Marneuli meri üçün yeni sosial proqramın ən mühüm hissəsi Məhdud Fiziki İmkanlı Şəxslər Şurasının yaradılmasıdır
Marneuli meri bu gün, 17 yanvar tarixində 2020-ci il sosial proqramların təqdimatını keçirdi. Marneuli meri Zaur Darğallı görüş zamanı bildirdi ki, sosial proqramlar yenilənib və əsas prioritet uzunmüddətli inkişafa yönəlib.

“Bizim üçün ən mühüm məsələ məhdud fiziki imkanlı şəxslərə yardımdır. Marneuli meriyasında yeni şura yaradılacaq, bu şura bizə vətəndaşların ehtiyaclarını qarşılamaq imkanı verəcək”, – Zaur Darğallı bildirdi.

Zaur Darğallının qeyd etdiyi Məhdud Fiziki İmkanlı Şəxslər Şurasıdır ki, bu şura da 9 üzvdən ibarət olacaq. Şura üzvlərinin siyahısına Marneuli merinin müavini, Bələdiyyə Məclisinin nümayəndəsi, merin nümayəndəsi, məhdud fiziki imkanlı şəxslər və onların valideynləri daxil olacaq.

Məhdud fiziki imkanlı uşağın valideyni Murad Lomsanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə Məhdud Fiziki İmkanlı Şəxslər Şurasının yaradılması çox yaxşı haldır, lakin yaxşı olardı ki, merin özü də şuranın üzvü olaydı.

“Əgər irəliyə doğru addım atılırsa, bu çox mühümdür, lakin deyə bilərik ki, bu gec atılmış addımdır. Bələdiyyə bu proqramlar və şura haqqında fikirləşməyə daha öncə başlamalı idi”, – Murad Lomsanidze deyir.

Məhdud Fiziki İmkanlı Şəxslər Şurasının yaradılması ilə bərabər benefisiarların yardım proqramına da dəyişiklik edilib. Görmə və eşitmə qüsuru olan benefisiarların aylıq yardımı 10 lari artırılaraq 50 lariyə çatdırılıb. Bundan başqa dializ proqramında iştirak edən şəxslərin yol xərcləri də artırılıb. Marneulidə yaşayan benefisiarlar üçün yol xərci 40 laridən 70 lariyə, inzibati ərazi vahidlərində yaşayanlar üçün isə 100 lariyə qaldırılıb.

Korlar İttifaqının üzvü Surik Çiçyanın “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məhdud fiziki imkanlı şəxslərə işlə təmin olunma imkanı yaradacaq xidmətlərin yaradılmasına ehtiyac var. Lakin bu proses üçün zamana ehtiyac var, bunadək isə birdəfəlik yardımlar saxlanılmalı və hətta artırılmalıdır.

Print Email
FaceBook Twitter Google