Rusiya Ukraynadan oğurladığı uşaqları Şimali Koreyada yay
düşərgəsinə göndərir. AzadlıqRadiosu bunu Avropa İttifaqının
(Aİ) yeni sanksiyalarının əks olunduğu sənədə əsasən yazır.
Sənəddə Aİ-nin Rusiyaya qarşı bu həftə təsdiqləməyə hazırlaşdığı
yeni sanksiyaların əhatələyəcəyi şəxslər və qurumlar
göstərilib.
Sanksiya təklif olunan şəxslər əsasən Krım və Donbasda Rusiyanın
işğal etdiyi ərazilərdə çalışan rəsmilərdir. Siyahıdakı ən
diqqətçəkən ad isə Şimali
Koreya hakimiyyətinin idarə etdiyi
Sondovon Beynəlxalq Uşaq Düşərgəsidir.
Sənəddə deyilir ki, bu düşərgə
"ukraynalı uşaqların
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Şimali Koreyaya
aparılmasını nəzərdə tutan mütəşəkkil proqramlarda iştirak
edir".
Uşaqların "mədəni mübadilə" çərçivəsində Rusiya rəsmilərinin
koordinasiyası altında aparıldığı bildirilir. Transferlərin daha
geniş təbliğat məqsədi daşıdığı, ukraynalı uşaqların rusiyapərəst
ideologiyanın təsirinə məruz qoyulduğu vurğulanır.
Başqa sözlə,
"düşərgə Rusiya Federasiyası ilə əlaqəli
şəkildə ukraynalı uşaqların qanunsuz aparılmasında, ideoloji
təlqinə məruz qoyulmasında və hərbiləşdirilməsində birbaşa iştirak
edir", - sənəddə deyilir.
Böyük Britaniya da sanksiya tətbiq etmişdi
Sözügedən düşərgə Şimali Koreyanın şərq sahilində, Yapon dənizi
sahilində, Cənubi Koreya ilə sərhəddən 95 kilometr məsafədə
yerləşir.
Düşərgəni təbliğ edən "Uri Turs" Şimali Koreya şirkəti onun
ölkədəki ən böyük düşərgə olduğunu, 1960-cı ildə "beynəlxalq
dostluğun təşviqi" məqsədilə açıldığını bildirir.
Böyük Britaniya mayda bu düşərgəyə "Rusiya hökumətinin ukraynalı
uşaqların zorla deportasiyası və yenidən tərbiyələndirmə proqramına
dəstəyinə görə" sanksiya tətbiq edib.
Şimali Koreya buna Londondakı səfirini geri çağırmaqla cavab
verib.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ukraynalı uşaqların qanunsuz
deportasiyası ittihamı ilə Rusiya prezidenti Vladimir Putinin
həbsinə order verib.
Şimali Koreyanın Rusiyanın uşaqları oğurlamaq kampaniyasına cəlbi
isə Pxenyanın müharibədəki rolunun daha da artdığını göstərir.
2024-cü ildə Ukrayna qüvvələri Kursk vilayətinə girəndə Şimali
Koreyanın Rusiya qüvvələri ilə birlikdə döyüşməyə 12 minədək hərbçi
göndərdiyi bildirilir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə,
döyüşlərdə təxminən 2 min Şimali Koreya hərbçisi həlak olub.
Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda bildirib ki,
Şimali Koreya Rusiyaya daha çox hərbçi göndərəcək. Onlar Ukraynaya
hücumlarda Pxenyan istehsalı ballistik raketləri idarə edə
bilərlər.
Sanksiya siyahısında başqa düşərgələr də var
Aİ-nin sanksiyalar siyahısında yer alan digər qurumlar isə
Rusiyada, Ukraynanın işğal olunmuş bölgələrində yerləşən yay
düşərgələridir.
Blokun məlumatına görə, həmin düşərgələrə aparılan uşaqlar
"Rusiyaya sədaqət, rus milli kimliyi və dəyərlərinin
mənimsənilməsi, hərbi-tarixi mövzular, hərbi-vətənpərvərlik
qurumları ilə birgə fəaliyyət" aşılayan proqramlara cəlb
olunurlar.
Sənəddə vurğulanır ki, bu cür deportasiyalar "Ukrayna kimliyini
silmək, onun gələcək nəsillərinin qorunub saxlanmasına xələl
gətirmək məqsədi daşıyır, beynəlxalq hüququn ciddi pozulması,
uşaqların əsas hüquqlarının tapdalanması" deməkdir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.