Elvin Tağıyev Gürcüstan Parlamentindəki təcrübə proqramının gənclərlə iş üzrə komitəsinə yeni sədr seçilib
Gürcüstan
Parlamentindəki təcrübə proqramının gənclərlə iş üzrə komitəsinə
yeni sədr seçilib.
Komitənin yeni sədri Elvin Tağıyev artıq iki ildir ki, təcrübə
proqramında fəal şəkildə iştirak edirdi.
Yerli özünüidarəetmə və Regional siyasi komitədə yer alan
E.Tağıyevin sözlərinə görə, həmin komitədə 1 semestr ərzində
təcrübə qazanıb və 2-ci semestrin əvvəlində hüquq komitəsi
tərəfindən sədrliyə dəvət alıb. Aldığı təklifi dəyərləndirən
Tağıyev 2-ci semestrin əvvəllərindən etibarən hüquq komitəsinin
sədri olaraq fəaliyyət göstərməyə başlayıb.
"Daha əvvəl 1 semestr ərzində həmin komitədə sektor
sədri oldum və mənim sektorum ən böyük sektorlardan biri idi. 80-ə
yaxın tələbəyə rəhbərlik edirdim. Bu fəaliyyətimi uğurla başa
vurduqdan sonra 2-ci ildə Gürcüstan tələbə parlamenti tərəfindən
fəxri dəvət aldım və onlar təklif etdilər ki, sektor iqtisadiyyatı
və iqtisadi siyasət komitəsində sədr olum. Təbii ki, bu təklif
maraqlı idi və mənim üçün sevindirici hal oldu, bu səbəblə də
təklifi qəbul etdim", – Elvin Tağıyev dedi.
O, təcrübə proqramının gənclər üçün faydalı olduğunu və gələcək iş
həyatlarında bir sıra uğur qazandıracağını bildirdi.
"Bu proqrama Gürcüstanda təhsil alan yüzlərlə, minlərlə gürcü və
eləcə də azərbaycanlı, erməni tələbələr qatılır. Əlbəttə ki,
faydalı tərəfləri çoxdur, tələbələr proqram müddətində yeni-yeni
təcrübələr toplayır, tanınmış dövlət adamları ilə görüşlər
keçirilir. Komitə iclaslarında görüşlər təşkil olunur. Bütün bunlar
tələbələrin gələcək iş həyatında da olduqca faydalı olacaq",
– Elvin Tağıyev dedi.
Gürcüstan Dövlət Texniki universitetinin Sosial Elmlər fakültəsinin
"İctimai Əlaqələr" bölümü üzrə 4-cü kurs tələbəsi olan E.Tağıyevin
sözlərinə görə, gələcəkdə gənclərlə birlikdə çalışmağı
planlaşdırır. O, təhsil aldığı müddət ərzində də bir sıra
layihələrdə yer alıb, həmçinin Avropa təşkilatının biznes
layihələrində də gənclərlə birlikdə çalışıb. Tağıyev deyir ki,
gənclərin qarşısında bir çox problemlər var ki, bu problemləri
birbaşa gənclərlə çalışaraq həll etmək lazımdır və bunun üçün o,
gələcəkdə Gənclər təşkilatı yaratmağı düşünür.
Xatırladaq ki, Gürcüstan Parlamentində Təcrübə Proqramı 2012-ci
ildən fəaliyyət göstərir.