"Ən böyük məsuliyyət valideynlərin üzərinə düşəcək" - Temur Suğaşvili distant təhsil barədə

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Gürcüstanın Birinci Kanalı “Tele-məktəb” təhsil layihəsinə başlayırlar. “Tele-məktəb” 30 mart tarixində Gürcüstanın İkinci Kanalının efirində yayımlanacaq.

Təhsil nazirinin müavini Ekaterine Dqebuadze “Marneuli” radiosuna verdiyi müsahibədə bildirdi ki, layihə məktəb şagirdləri üçün milli tədris proqramı ilə nəzərdə tutulmuş tele-dərslərin keçirilməsini nəzərdə tutur. Əsas məqsəd isə təhsilin bütün şagirdlər üçün əlçatan olmasıdır.

“Bazar ertəsindən artıq dərslər efirə çıxacaq. Əlçatanlıqla bağlı biz bu layihəni geniş şəkildə planlaşdırmışıq. Məqsəd etnik azlıqarı və xüsusi ehtiyacı olan şagirdləri də əhatə etməkdir. İndiki mərhələdə bütün dərslər jest dilində olacaq. Bazar ertəsindən erməni və azərbaycan dillərində dərslərin yazılmasına başlanacaq. Ümid edirik ki, gələn həftədən erməni və azərbaycan dilində dərslər əlavə olunacaq. Həmçinin, gürcü dili ikinci dil kimi fənni də olacaq”.

Bir həftədən artıqdır ki, Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinə distant təhsillə bağlı ilkin tövsiyələri bölüşüb və tövsiyələrdən biri Microsoft office 365 məhsullarından ünsiyyət kanalı olaraq istifadə etməkdir. Ekaterine Dqebuadzenin dediyinə görə, tele-məktəbin başlanması bu kimi platformalardan imtina etmək demək deyil, müəllimlər seçim etməkdə sərbəst olacaqlar.

“Mövcud vəziyyətdən irəli gələrək biz sinifdə dərs keçə bilmirik deyə sistem məktəblərə bir neçə model təklif etməlidir ki, məktəb və şagirdlər arasında təhsilin əlçatanlığı və münasibətlər olsun. Çalışırıq daha çox variant təklif edək ki, müəllimin və məktəbin şagirdlər ünsiyyət üçün seçim edəcəyi xidmətlər çox olsun. Əlçatanlığı ən geniş miqyasda əhatə edəcək variantlardan biri televiziya məktəbidir”,
– Ekaterine Dqebuadze deyir və bildirir ki, əlaqə üçün həmçinin, mobil telefondan da istifadə etmək olar.

Şagirdlərlə onlayn təhsilə Marneuli 2 və 5 ictimai məktəbinin mülki təhsil, coğrafiya və tarix müəllimi Temur Suğaşvili də başlayıb. Ancaq şagirdlərin bir hissəsinin kompüteri, yaxud interneti olmadığı halda çətinliklə qarşılaşıb. Ümid edir ki, tele-məktəbə indi hamı qoşula biləcək, ancaq bunların hamısında ən böyük rolu valideynlərdə görür.

“Tele-məktəbin özünün müsbət tərəfləri var, ancaq burada ikinci tərəf də var ki, şagirdlərin əlaqə yaratmaq imkanı yoxdur. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqları ekran qarşısında oturtmalı və dərsləri izləmələrinə kömək etməlidirlər. Bu layihənin nə dərəcədə özünü doğruldacağı valideynlərdən asılı olacaq. Radio vasitəsilə Marneulili valideynləri diqqətli olmağa övladlarına müəyyən bacarıqlardan istifadə etməyi izah etməyə çağırıram.”

Temur Suğaşvili şagirdlər üçün bir neçə onlayn proqramdan artıq istifadə edir, ümid edir ki, böyük təcrübə də toplayacaq və gələcəkdə bundan daha fəal istifadə edəcək.

“Tele-məktəb” layihəsinə ictimai və özəl məktəb müəllimləri qoşulacaq və 1-ci sinifdən 12-ci sinfə qədər şagirdlərə televiziya dərsləri keçəcəklər. Dərslər bazar ertəsindən başlayaraq keçiriləcək və hər səhər saat 9-da başlayacaq. Layihəyə şənbə-bazar günləri müxtəlif maarifləndirici-əyləncəli proqramlar da əlavə olunacaq.

Tele-məktəbin dərs cədvəlinə mes.gov.ge-dən də baxmaq mümkün olacaq.

 

 

Print Email
FaceBook Twitter Google