Azərbaycan İranla sərhəddi bağladı
Azərbaycanın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Koronavirusa görə, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana səfər edən vətəndaşlaraına da müraciət edib.

Nazirliyin müraciətində deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.

Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur",
- bəyanatda deyilir.

Xatırladaq ki, İranda virusdan ölənlərin sayının altıya çatdığı və 28 nəfərin isə yoluxduğu bildirilir. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Print