Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O'Flaherti
hesab edir ki, “Xarici agentlərin qeydiyyatı haqqında Akt”ın,
qondarma FARA-nın
Gürcüstanda qəbul edilməsi vətəndaş cəmiyyətinə qarşı yönəlmiş
məhdudiyyətlərin bir hissəsidir və media ilə qeyri-hökumət
təşkilatlarına mənfi təsir göstərir.
Bu barədə “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” (GGHA)
məlumat yayıb.
GGHA-nın məlumatına görə, komissar Avropa İnsan Hüquqları
Məhkəməsinə yazılı mövqe təqdim edib.
Məhkəmədə təşkilatın
təşəbbüsü ilə qaldırılmış “Gürcü FARA-sı” işi araşdırılır. Komissar
işdə üçüncü tərəf qismində iştirak edir.
Onun qiymətləndirməsinə görə, qanunun müddəaları İnsan Hüquqları
üzrə Avropa Konvensiyasında müəyyən edilmiş qanunilik, legitimlik,
zərurilik və mütənasiblik meyarlarına ziddir. Komissar həmçinin
ayrı-seçkiliyin qadağan edilməsi prinsipinə diqqət çəkir.
Komissarın qiymətləndirməsinə görə:
• qanunda qeyri-müəyyən ifadələr yer alır və “siyasi fəaliyyət”
anlayışı həddindən artıq geniş şərh edilir ki, bu da qanunun
kimlərə şamil olunduğunu müəyyənləşdirməyi çətinləşdirir;
• qanun sərtliyinə görə Rusiyanın “xarici agentlər” haqqında
qanunlarına bərabər tutulan inzibati nəzarət rejimi yaradır;
• qaydaların qəsdən pozulmasına görə cinayət məsuliyyəti, o
cümlədən 5 ilədək həbs cəzası nəzərdə tutulur;
• “agent” terminindən istifadə cəmiyyətdə mənfi məna daşıyır və
qanun vətəndaş sektorunun damğalanmasına səbəb olur.
Komissar həmçinin hakimiyyət nümayəndələrinin qeyri-hökumət
təşkilatlarını və hüquq müdafiəçilərini “dövlət düşmənləri”
adlandırmasına diqqət çəkir.
Onun qiymətləndirməsinə görə, qanun xarici maliyyə alan konkret
fiziki və hüquqi şəxsləri məqsədyönlü şəkildə hədəfə alır. Komissar
bu şəxslərə münasibətdə belə fərqli rəftarı əsassız hesab edir.
Komissar ehtimal edir ki, Strasburq Məhkəməsi qanunun qəbulunu
hökuməti tənqid edən təşkilatların qorxudulmasına və vətəndaş
fəallarının nüfuzdan salınmasına yönəlmiş genişmiqyaslı
məhdudiyyətlərin bir hissəsi hesab edə bilər.
Digər qanunvericilik dəyişiklikləri
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı “Gürcü FARA-sı”na
təcrid olunmuş şəkildə baxmır və onu son iki ildə qəbul edilmiş
digər qanunvericilik dəyişiklikləri ilə birlikdə
qiymətləndirir.
O, FARA-nın qəbulundan təxminən altı ay əvvəl qüvvəyə minmiş
“Xarici təsirin şəffaflığı haqqında” qanuna, qondarma agentlər
qanununa da diqqət yetirir. Komissar vurğulayır ki, hər iki qanun
eyni vaxtda qüvvədədir.
Yazılı mövqedə digər dəyişikliklərdən də söhbət açılır. O
cümlədən:
• “Qrantlar haqqında” qanuna edilmiş dəyişikliklərdən. Bu
dəyişikliklərə əsasən, xarici donorlar qrant vermək üçün hökumətin
razılığını almalıdırlar, icazəsiz qrant qəbul edilməsinə görə isə
sanksiyalar nəzərdə tutulur;
• “Yayım haqqında” qanuna edilmiş dəyişikliklərlə “xarici
qüvvələrə” audiovizual yayımçıların birbaşa və ya dolayı
maliyyələşdirilməsi, yaxud onlardan xidmətlərin satın alınması
qadağan edilib;
• vətəndaş təşkilatlarının ictimai qərarların qəbul edilməsi
prosesində məcburi iştirakının ləğv edilməsindən;
• “Söz və ifadə azadlığı haqqında” qanunda böhtanla bağlı
dəyişikliklərdən və toplaşmaq azadlığına əlavə məhdudiyyətlərin
tətbiq edilməsindən.
Komissar 2026-cı ilin martında qəbul edilmiş dəyişiklikləri də
ayrıca qeyd edir. O cümlədən, “Qrantlar haqqında” qanunun
pozulmasına görə 6 ilədək həbs cəzası nəzərdə tutan cinayət
məsuliyyəti müəyyən edilib, “siyasi fəaliyyət” məqsədilə çirkli
pulların yuyulmasına görə isə 12 ilədək həbs cəzası nəzərdə
tutulub.
Komissarın qiymətləndirməsinə görə, bu qanunvericilik
dəyişiklikləri demokratiya üçün təhlükə yaradır.
O hesab edir ki, sağlam demokratiya üçün vətəndaş cəmiyyəti
təşkilatlarının fəaliyyətinin səmərəli şəkildə dəstəklənməsi,
onların birləşmək və ifadə azadlığının qorunması həyati əhəmiyyət
daşıyır.
GGHA-nın məlumatına görə, komissar “Gürcü Arzusu” hökumətini
beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaş sektoru üçün azad və
təhlükəsiz iş mühitinin təmin edilməsinə çağırır.
“Gürcü FARA-sı” işi Strasburqda
GGHA “Xarici agentlərin qeydiyyatı haqqında Akt”a qarşı 2025-ci
ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Şikayət altı ərizəçinin adından təqdim olunub. Onların
arasında:
• “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”;
• “Studio Monitor”;
• “Gürcüstan xəbərləri” var.
Digər üç ərizəçi isə bu təşkilatların rəhbərləridir.
GGHA-nın qiymətləndirməsinə görə, qanun vətəndaş cəmiyyətinin və
medianın fəaliyyətini məhdudlaşdırır, onların nüfuzdan salınması və
təqib edilməsi mexanizmini yaradır. Buna cinayət məsuliyyətinin
tətbiqi də daxildir.
Strasburq Məhkəməsi artıq işə mahiyyəti üzrə baxmağa başlayıb və
Gürcüstan dövlətinə suallar göndərib.
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı özü işə məhkəmədən
üçüncü tərəf qismində qoşulmasını xahiş edib. Məhkəmə onun
müraciətini 2026-cı ilin iyulunda təmin edib və yazılı mövqeyin
təqdim edilməsi üçün avqustun 31-dək müddət müəyyənləşdirib.
Komissar Strasburq Məhkəməsində araşdırılan daha bir — “Xarici
təsirin şəffaflığı haqqında” qanunla bağlı, qondarma agentlər
qanunu işi üzrə də üçüncü tərəfin mövqeyi ilə iştirak edir.
“Gürcü FARA-sı” parlament tərəfindən 2025-ci il aprelin 1-də qəbul
edilib.
“Gürcü Arzusu”nun nümayəndələri bildirirlər ki, qanun ABŞ-da
qüvvədə olan FARA-nın analoqudur və məqsədi şəffaflığın təmin
edilməsi, eləcə də “ölkənin suverenliyinin xarici müdaxilədən
qorunmasıdır”.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.