Rəssam Rizvan İsmayılın Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) 24 may
tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneuli
Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsindən
danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və
dərhal abidənin sökülməsinə başlamağa çağırıb.
Müsəlman din xadimi və rəssam, Rizvan İsmayıl "Facebook"
səhifəsində paylaşım edərək Marneuli və Hucabinin Yepiskopu Qiorqi
(Camdeliani) bəyanatına münasibətini bildirib. Həmin paylaşımı sizə
olduğu kimi təqdim edirik:
"26 may-Gürcüstanın müstəqillik günüdür, bayramınız
mübarək olsun!
Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
Marneuli və Hucabi yepiskopu Qiorqi Camdelianidən, bir din xadimi
olaraq yaşadığı ölkənin əhalisinin 80%-dən çoxu müsəlman olan biz
azərbaycanlılar, Ramazan (Fitr) bayramı təbriki gözləyirdik! Niyə
gözləyirdik? Ona görə ki, biz həmişə, istər fərd, istərsə də
təşkilat olaraq yerli xristian vətəndaşlarımızı, demək olar ki
bütün dini bayramları münasibəti ilə təbrik etmişik! Bu, bir daxili
mədəniyyət və hörmətin təzahürüdür! Amma əksinə oldu. Çox
təəssüflər olsun ki, bu günlərdə ölkəmizin rəsmi xristian din
xadimindən tanınmış tarixi şəxsiyyət, yazıçı, ictimai xadim N.
Nərimanovun Marneuli rayon mərkəzində ucalan heykəli ilə bağlı
xoşagəlməz sözlər eşitdik!
Cənab Camdeliani, soruşsanız N.Nərimanov biz azərbaycanlılardan
ötrü kimdir? O, bir maarifpərvər-müəllim, yazıçı-klassik,
xeyriyyəçi həkim və nəhayət vicdanlı bir insan olub. Onun vaxtilə
bir yüksək rütbəli kommunist-dövlət xadimi olmasının bu gün bizim
üçün də bir önəmi yoxdur!
Cənab Camdeliani! Bu gün, biz, din xadimləri olaraq, gənclərimizi,
xalqımızı bir-birimizin dini, milli dəyərlərimizə qarşılıqlı hörmət
və ehtiram ruhunda tərbiyə etməliyik. Gözəl ölkəmiz olan
Gürcüstanın, işğal olunmuş ərazilərinin azad olunması üçün
vətənpərvərlik ideyaları ilə hazırlamalıyıq! Hörmətli patriarx, II
İlya cənablarının müsəlman din xadimləri ilə dostluq və qarşılıqlı
hörmətlə rəftar edib, siyasət yürütdüyünü sizli-bizli hamımız
görmüşük!
Milli vətənimiz olan Azərbaycan Respublikasının, qonşu və qardaş
dediyi Gürcüstan Respublikasına saysız-hesabsız yaxşılıqlarının
hamımız şahidiyik! Ölkəmizin büdcəsinə ən çox vergi ödəyən SOCAR
neft şirkəti olduğunu bilirsiniz! İçərisində pulsuz isindiyimiz
kilsə və məscidləri təbii qazla məhz SOCAR-ın təmin etdiyini
bilirsiniz! Şəxsən sizin əyləşdiyiniz Marneulidəki kilsənin də
tikintisində, xeyriyyəçi azərbaycanlıların maddi dəstəyi olub.
Dövlətlərarası münasibətlərin belə gözəl vaxtında N.Nərimanovun
Hereti (Zaqatala) bölgəsinin Azərbaycana verilməsi mövzusunu öz
bazar günkü çıxışınızda söyləməniz, bizim, bir din xadimi olaraq,
ürəyimizi sızlatdı. Bizim din xadimlərimiz öz cümə xütbələrində
həmişə xalqlarımızın dostluğu və ölkələrimizin ərazi bütövlüyü üçün
dua edirlər!
Rayonumuzun meri Zaur bəy Darğallı burada yeni heykəl ucaltmayıb,
sadəcə xalqımızın çoxsaylı xahişlərini nəzərə alıb və N.Nərimanovun
heykəlini təmir etdirib, sağ olsun! Siz, ondan üzr istəməyi tələb
edirsiniz, bu əslində, bizim hamımızdan üzr tələb etmək kimi
alınır. Təbii ki, sizin belə bir fikriniz olmayıb. Lakin, belə
həssas zamanda və belə incə mövzularda çıxış edəndə, gərək hər
birimiz çox diqqətli olaq! N. Nərimanov bir xəyanətkar şəxs
olsaydı, biz azərbaycanlılar heç zaman ona dəyər verməzdik! Çünki,
bir xalq olaraq biz azərbaycanlılar xəyanətkar olmamış, həmçinin
nankorluq da etməmişik. Gürcüstan tarixində gürcü xalqına və
dövlətçiliyinə ən sədaqətli xalq olmuşuq! Və sonda, Uca Tanrıdan
arzu və dua ilə istəyirik ki, xalqlarımız arasında dostluq və
mehribanlığı günbəgün artırsın, Gürcüstan və Azərbaycan
Respublikalarının qardaşlığını Öz qüdrət əli ilə möhkəmlətsin!
Amin!
Hörmətlə: müsəlman din xadimi və rəssam, Rizvan
İsmayıl".