Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) 2025-ci ilin
vəziyyətini əks etdirən "Dünyada İnsan Hüquqları və Demokratiya"
hesabatını dərc edib. Sənəddə ölkələrin bir neçə qrupu, o cümlədən
Aİ üzvlüyünə namizəd ölkələr qiymətləndirilib.
Hesabatda Gürcüstan haqqında fəsil belə başlayır:
"
İnsan hüquqları repressiv hərəkətlər və əsas hüquqları,
bərabərlik və qeyri-diskriminasiya, ifadə, yığıncaq və birləşmək
azadlıqlarını, habelə şəxsi və ailə həyatı hüquqlarını, o cümlədən
azadlıq və təhlükəsizlik hüququnu məhdudlaşdıran qanunlarla kəskin
şəkildə məhdudlaşdırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən etiraz iştirakçılarına qarşı
bəzi hallarda işgəncə və ləyaqəti alçaldan rəftara bərabər tutulan
pis rəftar 2025-ci ildə geniş tətbiq olunub. Heç bir təqsirkar
cəzalandırılmayıb, bu da cəzasızlıq mühitinin stimullaşdırılmasına
şərait yaradıb. Özbaşına həbs halları, qabaqcadan həbsdən həddindən
artıq istifadə olunması, etiraz aksiyaçılarının və jurnalistlərin
qeyri-mütənasib şəkildə kobud cəzalandırılması ədalətli məhkəmə
hüququnun mövcudluğu ilə bağlı narahatlıq doğurur. Hüquq-mühafizə
əməkdaşları tərəfindən etiraz aksiyası iştirakçısı olan qadınlara
qarşı fiziki zorakılıq, cinsi təcavüz və zorlama və ya öldürmə
hədələri qeydə alınıb".
Aİ Gürcüstan haqqında ilk yarımbölmədə "Gürcü Arzusu"
hakimiyyətinin vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı
məhdudlaşdırıcı hərəkətlərini təsvir edir:
"Yeni qanunvericilik, o cümlədən 'Yayım haqqında qanuna'
dəyişikliklər, 'Xarici agentlərin qeydiyyatı aktı' və ailə
dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında
qanunvericilik paketi ifadə azadlığına və medianın sərbəst işləmək
imkanına mənfi təsir göstərib.
Jurnalistlərə və media nümayəndələrinə qarşı qorxutma, hədələmə,
şifahi və fiziki təhqir, onların özbaşına saxlanılması halları
geniş yayılmışdı.
Gürcüstanda demokratiyanın vəziyyəti ciddi geriləmə ilə
səciyyələnirdi. Gürcüstan hakimiyyəti vətəndaş cəmiyyəti, media
nümayəndələri və müxalifət liderlərinə qarşı repressiv tədbirlər
tətbiq edib ki, bu da demokratik yolla qərarların qəbul edilməsinin
və demokratik proseslərin bünövrəsini kəskin şəkildə sarsıdıb,
vətəndaş iştirakçılığını, həmçinin nəzarət və balans sistemini
effektiv şəkildə ləğv edib".
Brüssel vətəndaş cəmiyyəti və müxalifət liderlərinə qarşı atılan
konkret addımları da təsvir edir:
"Bir neçə vətəndaş cəmiyyəti təşkilatının bank hesablarına həbs
qoymaqla, hakimiyyət ədliyyə sistemindən repressiya və siyasi təqib
aləti kimi istifadə edərək təşkilatları zəruri maliyyə
resurslarından məhrum edib və fərqli səsləri boğub.
Vətəndaş cəmiyyəti və tənqidi fikirdə olanlar getdikcə daha çox
qorxutma, düşmən ritorikası, hədə və zorakılıq hədəfinə
çevrilirdilər. Siyasi plyuralizm təhlükə altındadır, çünki hakim
partiya Konstitusiya Məhkəməsinin bir neçə müxalif partiyanı
qadağan etməsini istəyir. Vətəndaş cəmiyyətinə qarşı siyasi
ədalətin həyata keçirilməsi və müxalifət liderlərinin həbs edilməsi
əsas demokratik dəyərlərə ziddir. Ətraflı məlumat üçün Avropa
Komissiyasının Gürcüstan üzrə 2025-ci il hesabatına baxın.
'Sərhədsiz Reportyorlar' təşkilatının hazırladığı 'Dünya Mətbuat
Azadlığı İndeksi 2025'də Gürcüstan 114-cü yerdədir, 'Dünya Ədalət
Layihəsi'nin (WJP) 'Qanunun Aliliyi İndeksi'ndə 52-cidir,
'Beynəlxalq Şəffaflıq' təşkilatının 'Korupsiya Qavrama İndeksi'ndə
56-cı yerdədir və CIVICUS Monitor indeksində 100 baldan 34 bal alıb
ki, bu da repressiv vətəndaş məkanı göstəricisidir".
Avqustun 11-də dərc olunmuş sənəddə Aİ tərəfindən atılan addımlar
da sadalanır və hakimiyyətə Aİ namizədi statusu verilərkən
Brüsselin müəyyən etdiyi və "Gürcü Arzusu"nun icra etmədiyi "doqquz
addım" xatırladılır:
"Aİ davamlı olaraq Gürcüstan hakimiyyətini demokratik geriləməni
geri çevirməyə, repressiv qanunvericiliyi ləğv etməyə, Avropaya
inteqrasiyanın əsas prinsiplərinə və namizəd statusu üçün müəyyən
edilmiş doqquz addıma uyğun gələn demokratik, hərtərəfli və davamlı
islahatlara çağırıb.
Aİ Gürcüstan hakimiyyətini vətəndaşların hüquqlarına, o cümlədən
ədalətli məhkəmə, ifadə azadlığı, yığıncaq azadlığı, media azadlığı
və plyuralizmə hörmət etməyə, onları qorumağa və dəstəkləməyə,
habelə özbaşına saxlanılanları azad etməyə çağırıb. Bu çağırışları
2025-ci ilin dekabrında Avropa Şurasının Prezidenti də təkrar edib
və qeyd edib ki, Gürcüstan hakimiyyətinin hərəkətləri namizəd
ölkəyə qarşı Aİ-nin gözləntilərinə uyğun gəlmir.
Aİ Gürcüstanın vizasız gediş-gəliş meyarlarına uyğunluğunu
qiymətləndirməyə davam edir. 2025-ci ilin dekabrında Komissiya
hesab etdi ki, Gürcüstan idarəetmə və əsas hüquqlar sahəsində daha
da reqressiyaya uğrayıb və bu standartları pozmaqda davam edir.
Vizasız gediş-gəlişin ləğvi üzrə yeni mexanizm əsasında Avropa
Komissiyası diplomatik, xidməti və rəsmi pasport sahibləri olan
Gürcüstan vətəndaşlarının viza tələbindən azad olunmasının
dayandırılması proseduruna başlayıb".
Hesabatda Aİ-Gürcüstan siyasi münasibətlərinin rejimi və
məhdudlaşdırılmış təmas epizodları təsvir olunur:
"2024-cü ilin iyun, oktyabr və dekabr aylarında Avropa Şurası belə
qənaətə gəlib ki, Gürcüstan hökumətinin hərəkətləri Aİ-yə üzvlükdən
əvvəlki prosesi de-fakto dayandırıb. 2025-ci ildə Aİ ilə Gürcüstan
arasında siyasi dialoq aparılmayıb, çünki Gürcüstan hakimiyyəti
ciddi demokratik geriləməni davam etdirib. Aİ ikitərəfli təmasların
səviyyəsini endirməkdə davam edib. 2023-cü ilin iyunundan sonra Aİ
ilə Gürcüstan arasında 'İnsan hüquqları üzrə dialoq'
keçirilməyib".
Gürcüstana maliyyə yardımını təsvir edərkən Aİ hakimiyyətə birbaşa
maliyyə yardımının dayandırılmasını və vətəndaş cəmiyyəti ile
müstəqil media üçün ayrılan resursları vurğulayır:
"Demokratik geriləmənin davam etməsi səbəbindən Aİ 2025-ci
ildə də Gürcüstan hakimiyyətinə birbaşa maliyyə yardımının
dayandırılmasını qüvvədə saxlayıb. Vətəndaş məkanının
məhdudlaşdırılmasına və insan hüquqlarının vəziyyətinin
pisləşməsinə cavab olaraq, 'Qonşuluq, İnkişaf və Beynəlxalq
Əməkdaşlıq Aləti'nin (NDICI) ikitərəfli və tematik
maliyyələşməsindən istifadə edilməklə vətəndaş cəmiyyəti və
müstəqil media üçün 24 milyon avro ayrılıb.
Cari dəstək vətəndaş cəmiyyəti təşkilatları və müstəqil media,
ədalət mühakiməsinə əlçatanlıq, əlilliyi olan şəxslərin hüquqları,
gender bərabərliyi və gender motivli zorakılıqla mübarizə, etnik və
dini azlıqların hüquqları, uşaq hüquqları, LGBTİ şəxslərin
hüquqları, etimadın bərpası, habelə dezinformasiya, xarici müdaxilə
və manipulyasiya ilə mübarizənin dəstəklənməsinə
yönəlib".
Sənəddə həmçinin vətəndaş cəmiyyətini dəstəkləyən digər bir alətin
adı çəkilir:
"Gürcüstanın vətəndaş cəmiyyəti, o cümlədən insan hüquqları
müdafiəçiləri 2025-2027-ci illər üçün ayrılmış 10 milyon avro
məbləğində 'Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Aləti'ndən və
insan hüquqları, vətəndaş cəmiyyəti və müstəqil medianı dəstəkləyən
regional proqramlardan artırılmış dəstək alırlar".
Hesabatın müəllifləri qeyd edirlər ki, 2025-ci ildə Aİ "ombudsmanın
institusional imkanlarını artırmaq üçün" Xalq Müdafiəçisi Ofisini
dəstəkləməkdə davam edib.
Brüssel bildirir ki, Aİ-Avropa Şurasının "Yaxşı İdarəçilik üçün
Əməkdaşlıq" (PGG III) proqramı nifrət nitqi ilə mübarizəyə diqqət
yetirməklə məhdud fəaliyyətlərlə davam etdirilib və Gürcüstan
məhkəmə idarəçiliyinin modernləşdirilməsini dəstəkləmək üçün Avropa
Komissiyası tərəfindən həyata keçirilən "Ədalət mühakiməsinin
səmərəliliyi" layihəsində Aİ-nin həmmaliyyələşdirilməsindən
faydalanmaqda davam edib.
Hesabatda Tbilisinin Avropa Məhkəməsinin qərarlarını icra
etməsi vəziyyəti tənqidi qiymətləndirilir:
"İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq və onun
qərarlarının icrası qeyri-kafi dərəcədə həyata keçirilir və hazırda
Nazirlər Komitəsinin gücləndirilmiş nəzarəti altında 45 iş
var".
Brüssel onu da vurğulayır ki, hakimiyyət ATƏT/DTİHB-nin 2024-cü il
seçkiləri haqqında hesabatında yer alan tövsiyələri nəzərə almayıb.
2025-ci il yerli seçkilərində isə beynəlxalq müşahidə missiyasına
vaxtında dəvət göndərməyib:
"Gürcüstan hakimiyyəti 2025-ci il yerli seçkilərində məzmunlu
müşahidə imkanı vermək üçün 'Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu'nun (OSCE/ODIHR) müşahidə missiyasını vaxtında
dəvət etməyib. Bundan əlavə, Gürcüstan əvvəlki seçkilərdə
ATƏT/DTİHB tərəfindən verilmiş vacib tövsiyələrin heç birini yerinə
yetirməyib".
Brüsselin hesabatında BMT formatında insan hüquqları üzrə
əməkdaşlıq istiqaməti də əks olunub:
"2025-ci ilin sonuna qədər Gürcüstan BMT-nin İnsan Hüquqları
Şurasının (HRC) seçilmiş üzvü olaraq qalırdı. 'HRC-nin xüsusi
prosedurları' ilə Gürcüstana nümayişlər zamanı polisin gücdən
həddindən artıq istifadə etməsi hallarını araşdırmaq çağırışı
edilib. Beynəlxalq forumlarda yaxşı əməkdaşlığın ümumən
saxlanılmasına baxmayaraq, Gürcüstan bəzi beynəlxalq və Aİ
təşəbbüslərinə qoşulmayıb".
28 noyabr 2024-cü ildə "Gürcü Arzusu" hökumətinin rəhbəri İrakli
Kobaxidze bəyan etdi ki, hakim qüvvə 2028-ci ilin sonunadək Aİ-yə
üzvlüklə bağlı danışıqların açılması məsələsini gündəmə
gətirməyəcək — "Həmçinin, 2028-ci ilin sonunadək Aİ tərəfindən hər
cür büdcə qrantından imtina edirik", — deyə o zaman İrakli
Kobaxidze bildirmişdi. Aİ ilə ikitərəfli təmaslar kəskin pisləşib
və "Gürcü Arzusu" liderlərinin anti-Qərb, anti-Avropa ritorikası
2024-cü ilin yazında "Xarici təsirin şəffaflığı haqqında" qanunun
qəbulundan sonra kəskinləşib ki, bu da kütləvi etiraz aksiyalarına
səbəb olmuşdu.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415