NTİ-ın keçirdiyi şeir müsabiqəsinin qalibləri bəlli oldu – Video
Yeni Düşüncə İnstitutunun başlatdığı “#NTİevinizdə” kampaniyası çərçivəsində keçirilən şeir müsabiqəsinin qalibləri məlum oldu.

20 aprel tarixindən başlayan müsabiqəyə Marneuli, Bolnisi və Telavidən olan gənclər maraq göstəriblər. Onlar azərbaycan, türk, gürcü və rus dillərində tanınmış şairlərin yazdığı şeirləri səsləndirərək “NTİ”-ın rəsmi “Facebook” səhifəsinə göndəriblər.

Yeni Düşüncə İnstitutunun təsisçilərindən Kamran Əfəndiyev bildirdi ki, müsabiqədə 1-ci yerin qalibi 476 səslə Günel Cəlilova, 2-ci yerin qalibi 420 səslə Arzu Osmanova və 3-cü yerin qalibi 293 səslə Aysun Əhmədova olub.

Əfəndiyev deyir ki, qalibləri bəyənmə sayı və paylaşım sayına görə deyil, baxış sayının çoxluğu əsasında müəyyən ediblər. Onun sözlərinə görə, yaxın günlərdə qalibləri bir araya toplayaraq təxminən 80 lari dəyərində olan müxtəlif texnoloji avadanlıqlar hədiyyə ediləcək. Kamran bildirdi ki, son zamanlar dərslərin onlayn şəkildə keçirilməsinə görə şagirdlərin daha çox texnoloji avadanlıqlara ehtiyacları olur. Buna görə də onlar hədiyyə seçimində daha çox texnoloji avadanlıqlara üstünlük verəcəklər.

Müsabiqədə Mollaoğlu ictimai məktəbinin 11-ci sinif şagirdi, NTİ-ın üzvü Günel Cəlilova Azərbaycanın görkəmli şairi Nüsrət Kəsəmənlinin “İçində” şeirini səsləndirərək izləyicilərin say çoxluğuna görə 476 səslə 1-ci yerin qalibi olub.

Cəlilova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ölkədə koronavirusla əlaqədar yaranmış fövqəladə vəziyyətə görə o, vaxtının evdə elə də maraqlı keçmədiyi üçün müsabiqəyə qatılıb. O, deyir ki, müsabiqədə qalib olmaq kimi fikri olmayıb, sadəcə əyləncə və maraq üçün müsabiqənin iştirakçılarından biri olmaq qərarına gəlib.

“Birinci yerin qalibi oluğuma görə çox sevindim, amma qalib olmaqdan daha çox dostlarımın mənə dəstək olduqlarına görə sevinirəm”, – Günel Cəlilova dedi.



O, deyir ki, müsabiqədə özünə və səsinə güvənən hər kəs qalibdir.

Xatırladaq ki, Yeni Düşüncə İnstitutunun təsisçiləri Ariz Daşdəmirov və Kamran Əfəndiyev “#NTİevinizdə” kampaniyasına ilk olaraq nağıllar hazırlamaqla başlayıblar, daha sonra isə gənclərin vaxtlarını daha səmərəli keçirmələri üçün onlar şeir müsabiqəsinə start veriblər.

Şeir müsabiqəsi bitdiyinə görə onlar yaxın günlərdə xalq mahnılarından ibarət musiqi yarışmasına start verəcəklər.
Print Email
FaceBook Twitter Google