Marneulidə Gürcüstanın Müstəqillik Günü münasibətilə bayraqlar asıldı

Bu gün, 26 may tarixində Gürcüstanın müstəqillik günü qeyd olunur.


Pandemiyaya görə ilk dəfədir ki, 26 may tarixində genişmiqyaslı tədbirlər keçirilmir. Buna qədər bugünkü gündə Marneulidə də bir çox tədbirlər həyata keçirilirdi. Bələdiyyə bu günü qeyd etmək üçün bu il Rustaveli küçəsindən rəmzi şəkildə bayraqlar asıb.

Bu gün müstəqillik günü ilə əlaqədar Vazianidə tədbirlər keçirilib. Tədbirdə Gürcüstan prezidenti və başqa hökumət üzvləri çıxış ediblər.

“102 il əvvəl Milli Şura müstəqillik aktı qəbul edib və bu addımla ölkənin sonrakı inkişafı üçün çox vacib qərar verilib. Gürcüstan tarixində bu olduqca əhəmiyyətli gündür və məhz o zaman 26 may tarixində ilk respublika bizim ölkənin sonrakı istiqamətini müəyyənləşdirib. Hər bir gürcünü, bütün Gürcüstan vətəndaşlarını, abxaz və osetin qardaşlarımızı dövlətimizi birlikdə qurmaq və uğurıu dövlət yaratmaq ümidi ilə təbrik etmək istəyirəm”, – Gürcüstanın Baş naziri Qiorqi Qaxaria çıxışında bildirib.

1918-ci ilin 26 may tarixində Tbilisidə Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.

1991-ci ilin 31 mart tarixində Gürcüstanda referendum keçirilib və həmin vaxt əhali 1918-ci ilin 26 mayında qəbul olunan müstəqillik aktı əsasında müstəqilliyin bərpasını istəyib-istəmədikləri barədə suala cavab verməli idi. Referendumda ümumi əhalinin 90,3% iştirak edib və onların 98,9% suala müsbət cavab verib. Bunun əsasında 1991-ci ilin 9 aprel tarixində Gürcüstanın dövlət müstəqilliyinin bərpası aktı qəbul olunub.

Bu il Gürcüstanın müstəqilliyindən 102 il ötür.

 

Print Email
FaceBook Twitter Google