Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dövlətin qiymət artımından sığortaladığı 9 məhsul bahalaşmayıb
Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi, dövlətin qiymət artımından sığortaladığı 9 məhsulun bahalaşmadığını bildirib.

Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsulları və Kəndlərin İnkişafı İdarəsinin müdiri Tenqiz Kalandadzenin "InterpressNews"-a verdiyi məlumata görə, məhsulların idxalı, eyni zamanda paylanması və pərakəndə satışı mərhələlərində qiymətlər nəzarətdə saxlanılır və bu vaxta qədər qiymətlər artmayıb. Bununla belə ayrı-ayrı özəl məhəllə mağazalarında qiymətlərin artırılması qeydə alına bilər.

"Bu günə qədər təxminən 20 iri idxal şirkəti bizimlə müqavilə bağlayıb və yanaşmamız budur ki, martın 10-u ilə müqayisədə 9 məhsulun qiyməti artmamalıdır.

Əsas odur ki, bu prosesi sistematik şəkildə aparırıq. Gündəlik iş rejimində nəzarət edirik, qiymətləri yoxlayırıq. Xüsusi monitorinq qrupu yaradılıb. Həm Tbilisidən, həm də bölgələrdən bizə qiymətlər göndərilir və artım yoxdur. Ayrı-ayrı məhəllə mağazalarında ola bilər, misal üçün qarabaşağın qiymətini 10 tetri artmış ola bilər, amma ümumiyyətlə bazarı götürsək, 80-90% hallarda qiymətlər saxlanılıb",
– Tenqiz Kalandadze deyib.

Tenqiz Kalandadzenin sözlərinə görə, istehlakçılar qiymət artımını görsələr, agentliyə məlumat verə bilərlər və buna dərhal reaksiya göstəriləcək.

"İstehlakçıları hər hansı bir süni qiymət artımı gördükləri halda bizimlə əlaqə saxlamağa çağırıram. Qaynar xəttimizin nömrəsi 1501-dir, dərhal reaksiya göstərəcəyik", – Tenqiz Kalandadze bildirib.

Məlumat üçün qeyd edək ki, dövlət 9 qida məhsulunu – düyü, makaron, qarabaşaq, günəbaxan yağı, şəkər, buğda, buğda unu, süd tozu və lobyanı qiymət artımından sığortalayıb və bunun üçün büdcədən 10 milyon lari ayrılıb.

Bununla yanaşı, istehlakçıların bir qismi tərəfindən sosial şəbəkədə məhsulların, o cümlədən adı çəkilən 9 məhsulun qiymətlərinin son günlərdə artdığı barədə məlumatlar yayılıb.

Print Email
FaceBook Twitter Google