Rusiya Ali Məhkəməsi "Rodina" partiyasının iddiası əsasında
"Yabloko" partiyasının Dövlət Dumasına seçkilərdəki
federal siyahısının qeydiyyatını ləğv edib. Yeddi saatdan çox çəkən
məhkəmə iclası zamanı binanın qarşısına "Yabloko"nu müdafiə etmək
üçün yüzlərlə insan toplaşıb.
Məhkəmə zamanı "Rodina" partiyasının nümayəndələri "Yabloko"nu
məhkəməyə vermələrinin səbəblərini belə əsaslandırıblar: sosial
şəbəkələrdəki təşviqat materiallarının pulunun seçki fondundan
ödənilməməsi, şəkillərdən istifadə zamanı müəllif hüquqlarının
pozulması
və ekstremizm.
Seçkilərdə qeydiyyata alınmış daha bir neçə partiya rəhbəri də
bundan əvvəl "Yabloko"nu hədəf almışdı. Onlar partiyanı Ukraynadakı
müharibənin dayandırılmasını dəstəklədiyinə görə
qeyri-vətənpərvərlikdə günahlandıraraq onun seçkilərdən
kənarlaşdırılmasını tələb edirdilər. Hətta hazırkı şəraitdə sülh
çağırışlarının faktiki olaraq "neonasist rejiminə dəstək" mənasına
gəldiyini iddia edirdilər.
"Yabloko" partiyasının sədri Nikolay Rıbakov qarşı tərəfin
ittihamlarını "absurd" adlandırıb və bu addımın ədalətli siyasi
rəqabətə kölgə saldığını bildirib. Sədrin sözlərinə görə,
iddiaçılar Ali Məhkəməyə "tarixi bir qərar verməyi" – partiyanın
qeydiyyatını ləğv edərək milyonlarla rusiyalını siyasi təmsilçilik
hüququndan məhrum qoymağı təklif edirlər.
Siyasətçi xatırladıb ki, siyahının qeydiyyata alınması barədə
qərarı sənədləri yoxladıqdan sonra MSK qəbul edib: "MSK bütün
sənədlərimizi təsdiqləyib, Ədliyyə Nazirliyi isə hesabatlarımızı
müntəzəm olaraq yoxlayır. İndi isə "Rodina" partiyası bütün bu
görülən işləri alt-üst etmək, ölkədəki seçki prosesini iflasa
uğratmaq istəyir".
Məhkəmə zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndəsi üzərində
"Xidməti istifadə üçün" qeydi olan sənəd təqdim edib.
"Rosfinmonitorinq"in hazırladığı həmin sənəddə partiya üzvlərinin
xaricdən pul aldığı iddia olunur.
"Yabloko"nun hüquqşünası Hacı Əliyev "xaricdən maliyyələşmə" barədə
iddiaları təkzib edib. Onun izahatına görə, vəsaitlər Rusiya
vətəndaşları tərəfindən ianə şəklində köçürülüb, həmin şəxslər isə
öz növbəsində bu pulları xaricdən əldə ediblər.
Məhkəmə binasının qarşısına "Yabloko" partiyasının yüzlərlə
tərəfdarı toplaşıb. Onlar asfaltın üzərinə tabaşirlə partiyaya
dəstək şüarları yazıblar, bəziləri isə əllərində alma və alma
şirəsi ilə gəliblər. Məhkəmə iclası başa çatdıqdan sonra
toplaşanlar "Rüsvayçılıq!" deyə qışqırıblar.
"Yabloko" Ukraynada atəşkəs sazişinin imzalanmasını dəstəkləyir və
Rusiyadakı siyasi repressiyalara qarşı çıxır. N.Rıbakov Ümumrusiya
İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VCIOM) iyulun 2-nə olan rəy
sorğusuna istinadən bildirib ki, seçicilərin 18 faizi –20.5 milyon
insan səslərini partiyaya verməyə hazır olub.
Xaricdə yaşayan və hakimiyyətin "xarici agent" və ya ekstremist
saydığı bir çox müxalifətçi son günlərdə "Yabloko"ya dəstək nümayiş
etdirib. Partiya rəhbərliyi isə bu təşviqat kampaniyası ilə heç bir
əlaqələrinin olmadığını bildirib.
Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçiriləcək.
Rusiyanın Mərkəzi Seçki Komissiyası hələ ki yalnız 11 partiyanın
siyahısını qeydiyyata alıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415