ-nin bu su yolundakı hərbi müdaxiləsinə son qoymasıdır.
Trampın açıqlamalarından öncə ABŞ İranın Hörmüz boğazında gəmilərə
hücumlarına cavab olaraq ölkənin cənubundakı hədəflərə zərbələr
endirib. Həmin hücumlara cavab olaraq İran da Fars körfəzindəki
qonşu ölkələrə zərbələr endirib.
ABŞ İrana yeni zərbələr endirib
ABŞ İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq
ölkənin cənubundakı hədəflərə zərbələr endirib. İran buna cavabında
Fars körfəzindəki ölkələrə hücumlar həyata keçirib. Bəhreyn isə
Tehranı mülki şəxsləri hədəfə almaqda ittiham edib.
İyulun 13-ü səhər saatlarından İranın müxtəlif bölgələrində
partlayışlar qeydə alınıb. Günortaya yaxın Hörmüz boğazında
yerləşən Bəndər-Abbas strateji liman şəhərində və Qeşm adasında da
partlayışlar baş verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, qüvvələri "İranın
Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və kommersiya
gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə
yeni zərbələr endirib".
İyulun 13-ü günortaya yaxın bu hücum dalğasının başa çatdığı
bildirilib.
CENTCOM bildirib ki, ABŞ qırıcı təyyarələri, hərbi gəmilər,
birdəfəlik hücum dronları və tarixdə ilk dəfə birdəfəlik dəniz
dronlarından istifadə edib, İranın hava hücumundan müdafiə
sistemlərini, sahil radarlarını, raket və dron imkanlarını, kiçik
hərbi qayıqlarını vurub.
"Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyət
daşıyan dəniz dəhlizidir. İran bu boğaza nəzarət
etmir", – bəyanatda deyilir.
ABŞ-nin Fars körfəzindəki ərəb müttəfiqləri də Vaşinqtonun hərbi
əməliyyatlarına cavab olaraq İrandan raket və digər mərmilər
atıldığını bildiriblər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib
ki, Bəhreyn və Küveytdə ABŞ hərbi obyektlərini hədəfə alıb, Omanda
radar sistemlərini məhv edib. Bundan başqa İordaniyadakı Şahzadə
Həsən Hərbi Hava Bazasında yanacaq çənləri və sursat anbarlarına
zərbələr endirib. Bu iddiaları müstəqil şəkildə təsdiqləmək mümkün
olmayıb.
Bəhreyn "İranın bir neçə xain hava hücumunun qarşısının uğurla
alındığını və məhv edildiyini" bildirib, Tehranı "mülki şəxsləri
hədəf alan qanunsuz raket və dron hücumları" həyata keçirməkdə
ittiham edib.
Bir gün öncəki zərbələr
İyulun 12-si səhər saatlarında ABŞ ötən həftə ərzində üçüncü
genişmiqyaslı hücum dalğası gerçəkləşdirib, İranın müxtəlif hərbi
obyektlərinə zərbələr endirib. Bundan əvvəl Tehran kommersiya
konteyner gəmisini vurmuş, dünyanın ən mühüm strateji su
yollarından olan Hörmüz boğazının bağlandığını elan etmişdi.
“Ötən gecə onlara çox ağır zərbələr endirdik”, – prezident Donald
Tramp iyulun 12-də CNN telekanalına deyib.
O, Vaşinqton və Tehranın son atışmalardan əvvəl razılaşmaya çox
yaxın olduqlarını iddia edib.
“Onlar hər şeydən imtina edirdilər. Sonra isə cəmi iki
saat keçməmiş bir gəmiyə dronla hücum etdilər. Bu insanlarda nəsə
problem var”, – Tramp bildirib.
Prezident NBC-yə müsahibəsində deyib ki, “onlar çox-çox pis və
xəstə insanlardır. Onlarla görüşlərimiz olmuşdu. Dünən bizim üçün
mükəmməl razılaşmanı qəbul etmişdilər. Nüvə proqramı olmayacaqdı,
başqa heç nə olmayacaqdı. Hər şeydən imtina etmişdilər”.
“Sonra otaqdan çıxdılar və bir saat keçməmiş gəmiyə
dron göndərdilər. Mən də dedim ki, ‘Siz xəstə insanlarsınız. Siz
xəstəsiniz’”, – o əlavə edib.
Tramp Hörmüz boğazının açıq olduğunu da iddia edib.
CENTCOM da boğazın gəmiçilik üçün açıq qaldığını bildirib.
ABŞ-nin yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, İranın
hava müşahidə radarları, dəniz müşahidə sistemləri, raket və
dronların saxlanıldığı obyektlər, raket və PUA buraxılış
meydançaları, zenit-raket kompleksləri hədəfə alınıb. Məqsəd
Tehranın hərbi imkanlarını zəiflətmək olub.
İran dövlət mediası zərbələrdən sonra ölkənin cənubunda silsilə
partlayışlar barədə yazıb. IRIB telekanalının məlumatına görə,
Bəndər-Abbasda üç, Sirikdə iki partlayış qeydə alınıb. Hörmüz
boğazına baxan Qeşm adasında da partlayışlar qeydə alınıb.
İran cavabında ABŞ-nin yaxın müttəfiqi Küveyt tərəfə raketlər
atıb.
Son eskalasiya Omanın vasitəçiliyi ilə aparılan diplomatik səylərin
zəifləməsi fonunda baş verib.
İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri
Seyid Bədr Əl-Busaidi ilə görüşərək Hörmüz boğazında təhlükəsiz
gəmiçiliyin təmin olunması mexanizmlərini müzakirə edib.
ABŞ rəsmiləri müzakirələrə qatılmayıblar.
AzadlıqRadiosu (RFE/RL) diplomatik mənbələrdən öyrənib ki, Oman
vasitəçiləri İran təmsilçilərinə dəniz naviqasiyası ilə bağlı fikir
ayrılıqlarını aradan qaldırmağı hədəfləyən təkliflər təqdim
ediblər. Yüksək vəzifəli rəsmilər təkliflərin məzmununu şərh
etməyiblər.
Kəskin bəyanatlar
Bu arada tərəflərdən sərt bəyanatlar səslənib.
İranın yeni ali rəhbəri Müctəba Xamenei atası və sələfi Əli
Xameneinin öldürülməsinə görə qisas alınacağını bildirib.
“Bu məsələ nə mənim, nə də başqa rəsmilərin şəxsi
mövcudluğundan asılıdır. Biz olsaq da, olmasaq da, bu baş
verəcək”, – o deyib və İranın hədəfə alınacaq
şəxslərin siyahısını hazırladığını əlavə edib.
Bundan bir neçə saat əvvəl Tramp xəbərdarlıq edib ki, ona qarşı hər
hansı sui-qəsd cəhdinə ABŞ misli görünməmiş şəkildə hərbi cavab
verəcək.
“1000 raket artıq hazırdır və İran İslam Respublikasına
tuşlanıb. Onların ardınca minlərlə raket də dərhal buraxılmağa
hazırdır”, – Tramp Truth Social platformasında yazıb.
Onun sözlərinə görə, belə bir təhlükə reallaşarsa, ABŞ İranı
“tamamilə məhv edəcək”.
Fevralın sonlarında ABŞ və İsrail İrana genişmiqyaslı zərbələr
endirməyə başlayıb. Tərəflər arasında qısamüddətli atəşkəs qüvvədə
olub. Tramp atəşkəsin artıq qüvvədən düşdüyünü bəyan etsə də,
yenidən danışıqlara açıq olduğunu bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415