Koronavirus: Marneulidəki “Geo Hospitals”-da 2 pasiyentdən analiz götürülüb
Bu gün, 9 aprel tarixində Marneulidəki “Geo Hospitals” klinikasında 2 nəfərdən koronavirusa görə analizlər götürülüb.
“Geo Hospitals”-ın kliniki direktoru Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi məlumata görə, hər iki pasiyent Marneulidəndir və onların analizlərinin cavabı sabah, 10 aprel tarixində məlum olacaq.

Qeyd edək ki, 8 aprel tarixində Marneulidəki “Geo Hospitals” klinikasında 62 yaşlı Bolnisi sakinində koronavirus aşkarlanmışdı.
4-5 aprel tarixlərində klinikaya koronavirus əlamətləri ilə 6 nəfər daxil olmuşdu ki, onlardan da birində – 55 yaşlı Marneulili qadında virus aşkarlanmışdı.

3 aprel tarixində Marneulidəki səhra xəstəxanasında və “Geo Hospitals”da koronavirusa görə götürülmüş 10 analizdən isə yalnız birində – Bolnisidən olan pasiyentdə yoluxma halı qeydə alınmışdı.

4 aprel tarixində Marneulidə, “Geo Hospitals” ərazisində quraşdırılmış səhra xəstəxanası ləğv olunub. Səhra xəstəxanasının sökülməsi qərarı “Geo Hospitals”-ın karantin müddətinin başa çatmasına görə verilmişdi.

Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilmişdi. Bu barədə Gürcüstan baş naziri Qiorqi Qaxaria bəyan etmişdi.

31 mart tarixində isə bütün Gürcüstan ərazisində komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.

"Marneuli" Radiosu
Print