Ukraynanın Nazirlər Kabineti iyulun 20-də Yevgeni Xmaranı müdafiə
nazirinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə təsdiqləyib.
Prezident Volodimir Zelenski iyulun 16-da Xmaranı bu vəzifəyə təyin
etsə də, Nazirlər Kabineti onun namizədliyini təsdiqləməli idi.
Y.Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Alfa"
xüsusi təyinatlı bölməsinə rəhbərlik edib. Bu qurum Müdafiə
Qüvvələrinin dronlardan istifadəyə görə ən uğurlu
strukturlarından
sayılır. Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli zərbələrin,
ötən il reallaşdırılmış "Hörümçək toru" əməliyyatının arxasında
“Alfa” dayanır.
Xmaranın müdafiə naziri təyin olunması üçün Ali Radanın qərarı
tələb olunur.
Ötən həftə müdafiə naziri Mixaylo Fedorovun vəzifədən
uzaqlaşdırılması ölkədə kütləvi etirazlara səbəb olub. Ukraynanın
müxtəlif şəhərlərində insanlar artıq beşinci gündür etiraz
aksiyalarına çıxır, Fedorovun bu posta qaytarılmasını tələb
edirlər.
Fedorov vəzifədən uzaqlaşdırıldıqdan sonra Ukrayna Silahlı
Qüvvələrinin baş komandanı Oleksandr Sırskini sərt tənqid edib.
Onların xüsusilə dronlardan daha geniş istifadə ilə bağlı hərbi
strategiyaya fərqli baxışlardan dolayı münaqişədə olduğu
bildirilir. Keçmiş müdafiə nazirinin sözlərinə görə, məhz Sırski
onun vəzifədən kənarlaşdırılmasında israr edib.
Sırski isə iyulun 20-də dərc etdiyi məqalədə Fedorovla münaqişədə
olduğunu düşünmədiyini bildirib, ondan üzr istəyib. O, ünvanına
səslənən tənqidləri rədd edib, Fedorovun təşəbbüslərinə qarşı
çıxmadığını deyib. Onu da əlavə edib ki, "yalnız hazırda trenddə
olanları deyil, hər şeyi almaq lazımdır". O həmçinin vurğulayıb ki,
Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə müharibə aparır.
Prezident Zelenski son günlər müxtəlif hərbi bölmələrin
komandirləri ilə görüşüb. Bir sıra media orqanlarına danışan
mənbələr Sırskinin istefaya göndərilə biləcəyini istisna
etməyiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə iyulun
20-də bəyanat yayaraq baş komandanın vəzifəsində qaldığını
açıqlayıb.
"Cəmiyyətin dediklərini eşidirəm"
Zelenski iyulun 16-da Kiyevdə Böyük Britaniyanın vəzifəsindən
getmək üzrə olan baş naziri Kir Starmerlə brifinqdə ilk dəfə
müdafiə nazirinin dəyişdirilməsi qərarından danışıb.
Bundan əvvəl "Ukrainska Pravda" nəşri mənbələrə istinadla xəbər
vermişdi ki, Zelenski iyulun 15-i axşam "Xalqın Xidmətçisi"
fraksiyasının deputatları ilə görüşdə Mixaylo Fedorovun Ukrayna
Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski ilə sistemli
münaqişəsi olduğunu bildirib.
UNIAN agentliyi yazır ki, Zelenskinin Starmerlə brifinqdə
dediklərindən müdafiə nazirinin dəyişdirilməsinin səbəblərindən
birinin ordu rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında qarşıdurma
olduğu görünür. Agentlik Zelenskinin "müxtəlif səviyyələrdə
mürəkkəb dialoq" barədə sözlərini sitat gətirir.
"Əminəm ki, Mixaylo komandamda qalacaq və bunun necə
olacağını bir qədər sonra müzakirə edəcəyik", –
Zelenski vurğulayıb.
Ukrayna prezidenti iyulun 16-da səhərdən Fedorovun istefasına
etiraz aksiyalarına da münasibət bildirib.
"İnsanlar küçəyə çıxmaq istədilər və bu, düzgündür.
Cəmiyyətin dediklərini başa düşürəm, eşidirəm və buna reaksiya
verirəm", – Zelenski söyləyib.
Fedorov və Sırskinin şərhləri
Fedorov iyulun 16-da keçirdiyi mətbuat konfransında baş komandan
Sırskini sərt tənqid edib.
"Təklif etdiyimiz təşəbbüslərin qarşısının alındığını
gördük. Bu gün danışdığımız problemləri nəzərə alsaq, Sırski şəxsən
üz-üzə müzakirəyə hazır deyil. O, şəxsi görüşlər keçirib intriqalar
qurmağa, hansısa media kampaniyasını kiminsə sifariş etdiyini
düşünməyə hazırdır. Nəticədə faktiki ultimatum irəli sürdü.
Rusiyanı qeyri-ənənəvi üsullarla necə məğlub etməyi düşünmək
əvəzinə, ölkəni necə parçalamağı düşündü. Əsas problem də budur",
– AzadlıqRadiosunun Ukrayna xidməti Fedorovdan sitat
gətirib.
Fedorov bildirib ki, o, Sırskinin və Baş Qərargah rəisi Andriy
Qnatovun dəyişdirilməsini təklif edib.
Sırski də duruma münasibət bildirib. O, "Telegram" kanalında
Fedorova müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür edib.
"Ona Ukrayna komandasının üzvü olaraq qalmağı
arzulayıram. Birlikdə qələbəyə doğru!", – Sırski
yazıb.
O, eyni paylaşımda 2022-ci ildə Kiyevin müdafiə əməliyyatı ilə fəxr
etdiyini bildirib. Baş komandan qeyd edib ki, həmin əməliyyat
sayəsində paytaxtı qorumaq mümkün olub. Sırski müharibəyə və
effektiv strategiyaya fokuslanmaq gərəkdiyini vurğulayıb.
Fedorov informasiya texnologiyaları sahəsində sahibkar kimi
tanınıb. O, Zelenskinin seçki qərargahında rəqəmsal istiqamətə
rəhbərlik edib, rəqəmsal transformasiya və innovasiyalara cavabdeh
baş nazir müavini olub. 2026-cı ilin yanvarında müdafiə naziri
təyin edilib.
35 yaşlı Fedorov Ukrayna ordusunun texnoloji modernləşdirilməsi,
pilotsuz sistemlərin inkişafının əsas tərəfdarlarından sayılır.
Hazırda Ukraynada yeni hökumətin formalaşdırılması prosesi gedir.
Zelenski iyulun 12-də baş nazir Yuliya Sviridenkonun və onun
Nazirlər Kabinetinin istefasını elan edib.
İyulun 16-da Ukrayna parlamenti Sergiy Koretskini yeni baş nazir
təyin edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.