71 yaşlı Ayvaz Şərəyev Kürtlər kəndində yaşayır. Onun ailəsinin
əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır. Onlar əsasən
istixanada xiyar, pomidor, kartof əkirlər.
Ayvaz Şərəyevin sözlərinə görə, onlar əkin işlərinə dekabr ayından
başlayıblar. Bu il onlar istixanada 10 000 ədəd xiyar şitili
əkiblər. Artıq onların əkdikləri məhsul yetişib. Ayvaz Şərəyev bu
gün eşidib ki, Marneuli bazarı artıq öz fəaliyyətini dayandırıb.
Bazarın bağlanmasının səbəbini də bilir və bunun doğru addım
olduğunu söyləyir. Amma o, bir tərəfdən də əkib-becərdiyi məhsulu
necə satacağına, bankdan götürdüyü krediti necə ödəyəcəyinə görə
narahat olur.
Ayvaz Şərəyev kimi digər kənd sakinləri də bazarın bağlanılmasına
görə narahtdırlar. Sakinlər deyir ki, onların əsas gəlir mənbəyi
kənd təsərrüfatıdır və onların da məhsulları artıq yetişib.
Xatırladırıq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart
tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə
qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun
yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.