Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail
Fyodorovu vəzifəsindən azad edib.
Hökumətdə kadr dəyişiklikləri çərçivəsində Yuliya Sviridenko da baş
nazir postundan uzaqlaşdırılıb.
İyulun 16-da Ukrayna parlamenti Sergey Koretskini yeni baş nazir
təyin edib.
Kiyevdə isə bir neçə yüz nəfər İvan Franko meydanına toplaşaraq
müdafiə naziri Mixail Fyodorovun vəzifədən çıxarılmamasını tələb
edib. Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.
"Bilirik ki, o, Ukraynanın müstəqillik tarixində ən
effektiv müdafiə naziridir. Bu qərarı başa düşmürük və ona etiraz
edirik ", – etirazçılardan biri AzadlıqRadiosuna
deyib.
"İndiyədək kimsənin bu qədər əsassız şəkildə vəzifədən
uzaqlaşdırıldığını xatırlamıram. Adətən, insanları zəif nəticələrə
görə işdən çıxarırlar. Amma bu qərar Rusiyanı
sevindirəcək", – belə spontan etiraz aksiyasında ilk
dəfə iştirak etdiyini deyən digər nümayişçi söyləyib.
Onun dediyinə görə, Fyodorovun və komandasının vəzifədən
uzaqlaşdırılmasının Müdafiə Nazirliyinin fəaliyyətinə çox mənfi
təsir göstərəcəyinə əmindir.
AzadlıqRadiosunun Kiyevdəki müxbirlərinin məlumatına görə,
Fyodorova dəstək aksiyasında bir neçə yüz nəfər iştirak edib.
Aksiya zamanı "Fyodorovu geri qaytarın!" kimi şüarlar səslənib.
UNİAN agentliyi bildirir ki, oxşar aksiyalar Poltava, Dnepr,
Zaporojye, Odessa, Nikolayev, Krivoy Roq və digər şəhərlərdə də
keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Fyodorovu vəzifədən azad
etmək qərarından sonra Ukrayna Hərbi Hava Qüvvələri komandanının
müavini polkovnik Pavel Yelizarov istefa ərizəsi təqdim edib. O,
Fyodorovun vəzifədən uzaqlaşdırılmasın “ölkənin müdafiə
qabiliyyətinə böyük zərbə” olduğunu yazıb.
Fyodorov Sırskini sərt tənqid edib
Mixail Fyodorov Kiyevdə jurnalistlərə deyib ki, Zelenskinin müşavir
olmaq təklifini rədd edib. O, Ukrayna Silahlı Qüvvələrinin baş
komandanı Oleksandr Sırskini nazirliyin təşəbbüslərinin qarşısını
almaqda, problemləri birbaşa həll etməməkdə suçlayıb.
“Rusiyanı necə məğlub etmək üzərində işləməkdənsə, o,
ölkəni necə parçalamağı düşünüb”, – o deyib.
60 yaşlı Sırskı 2024-cü ilin əvvəlindən bu vəzifədədir, sərt idarə
üslubuna görə tənqid olunur. Bəzi hərbçilər bunun böyük itkilərə
səbəb olduğunu deyirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Reuters”in şərh üçün
müraciətinə cavab verməyib.
Zelenski isə Fyodorovla əməkdaşlığı davam etdirəcəyinə əminliyini
bildirib.
"Fyodorov komandamda qalacaq, amma onun dəqiq rolu daha
sonra açıqlanacaq", – deyə prezident iyulun 16-da
Böyük Britaniyanın Kiyevdə səfərdə olan baş naziri Kir Starmer ilə
mətbuat konfransında bildirib.
Zelenski Fyodorovun vəzifədən kənarlaşdırılmasının səbəbləri barədə
deyib ki, "mənsiz onlar (keçmiş müdafiə naziri və Ukrayna Silahlı
Qüvvələrinin baş komandanı - red.) bir araya gəlmirlər,
münaqişələri var". Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti
yayıb.
Cəmi altı ay müdafiə naziri oldu
Gənc texnokrat Fyodorov hökumətdə rəqəmsal transformasiya
islahatlarına rəhbərlik etmiş, müharibədə dronların inkişafını
prioritetə çevirmişdi. O, iyulun 15-də sosial şəbəkə paylaşımında
vəzifədən çıxarıldığını təsdiqləyib.
Fyodorovun altı ay nazirliyi dövründə Ukraynanın döyüş meydanında
mövqeyi xeyli güclənib. Ukrayna qüvvələri dəfələrlə Rusiyanın neft
emalı zavodlarına zərbələr endirib, ölkədə yanacaq qıtlığı yaradıb,
Prezident Vladimir Putini çətin vəziyyətə salıb.
"Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək mənim üçün böyük
şərəf idi", – Fyodorov bildirib. Zelenski isə
hələlik, bu qərarla bağlı açıqlama verməyib.
Fyodorov nazir olduğu dövrün uğurları sırasında Rusiya qoşunlarının
Starlink peyklərinə çıxışının məhdudlaşdırılmasını qeyd edib, bunun
Rusiyanın dronlardan səmərəli istifadəsini ciddi azaltdığını
vurğulayıb.
Ukrayna mediası Fyodorovun vəzifədən kənarlaşdırılmasının arxasında
müdafiə xərclərinə cavabdeh digər hökumət üzvləri ilə "sistemli
münaqişə"sinin dayana biləcəyini yazıb.
“Başqa vəzifəyə təyin oluna bilər”
Kiyev Amerika Universitetinin prezidenti, Ukrayna Silahlı
Qüvvələrinin baş komandanının keçmiş xüsusi müşaviri Den Rays
AzadlıqRadiosuna bildirib ki, Fyodorov hökumətdə başqa yüksək
vəzifəyə təyin oluna bilər. Onun sözlərinə görə, Fyodorovun baş
nazir və ya Ukraynanın ABŞ-yə səfiri təyin edilməsi də mümkündür,
ancaq Zelenskinin planlarını “bilmirsiniz”.
"Qısa müddətdə möhtəşəm iş gördüyünü düşünürəm. Məncə, o,
Ukrayna-ABŞ münasibətlərinin inkişafına böyük töhfə verə bilər.
Amma Prezident Zelenskinin nə istədiyini zaman göstərəcək
", – Rays Fyodorov barədə deyib.
Zelenski iyulun 12-də hökumətdə dəyişikliklərə start verildiyini
elan edib. O deyib ki, bu addımlar yenilənmiş siyasi strategiya
üçün zəruridir.
İyulun 15-də Zelenski ölkənin ən iri dövlət neft və qaz şirkəti
olan "Naftoqaz"ın baş icraçı direktoru Sergey Koretskini baş nazir
vəzifəsinə namizəd kimi dəstəklədiyini açıqlayıb.
"Naftoqaz" dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir,
siyasi baxımdan güclü korporasiyadır.
"Ağıllı telefonda dövlət" konsepsiyası
Hazırda 34 yaşı olan Fyodorov 2019-cu ildə Ukraynanın ilk rəqəmsal
transformasiya naziri təyin edilib. Bu vəzifə sovet dövründən
qalmış köhnə dövlət xidmətlərinin müasirləşdirilməsi məqsədi
daşıyırdı.
Bir vacib məsələ də uzun illər qeyri-şəffaf qalmış bürokratik
proseslərin şəffaflaşdırılması, kök salmış korrupsiya
mexanizmlərinin aradan qaldırılması idi.
Ukraynalılar "ağıllı telefonda dövlət" konsepsiyası kimi təqdim
olunan bu islahatlara geniş dəstək verdi. Fyodorovun uğurları
nəticəsində o, baş nazirin müavini vəzifəsinə yüksəldi,
səlahiyyətləri genişləndirildi.
Fyodorov bu ilin yanvarında müdafiə naziri təyin olunub.
Hərbi təcrübəsinin olmaması Ukrayna ordusunda müəyyən narazılıq
doğursa da, onun rəhbərliyi dövründə dron istehsalı sürətləndi. Bu
sahə Ukraynanın müharibə dövründə ən uğurlu innovasiyalardan
sayılır.
Son həftələr Ukrayna dronlar vasitəsilə Rusiyanın dərinliklərində
bir sıra hədəflərə zərbələr endirib.
Kremlin enerji aktivlərinə, o cümlədən neft terminallarına,
dənizdəki tankerlərə hücumlar Kiyevin Rusiyaya "uzaqmənzilli
sanksiyalar" kampaniyasının bir hissəsi adlandırılır.
Rusiyanın enerji obyektlərinə dron zərbələri ölkədə ciddi yanacaq
qıtlığına səbəb olub. Hətta adətən belə böhranlardan kənarda qalan
Moskvada da yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb,
bu, sürücüləri narazı salıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.