2 aprel tarixində Marneulidəki “Geo Hospitals” klinikasına yüksək
hərarət simptomları ilə 4 nəfər yerləşdirilib.
Klinikanın rəhbəri Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi
məlumata görə, pasiyentlər təcrid olunmuş palatalara
yerləşdiriliblər və hazırda onlardan koronavirusa görə analiz
götürülməsi üçün infeksionistləri gözləyirlər.
“Onların analizlərinin cavabları təxminən bu gün axşam
və ya sabah səhər saatlarında məlum olacaq. Bizim xəstəxanada
45-dən 65-dək yaşlarda ümumilikdə 4 pasiyent var, onlardan üçü
kişi, biri isə qadındır”, – Tata Şenqelaia
bildirdi.
Şenqelaia pasiyentlərin yaşadıqları yer haqda məlumat verməyib.
31 mart tarixində Marneulidəki “Geo Hospitals” klinikasında 2
yoluxma halı qeydə alınmışdı.
23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində ciddi
rejimli karantin elan olunmuşdu. Bu barədə Gürcüstanın Baş naziri
Qiorqi Qaxaria bəyanat vermişdi.
31 mart tarixindən etibarən bütün Gürcüstan miqyasında komendant
saatı qüvvəyə minib, axşam saat 9-dan səhər saat 6-dək
vətəndaşların hərəkəti qadağan edilib.