Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı film çəkilib (VIDEO)
14:01 / 17.02.2020
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı film
çəkilib. Çəkiliş işləri Marneuli şəhərində baş tutub. Filmin əsas
mövzusu Marneulidə yaşayan gənclərin həyat tərzi haqdadır.
Yarım saatlıq filmdə gənclərin kazinolara üz tutması, narkomaniya
və kriminal hadisələrin törətdiyi fəsadlar əks olunub. Filmdə real
hadisələr əsasında çəkilib.
Filmin ssenari müəllifi və rejissoru Elmar Xəlilov "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar əsasən iki qardaşın
fərqli həyat tərzini lentə alıblar. Onun sözlərinə görə, filmdə
Marneulidə son zamanlar gənclər arasında pis vərdişlərin artmasını
gündəmə gətiriblər.
Pis vərdişlərin günümüzün ən aktual mövzusu olduğunu deyən Elmar
Xəlilov qeyd etdi ki, bu filmi ərsəyə gətirməkdə məqsədləri
gənclərin pis vərdişlərdən uzaq durmasını və gənclərin sağlam həyat
tərzini təbliğ etmək olub.
Elmar Xəlilov onu da qeyd etdi ki, çəkiliş işləri dekabr ayında
başlayıb və fevral ayında tamamlanıb. Filmin son tamamlama
işlərinin qaldığını deyən Elmar Xəlilov bildirdi ki, fevralın
sonunda təqdimat keçirməyi planlaşdırırlar və film heç bir maliyyə
dəstəyi olmadan çəkilib.
Qeyd edək ki, filmdə 7 nəfər həvəskar aktyor çəkilib, 10 nəfər isə
epizodlarda iştirak edib.