Bu gün, 9 aprel tarixində Marneulidəki “Geo Hospitals” klinikasında
2 nəfərdən koronavirusa görə analizlər götürülüb.
“Geo Hospitals”-ın kliniki direktoru Tata Şenqelaianın “Marneuli”
radiosuna verdiyi məlumata görə, hər iki pasiyent Marneulidəndir və
onların analizlərinin cavabı sabah, 10 aprel tarixində məlum
olacaq.
Qeyd edək ki, 8 aprel tarixində Marneulidəki “Geo Hospitals”
klinikasında 62 yaşlı Bolnisi sakinində koronavirus
aşkarlanmışdı.
4-5 aprel tarixlərində klinikaya koronavirus əlamətləri ilə 6 nəfər
daxil olmuşdu ki, onlardan da birində – 55 yaşlı Marneulili qadında
virus aşkarlanmışdı.
3 aprel tarixində Marneulidəki səhra xəstəxanasında və “Geo
Hospitals”da koronavirusa görə götürülmüş 10 analizdən isə yalnız
birində – Bolnisidən olan pasiyentdə yoluxma halı qeydə
alınmışdı.
4 aprel tarixində Marneulidə, “Geo Hospitals” ərazisində
quraşdırılmış səhra xəstəxanası ləğv olunub. Səhra xəstəxanasının
sökülməsi qərarı “Geo Hospitals”-ın karantin müddətinin başa
çatmasına görə verilmişdi.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi
rejimli karantin elan edilmişdi. Bu barədə Gürcüstan baş naziri
Qiorqi Qaxaria bəyan etmişdi.
31 mart tarixində isə bütün Gürcüstan ərazisində komendant saatı
elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən
çıxmaq qadağan olunur.