Martın əvvəlində, günorta yeməyi vaxtı evinə qayıdan Milad
Purtalebian görür ki, mənzilinə zorla girib, oranı alt-üst ediblər.
Üzərində "İranı yenidən möhtəşəm edək" yazılmış beysbol papağı iri
mətbəx bıçağı ilə divara sancılmışdı. Bu isə mənzilə oğurluq
məqsədilə girilmədiyini göstərirdi.
İran vətəndaşı Purtalebian 2024-cü ildə Kanadaya köçüb, Saskatun
şəhərində mühacir müxalifətin mitinqlərini təşkil edir.
Bu insident ABŞ
və İsrail ilə İran arasında müharibə başlayandan
cəmi bir neçə gün sonra baş verib. Bundan əvvəl isə 32 yaşlı
Purtalebian fəallığına görə internetdə bir sıra təhdidlər alıb. O,
dərhal yerli polisə müraciət edib, siyasi səbəblərlə hədəfə
alındığını bildirib.
"Əvvəlcə bu hadisə məni çox qorxutdu. Qərara gəldim ki, bu qorxunun
siyasi baxışlarımı ifadə etməyimə mane olmasına imkan verməyim.
Azadlıq uğrunda həyatını itirmiş minlərlə iranlı haqqında
düşünürəm", – o, AzadlıqRadiosuna müsahibəsində
deyib.
Radionun əməkdaşı Rey Förlonq yazır ki, Purtalebianın onunla
paylaşdığı fotolar, polis sənədləri və sosial şəbəkələrdən
götürülmüş ekran görüntüləri belə bir təəssürat yaradır: O, İrandan
minlərlə kilometr uzaqda olsa da, bu ölkənin təhlükəsizlik
xidmətləri üçün əlçatmaz deyil.
Telegram paylaşımlarından birində Purtalebian "siyasi quruluşa
qarşı təbliğatda" və "Amerika ilə sionist rejimin İrana hücumunu"
dəstəkləməkdə ittiham olunur.
"Bu şəxs Saskatunda
yaşayır. Bir neçə ay əvvəl onun yerini müəyyənləşdirdik və
mesajımızı evində özünə çatdırdıq", – paylaşım belə
bitir.
Purtalebian mənzilindən heç nə götürülmədiyini və hadisə ilə bağlı
heç kimin həbs olunmadığını deyir.
Transmilli repressiya
Kanadada fəaliyyət göstərən "Factnameh" farsdilli fakt yoxlama
xidmətinin son hesabatına görə, İrandan kənardakı tənqidçilərə
qarşı geniş ictimaiyyətin cəlb olunduğu izləmə, kiber-qorxutma və
şəxsi məlumatların ifşası (doksing) halları kəskin artıb. Məsələn,
"Əlac" adlı platforma vasitəsilə insanlar başqaları haqqında donos
verə bilirlər. Saytda təxminən 1600 nəfər haqqında dosye toplandığı
deyilir. "Factnameh" bildirib ki, İran dövlət televiziyası adı
çəkilən şəxsləri əmlaklarının müsadirəsi, konsulluq xidmətlərinin
tam dayandırılması və İnterpolun qırmızı bildirişləri ilə
hədələyib. Farsca "qəbirqazan" mənasını verən "Gurkan" isə "xain"
adlandırdığı şəxslərin şəxsi məlumatlarını yayımlayır.
ABŞ, Britaniya və Niderlandın kəşfiyyat qurumları ötən ay İranın
qlobal kiberkampaniya apardığını bildiriblər. Federal Təhqiqatlar
Bürosunun (FTB) məlumatına görə, dünyanın müxtəlif yerlərində
iranlı dissidentlərə, İran əleyhinə mövqe tutan jurnalistlərə və
digər müxalif qruplara qarşı zərərli kiberfəaliyyət məqsədilə
"Heavygram" adlı proqramdan istifadə olunub.
İran tək deyil. Vaşinqtonda yerləşən "Freedom House" təşkilatının
araşdırma və təhlil üzrə rəhbəri Yana Qorxovskaya illərdir bu
fenomeni öyrənir.
"Məlumatlarımıza görə, Çin, İran və Rusiya transmilli repressiya
həyata keçirən ilk 10 dövlət sırasındadır. Çin digər hökumətləri
böyük fərqlə qabaqlayır. Bu üç ölkə arasında ən çox Rusiya sui-qəsd
və birbaşa hücumlar vasitəsilə zorakılığa əl atır", –
o, AzadlıqRadiosuna deyir.
Vaxtilə Britaniyaya sığınmış keçmiş Rusiya kəşfiyyatçıları
Aleksandr Litvinenko və Sergey Skripal zəhərlənib, mərhum rusiyalı
müxalifətçi Aleksey Navalnının yaxın silahdaşı, müxalifət fəalı
Leonid Volkov isə Litvada çəkiclə hücuma məruz qalıb.
"Bir növ paranoya"
Kibertəhlükəsizlik mütəxəssisi və Kremlin tənqidçisi Mixail
Klimaryov Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma
başlayandan sonra ölkədən qaçıb. O, hazırda Berlində yaşayır və
Volkovla əməkdaşlıq edir.
53 yaşlı Klimaryov AzadlıqRadiosuna danışır ki, bu daimi təhlükə
üzündən davranışlarında "bir növ paranoya" yaranıb: "Bayırda olanda
izlənilib-izlənilmədiyimə diqqət edirəm. Mənzilimin qapı dəstəyinə
toxunmazdan əvvəl onu mütləq yoxlayıram, çünki daha əvvəl belə
yerlərə "Noviçok" sürtülməsi hadisəsi olmuşdu".
Klimaryov Moskvanın onun kimi insanlara qarşı apardığı psixoloji
müharibədən də söz açır. Məsələn, onun Rusiya pasportunun
etibarlılıq müddəti 2029-cu ildə bitir, axtarışda olduğu üçün
gələcəkdə onu yeniləyə bilməyəcəyini bilir. Bu qeyri-müəyyənlik
onun Almaniyadakı hüquqi statusuna indidən mənfi təsir
göstərir.
Rusiya onu terrorçular siyahısına da daxil edib. ABŞ-yə son
səfərindən qayıdarkən avtomat və itlə gələn təhlükəsizlik əməkdaşı
onu təyyarəyə minmək növbəsindən çıxarıb və 30 dəqiqə sorğu-sual
edib.
Rusiyada "xarici agent" siyahısında olan fəalın sözlərinə görə,
hakimiyyətin siyasi səbəblərlə tətbiq etdiyi cərimələr nəticəsində
təxminən 1 milyon dollar borcu yaranıb.
Klimaryov deyir ki, Almaniya dövlət qurumları tələb etmədikcə mobil
telefondan yararlanmır və nömrəsini heç kimə vermir. O, həmçinin
fişinq hücumlarına məruz qalan digər rusiyalılara kömək edir:
"Bütün bunlar mənə psixoloji təsir göstərirmi? Əlbəttə.
Tibbi məsləhət almışam... Panik ataklarım olur, bunun nə demək
olduğunu bilirsiniz?".
Buna baxmayaraq, Klimaryov özünü qurban saymadığını, həbsdə
olmadığını və özünü dolandıra bildiyini söyləyib.
Bədəlsiz fəaliyyət
"Freedom House"un məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və
Ruanda da transmilli repressiya həyata keçirən dövlətlər
sırasındadır. Qorxovskayanın sözlərinə görə, Qərb ölkələri nadir
hallarda buna qarşı ciddi və uzunmüddətli müqavimət göstərir:
"Transmilli repressiya həyata keçirənlər xaricdə
dissidentləri hədəfə aldıqlarına görə heç bir bədəl ödəmirlər...
Bir-birindən öyrənirlər ki, bu təcrübəni cəzasız şəkildə davam
etdirmək olar".
Purtalebian isə Kanadanın bu cür hallara daha sərt reaksiya
verməsini istəyir. Onun fikrincə, ölkə
"İslam
Respublikası ilə əlaqəli şəxslər üçün həddindən artıq açıq bir
ölkədir".
Saskatun polisi AzadlıqRadiosuna bildirib ki, iş üzrə araşdırma
dayandırılıb, amma şübhəli şəxs barədə yeni məlumat və ya əlavə
sübutlar daxil olarsa, təhqiqat bərpa oluna bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.