"Marneuli sakinlərinin sabahdan məhsullarını satmaq imkanı olacaq" — Mamuka Naveriani
Marneuli sakinləri sabahdan öz məhsullarını sata biləcəklər. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Bələdiyyə Məclisi sədrinin müavini Mamuka Naveriani verib. Onun sözlərinə görə, böyük şirkətlərdən biri ilə danışıqlar uğurla nəticələnib və onlar Marneulidən məhsulları karantin rejiminə reiayət edərək aparacaqlar.

“Bu gün topdansatış şəbəkələrindən birinin nümayəndələri gəlmişdi. Sabahdan məhsulların aparılmasına başlanılacaq. Biz Bələdiyyə Məclisinin deputatları və inzibati ərazi vahidlərindəki icra nümayəndələri ilə birlikdə kompleks şəkildə işlədik. Baza yaradılıb və bu mərhələdə Marneulidə nə qədər məhsulun olması ilə bağlı 80% dəqiqliklə qeydlər aparılıb”,
– Mamuka Naveriani dedi və əlavə etdi ki, məhsulunu satmaqda problemi olan vətəndaşlar kənd icra nümayəndələrinə və ya Bələdiyyə Məclisinin majoritar deputatlarına müraciət edə bilərlər. Məhz onlar bələdiyyə və onlar arasında vasitəçi olacaqlar.

“Bu mərhələdə söhbət kələm, kartof və göyərti, müəyyən qədər turpdan gedir. Əsas odur ki, məhsulların aparılması zamanı karantin prinsipləri pozulmasın, bir neçə nəfər öz məhsullarını bir yerə toplayacaqlar ki, daha az təmas olsun. Yük maşınları məhsulları yükləyəcək və ödəniş də nağd olacaq.”

Naverianinin sözlərinə görə, bu məhsulu Marneulidən çıxaracaq yeganə topdansatış şirkəti deyil. Digər ticarət obyektləri ilə də danışıqlar aparılır ki, cavabları yaxın gələcəkdə məlum olacaq.

“Qeyd etmək istəyirəm ki, karantin rejimi elan olunanda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Marneuliyə gəldilər. Bu proseslər onların vasitəçiliyi ilə baş tutdu.”

Marneuli bazarının ərazisi 6 aprel tarixində tamamilə bağlandı. Bazar rəhbərliyindən bildirirlər ki, hazırda bazarda dezinfeksiya işləri həyata keçirilir, bazarın nə vaxt açılacağı isə dəqiq məlum deyil.

Print Email
FaceBook Twitter Google