Marneuli şəhərində tullantılar gecə saatlarında daşınacaq

Marneuli şəhərində yeni təmizləmə sistemi qurulur. Səhər saatlarının əvəzinə küçələr tullantılardan gecə saatlarında təmizlənəcək.

Dəyişiklik təşəbbüsü Marneulinin yeni meri Zaur Darğallıya aiddir və o, düşünür ki, bu yolla iqtisadi olaraq təmiz mühit yaranacaq.

“Gecə ərzində şəhər küçələrinə atılan tullantılar məni çox narahat edirdi. Bu təşəbbüslə biz gecə saatlarından səhərə qədər təmiz şəhərin olmasını təmin edəcəyik. Vacibdir ki, bu istiqamətdə əhali də bizə kömək etsin. Eləcə də yeni texnika almaq və briqadaları gücləndirmək lazımdır” – Zaur Darğallı deyir.

O, əhalinin məlumatlandırılması üçün könüllülər qrupu yaratmağı planlaşdırır. Onlar ətrafın çirklənməsinə qarşı fəal şəkildə çalışacaqlar.

Marneulinin meri hesab edir ki, yalnız meriyanın çalışması effektli olmayacaq, eyni zamanda əhali də məlumatlı olmalıdır.

Marneuli meriyasında təmizləmə işlərini “Təmiz Marneuli” MMC öz üzərinə götürür.

“Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladzenin dediyinə görə, Zaur Darğallının yeni təşəbbüsü effektli olacaq.

“Saat 11-dən sonra tullantılar daşınmırdı, gecə ərzində bəzi insanlar zibili yerə atır, bəzən külək əsir və zibili ətrafa dağıdır və daha çox zibillik olur. Görək bu həftə ərzində hansı nəticəni əldə edəcəyik. Bu gün səhər tezdən baxdım çox da zibilli deyildi” – Leri Mumladze deyir.

Mumladze onu da qeyd etdi ki, indiyə kimi zibilin daşınması saat 6-dan başlayırdı. Qeyd olunan təşəbbüs kəndlərə aid deyil və yalnız Marneuli şəhəri üçün nəzərdə tutulub.

 

 

Print Email
FaceBook Twitter Google