“Gürcü Arzusu”nun lideri və baş nazir İrakli Kobaxidze keçmiş
komanda yoldaşı, həbsdə olan sabiq baş nazir İrakli Qaribaşvilinin
məktublarına münasibət bildirib və deyib:
“Bu məktublarla bağlı deyə biləcəyim yeganə şərh budur
ki, bu, həm gülüncdür, həm də faciəvidir”, – İrakli
Kobaxidze sentyabrın 7-də jurnalistlərə bildirib.
“Sadə etik mülahizələrdən irəli gələrək məsələnin daha
dərininə getməyəcəyəm”, –
deyən Kobaxidze, bununla
belə, əlavə edib:
“Məktubların özünün məzmunu o qədər qeyri-ciddidir ki, bu da mənə
ciddi şəkildə hər hansı şərh verməyə imkan
vermir”.
“Yalan kampaniyası”
“Yalan kampaniyasının arxasında kim dayanır?” – sualını
dəqiqləşdirmək məqsədilə jurnalist, ehtimal ki, “Gürcü Arzusu”na
qarşı yönəlmiş tənqidi kampaniyanın “mühafizəkar qanadını” nəzərdə
tutaraq, bunun arxasında “Gürcü Arzusu”nda İrakli Qaribaşvilinin
dayandığının düşünüldüyünü bildirib. Kobaxidze isə belə cavab
verib:
“Yəni, belə məlumatları, belə saxtakarlığı kim yayırsa,
arxasında duran da odur. Bu, gizlədilən bir şey də deyil, asanlıqla
üzə çıxır. Elə qüvvələr var ki, o qədər də yaxşı reputasiyaya malik
deyillər”.
Kobaxidze bunun “konkret bir media vasitəsi”
olduğunu bildirib – ehtimal ki, “Asaval-Dasavali”ni nəzərdə tutub,
lakin onun adını çəkməyib və sonda deyib:
“Keçmiş baş nazirin konkret qaranlıq bir qəzetin bloqçusu
səviyyəsinə enməsi çox təəssüf doğurur. Bu, çox təəssüfverici və
faciəvi hadisədir”.
Qaribaşvilinin məktubu və “Asaval-Dasavali”
Sentyabrın 1-də həbsxanadan yayılan məktubunda İrakli Qaribaşvili
bildirib ki, fevralın 12-də İrakli Kobaxidze və Mamuka
Mdinaradzenin göstərişi ilə ona həbsxanaya “Asaval-Dasavali”
qəzetinin fevralın 2-də çıxan nömrəsini göndəriblər. Həmin nömrədə
hüquq müdafiəçisi kimi təqdim olunan Lazare Corbenadze ilə müsahibə
dərc edilib.
Corbenadze iddia edirdi ki, “David-Qareci satılıb” və belə bir
sənədi öz gözləri ilə görüb. O, İrakli Kobaxidzenin fəaliyyətini
tənqid edir, İrakli Qaribaşvilini isə müsbət təqdim edirdi.
“Qəzet mənə iddialı bir mesajla birlikdə təqdim edildi.
Həmin mesajda tamamilə yanlış təsəvvürə əsaslanan şübhə ifadə
olunmuşdu – görəsən, adıçəkilən məqalənin arxasında mən
dayanmışam?” – Qaribaşvili yazırdı.
“İndi artıq mənim üçün mənzərə aydındır və bütün
məsələlərə cavab verilib: niyə məktubun ilk bəndinə ‘Dito Çubinidze
və İrma İnaşvili kimi tərəfdarların’ ciddi şübhələr yaratdığı və
Kobaxidze-Mdinaradze komandasının maraqlarına ciddi zərər vurduğu
yazılıb”, – Qaribaşvili avqustun 1-dəki məktubunda
yazırdı.
“Corbenadzeyə yalan yaydırıblar” – Kobaxidze
İrakli Kobaxidze bu gün bildirib ki, Corbenadzenin David-Qareci ilə
bağlı dedikləri yalandır.
“İnsan dünyasını dəyişib, indi onun haqqında hər hansı
belə söz demək istəmirəm. Lakin fakt budur ki, onun vasitəsilə
asanlıqla ifşa edilə bilən çox sadə bir yalan yayılıb”,
– Kobaxidze sentyabrın 7-də Lazare Corbenadze
haqqında danışarkən bildirib.
“O, imzalanmış konkret bir müqavilədən danışırdı. Belə
bir müqavilə gizli şəkildə bağlana bilməz. Hökumətin bütün
qərarları, bütün aktları açıq və şəffafdır. Belə bir razılaşmanın
heç biri gizli şəkildə imzalana bilməz”, – deyib.
“Bu adama çox sadə bir yalan yaydırıblar... O, faciəvi
bir şəxsdir və daha sonra həyatına intihar etməklə son qoyub.
Bununla bağlı onun ailə üzvünün ifadəsi və sair var. Bu barədə
danışmaq etik deyil”, – Kobaxidze bildirib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.