Mağaza sahibləri bazar bağlandıqdan sonra məhsulları haradan alır

Artıq dörd gündür ki, Marneuli bazarı bağlıdır. Demək olar ki, bu bazar yerli sakinlər üçün alış-satış yeri idi. Marketlərin də əksəriyyəti satmaq üçün məhsulları məhz bazardan alırdılar. Biz bir neçə mağazada olduq.

Mağaza sahibləri bazarın bağlanmasına görə narahatdırlar. Deyirlər ki, mağazanın piştaxtalarını Marneuli bazarından doldururdular.

“Bazar bağlanmazdan 4 gün əvvəl ərzaq almışdım. Bundan sonra necə olacaq, bilmirəm. Baxın, kartofu dörd gündür ki, gətirmişəm. Nə edəcəyimi, necə olacağını bilmirəm”,
– Marneulidəki mağazalardan birinin nümayəndəsi deyir.

Bəziləri alternativ yollar tapıblar və mağazalara tərəvəzləri müxtəlif kəndlərdən gətirirlər. Deyirlər ki, karantin müddətində demək olar ki, hər şeyin qiyməti artıb.

“Hər şeyi baha almışam, üstünə qəpik-quruş qoyuruq ki, sakinlər də ala bilsin. Mən qohumumla danışmışam, istixanası var, məhsulunu mənə satacaq. Hər şey bahalaşıb. Kartof 2 laridir. Karantin elan olunmazdan əvvəl Marneuli bazarında 90 tetri idi. Soğan da bahalanıb, limon da.”

“Bazarın bağlanması çox pisdir. Alternativ yollar axtarıram. Kəndlərə gedirəm, oradan alıram”,
– Mağaza nümayəndəsi deyir.

Gürcüstan miqyasında aqrar bazarlar koronavirusun qarşısının alınması məqsədilə bağlanıb. Yalnız Milli Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış standartlarla fəaliyyət göstərmək mümkündür. Bu standartlarda bir sıra tələblər var ki, bunlar da aqrar bazarların rəhbərlərinə təqdim olunub. Marneuli topdansatış bazarının direktoru Elquca Xarşiladze də bu tövsiyələrlə artıq tanış olub, lakin bu mərhələdə bazarın açılmasına qərar verməyiblər. Onun bildirdiyinə görə, Marneuli bazarında dezinfeksiya işləri aparılır və nə vaxt açılacağı dəqiq məlum deyil.

 

"Marneuli" Radiosu

 

Print