Dövlət orqanları Tehranın Sənayi və İranşəhr küçələrində bir neçə
kafeni möhürləyərək fəaliyyətini dayandırıb.
Bunu İranda sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlar
sübut edir.
İranşəhr küçəsindəki kafelərdən birində çalışan ssenarist Cəmilə
Darolşəfayi də bu barədə X sosial şəbəkəsində paylaşım edib. O
yazıb ki, kafeyə bundan əvvəl səlahiyyətli şəxslər gələrək obyekti
möhürləyəcəkləri barədə xəbərdarlıq ediblər.
Hakimiyyət gənclər arasında populyar ictimai məkanlar sayılan
kafelərə qoyulan son məhdudiyyətlərlə bağlı, hələlik, rəsmi
açıqlama verməyib. Amma sosial şəbəkələrdə yayılan məlumatlarda bu
addım İranda məcburi hicab qaydalarının icrası ilə
əlaqələndirilir.
"İctimai əxlaq normalarına əməl olunmaması", "
ictimai keçidlərin
tutulması" və "ticarət qaydalarının pozulması" digər səbəblər kimi
göstərilir.
Jurnalist Bəhmən Darolşəfayi də Sənayi küçəsində bir neçə kafenin
möhürləndiyini açıqlayıb.
İran hakimiyyəti son illər ölkədə məcburi hicab qaydalarına riayət
edilmədiyini əsas gətirərək kafe və digər ictimai məkanların
fəaliyyətini dəfələrlə dayandırıb. Bu praktika geniş tənqid
olunub.
'Özümü küçədəkindən daha azad hiss edirəm'. İranda kafelərə təzyiq
artır
Gənc iranlılar üçün kafelər sığınacaq kimidir – sosial azadlıqların
sərt məhdudlaşdırıldığı ölkədə insanların görüşüb ünsiyyət qurduğu,
özlərini nisbətən rahat hiss etdikləri məkanlardandır.
“Müxtəlif xarakterli insanların eyni məkanda ünsiyyət
qurduğunu gördüyüm üçün kafelərə getməyi sevirəm”, –
Tehranda yaşayan 19 yaşlı Aynaz AzadlıqRadiosunun Radio Fərda
xidmətinə deyib.
“Təbii ki, sevdiyim məkan var, amma fərqli atmosferli
məkanları da sınamağı xoşlayıram. Kafelərdə özümü küçədəkindən daha
azad hiss edirəm”, – təhlükəsizlik səbəbindən yalnız
adını açıqlayan Aynaz əlavə edib.
Amma vaxtilə xüsusilə gənclər arasında şəhər həyatının ayrılmaz
hissəsinə çevrilmiş İranın kafe mədəniyyəti indi dərinləşən
iqtisadi böhran və hakimiyyətin artan təzyiqləri ilə üzləşib.
İqtisadi böhran
Sürətlə artan inflyasiya qəhvə və qida məhsullarını kəskin
bahalaşdırıb. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, İranda
illik inflyasiya bu il təxminən 69 faizə çatacaq. Bu, 1979-cu il
İslam İnqilabından bəri ən yüksək göstəricidir.
İllərlə davam edən beynəlxalq sanksiyalar və hökumətin zəif
iqtisadi idarəçiliyi ölkə iqtisadiyyatını ciddi zəiflədib. Fevralın
sonundan ABŞ və İsraillə müharibə isə 90 milyon əhalisi olan İranı
iqtisadi çöküş həddinə çatdırıb.
Bu vəziyyət kafe sektoruna da təsir edib. Sahibkarlar artan
xərclərlə üzləşir, müştərilər xərclərini azaltmağa məcbur
qalırlar.
Tehranda yaşayan bir qadın Radio Fərda-ya bildirib ki, 250 qram
qəhvənin qiyməti artıq 15 milyon riala (təxminən 8 dollar) çatıb.
Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur.
“Təsəvvür edin, qəhvənin özü bu qədər bahadırsa, kafedə qiymətlər
nə qədər yüksəlib”, – adının açıqlanmasını istəməyən
qadın deyib.
Tehranda yaşayan 41 yaşlı bir kişi isə bildirib ki, ABŞ və İsrail
fevralın 28-də hücumlara başlayandan demək olar, hər gün kafelərə
gedirdi. Bu müddətdə hakimiyyətin tətbiq etdiyi internet
məhdudiyyəti təxminən üç ay qüvvədə olub:
“Kafelər əhvalımızı qoruyub saxlaya bildiyimiz,
dostlarla görüşdüyümüz, özümüzü təcrid olunmuş hiss etmədiyimiz
yeganə məkan idi”.
O, sadəcə sifarişlərini dəyişdiyini söyləyib:
“Məsələn, daha bahalı qəhvə əvəzinə çay sifariş
edirəm”.
Siyasi təzyiqlər
Hakimiyyət kütləvi yanvar etirazlarından, ABŞ və İsraillə
müharibədən sonra müxalif fikirlərə qarşı repressiyalar
çərçivəsində kafeləri də hədəfə alıb.
İllərdir İranda kafelər mütəmadi bağlanır, buna Qərb musiqisinin
səsləndirilməsi, qadın və kişilərin birlikdə rəqs etməsi, yaxud
məcburi hicab taxmayan qadınlara xidmət göstərilməsi səbəb
göstərilir.
Son aylar yeni dalğa müşahidə olunur.
İyunun əvvəlində polis Tehranın mərkəzində canlı musiqi ifa
olunduğu üçün bir kafeni zorla bağlayıb. Kafenin adı açıqlanmasa
da, polis onu "azğın dini cərəyanların" və "şeytani fəaliyyətlərin"
təbliğində ittiham edib.
Martda məşhur "Lamiz" kafe şəbəkəsinin fəaliyyətini dayandırıb,
kofe stəkanlarının üzərindəki dizaynlar siyasi baxımdan
qəbuledilməz sayılıb.
Hakimiyyət üçün məsələ kafeləri aşır. Bu məkanlar İranın dini
rəhbərliyinin təbliğ etdiyi dəyərlərlə üst-üstə düşməyən həyat
tərzinin simvoluna çevrilib.
Kafelərə təzyiqlər fərdi azadlıqların məhdudlaşdırılması
çərçivəsində baş verir. İnsan haqları təşkilatları uzun illərdir
İranı ifadə azadlığını məhdudlaşdırmaqda, qadınların geyiminə ciddi
qaydalar tətbiq etməkdə, rəsmi islam dəyərlərinə uyğun sayılmayan
ictimai və mədəni fəaliyyətləri məhdudlaşdırmaqda tənqid
edirlər.
Üç məkan
Sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlili kafe mədəniyyətini
Qərbin ailə institutunu zəiflətmək məqsədi daşıyan layihəsi
adlandırıb.
“Onlar üç məkan müəyyənləşdirirlər: yataqxana, iş yeri
və tənhalıqdan qaçmaq üçün üçüncü məkan – məsələn,
kafe”, – Cəlili 2025-ci ilin dekabrında deyib.
“Bu konsepsiyada ailə öz mənasını itirir. Bu isə
İslamın evlilik fəlsəfəsinə ziddir”, – o əlavə
edib.
Tehranda 33 yaşlı kafe sahibi deyib ki, "hicab məsələsi kimi
səbəblərə görə bağlanmaq riski hələ də qalır".
Amma bütün çətinliklərə baxmayaraq, bir çox kafelər hələ də
doludur.
“İnsanlar deyirlər ki, artıq nə pul yığa, nə də səyahət
edə bilirik. Heç olmasa axşam kafedə vaxt keçiririk”,
– Tehranda yaşayan 40 yaşlı qadın Radio Fərda-ya
söyləyib.
Bu gün İranda bir çox kafelər artıq təkcə qəhvə, çay və yüngül
qəlyanaltılar təqdim etmir. Onlar kitab müzakirələri, film
nümayişləri, canlı musiqi proqramları və digər mədəni tədbirlərin
keçirildiyi məkanlara çevrilib. Cəmiyyətə inteqrasiya, yaradıcı
özünüifadə imkanı axtaran gənclər bu tədbirlərə qatılırlar.
“Bura həm müştərilər, həm də bizim üçün ikinci ev
kimidir”, – Tehrandakı kafe sahibi deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.