“Rike bardaqları”nın sahibi tikilinin materiallarını hədiyyə etməyə hazırdır” - Mdinaradze
“Gürcü Arzusu” hökumətinin vitse-premyeri Mamuka Mdinaradze bildirib ki, Tbilisinin mərkəzində, Rike parkında yerləşən, “Rike bardaqları” kimi tanınan tikilinin sahibi söküntüdən sonra qalacaq materialları hədiyyə etməyə hazırdır. O, bu barədə hökumət administrasiyasında keçirilən brifinqdə danışıb.

“Bildiyimə görə və mənə məlum olan məlumata əsasən, yanılmıramsa, sahiblər sökülmüş vəziyyətdə qalan materialları hədiyyə olaraq istənilən maraqlı şəxsə verməyə hazırdırlar. Yəni kim
risk edib bu ‘mədəni abidəni’ – hər nədirsə – aparıb istənilən özəl ərazidə yenidən quraşdırmaq istəsə, bunu edə bilər. Çünki onu elementar vəziyyətə gətirmək iki, hətta üç dəfə daha baha başa gəlir”,
– deyə Mamuka Mdinaradze bildirib.

Xərclərdən danışarkən o, Kutaisidə tikilmiş parlament binası ilə müqayisə aparıb. Onun sözlərinə görə, “Rike bardaqları” kimi tam şüşədən ibarət olan həmin binanın yuxarı mərtəbəsində bəzi hallarda temperatur 55 dərəcəyə qədər yüksəlirdi.

Mdinaradzenin bəhs etdiyi təklif “Rike bardaqları”nın sahibi olan şirkət tərəfindən indiyədək ictimaiyyətə açıqlanmayıb.

İyulun 13-də məlum olub ki, Tbilisi meriyası illər əvvəl Avropa meydanında inşa edilmiş “Rike bardaqları”nın sökülməsinə icazə verib.

“Düzünü desəm, onun sökülməsinə başlanacağı gün orada olmaq istəməzdim”, – tikilinin müəllifi olan italiyalı memar Massimiliano Fuksas “Azadlıq Radiosu”na bildirib.
Avropa meydanında illər əvvəl tikilmiş “Rike bardaqları”nın sökülməsi planlaşdırılır. Şirkət artıq Tbilisi meriyasından demontaj icazəsi alıb. Bu məlumatı “Azadlıq Radiosu”na meriyanın mətbuat xidməti də təsdiqləyib.

Tbilisinin mərkəzində, turistlərin sıx ziyarət etdiyi ərazidə yerləşən tikilinin sökülməsi ilə bağlı müsbət qərar mayın 16-da Mədəni İrsin Mühafizəsi Şurası tərəfindən qəbul edilib. Qərarın qəbulunda paytaxt bələdiyyəsi və Mədəniyyət Nazirliyi də iştirak edib. Sonradan məsələ iyunun 25-də Memarlıq Xidməti ilə razılaşdırılıb.

İtaliyalı memar Massimiliano Fuksas tərəfindən layihələndirilən və əvvəlki hakimiyyət dövründə (2012-ci ildə) tikilən “Rike bardaqları” uzun illərdir istifadəsizdir. Hazırkı hakimiyyətin yüksək vəzifəli şəxsləri isə bu tikilini bəyənmirlər.

“Rike bardaqları” haqqında
Əvvəlcə, “Rike bardaqları” dövlət balansında olarkən burada İncəsənət Mərkəzinin, Musiqi və Dram Teatrının yerləşdirilməsi planlaşdırılırdı. Daha sonra isə binada Şərab Muzeyinin açılması tələbi ilə imza kampaniyası aparılırdı.

İllər sonra “Gürcü Arzusu” hökuməti tikilini satışa çıxarmaq qərarına gəldi, lakin “Rike bardaqları” satılmadı.

Nəhayət, 2022-ci ildə, bir neçə dəfə hərraca çıxarıldıqdan sonra obyekt Rusiyada fəaliyyət göstərən, Bidzina İvanişviliyə yaxın hesab olunan iş adamı David Xidaşelinin mülkiyyətinə 10 milyon lariyə keçdi. Halbuki ilk dəfə hərraca çıxarılanda onun başlanğıc qiyməti 95 milyon lari idi.

2025-ci ildə Xidaşeli “Rike bardaqları”nı satdı. Elə həmin il hökumət investisiya öhdəliklərinin yerinə yetirilmədiyini əsas gətirərək ondan Axtala və Libani kurortlarını geri aldı, 2023-cü ildə isə Raçada ovçuluq təsərrüfatı lisenziyasını ləğv etdi.
  • “Rike bardaqları”nın yeni sahibi 25 aprel 2025-ci ildə qeydiyyatdan keçmiş “Rike Domi” şirkətidir;
  • “Rike Domi” şirkətinin sahibi isə 2017-ci ildə qeydiyyatdan keçmiş “N.G.B.” şirkəti idi. Həmin şirkətin sahibi iş adamı Tornike Kopaliani olub;
  • 10 iyun 2025-ci ildə “Rike Domi” MMC-ni “Makro Property” MMC satın alıb. Bu şirkətin 100 faizlik payı “Makro Construction” MMC-yə məxsusdur. Öz növbəsində, bu şirkətin yeganə sahibi Gürcüstan və Türkiyə vətəndaşlığına malik Emin Uçardır.
“Makro Group”un internet saytında qeyd olunduğuna görə, şirkət Gürcüstanda bir sıra hotel və digər biznes obyektlərinə sahibdir. Bunlara daxildir:
  • Mercure Tbilisi Old Town və Ibis Styles Tbilisi Center hotelləri;
  • Glorya mebel fabriki və Bellissa mebel mağazası;
  • Madamme Coco ev aksesuarları mağazası;
  • Dinehall restoranı.
Demontaj
“Rike bardaqları”nın sökülməsinin planlaşdırıldığı barədə ilk dəfə 21 may 2025-ci ildə məlumat yayılmışdı. Hakim “Gürcü Arzusu” partiyasının sədri və Baş nazir İrakli Kobaxidze həmin vaxt demişdi:

“Mən memar deyiləm, amma hesab edirəm ki, bu eybəcərlik bizim gözəl paytaxtımıza yaraşmır.”

Bundan iki həftə əvvəl – mayın 6-da Kobaxidze sərəncam imzalayaraq “Rike bardaqları”nın alqı-satqı müqaviləsinə dəyişiklik etmişdi. Dəyişikliyə əsasən, “Rike Domi” şirkətinə “Rike bardaqları”nın yerləşdiyi ərazini özü və ya üçüncü şəxslər vasitəsilə inkişaf etdirmək hüququ verilmişdi.

“Rike Domi” şirkətinə bu layihəni 2030-cu il mayın 5-dək həyata keçirmək və bunun üçün ƏDV nəzərə alınmadan 44 milyon lari investisiya qoymaq öhdəliyi tapşırılıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google