Marneulidə 1 və 2 nömrəli marşrut taksiləri kəndlər istiqamətində
gediş haqqını bahalaşdırıb.
Marşrut xəttinin sahibi olan şirkətin direktoru Yuri Samxaradze
“Marneuli” radiosuna verdiyi müsahibəsində bildirib ki, gediş haqqı
yalnız Marneulidə 10 tetri bahalaşıb. Ancaq kəndlərdə
“marşrutkalara” minən sərnişinlər yeni tariflə qarşılaşıb.
“Bu gün 60 tetri ödəməli olduq. İndiyə qədər 50 tetri
ödəyirdim. Həm də bilirdik ki, bizim kənddən (Saimerlo) gediş haqqı
bahalaşmayacaq. Sürücü yeni qiymətləri yazıb
yapışdırmışdı”, – Saimerlo sakini “Marneuli”
radiosuna bildirib.
Şirkətin direktoru Yuri Samxaradze deyib ki, artmış tariflər
haqqında heç bir məlumatı yoxdur və buna heç inanmır da.
“Bilmirəm necə olub, amma qiymətlər birbaşa yazılıb –
50 tetri. 10 tetri kimsə sürücüyə hədiyyə edibsə, bu mənim işim
deyil. İçəridə yazılıb ki, gediş haqqı 50 tetridir. Biz
bahalaşdırmamışıq, hər yerdə qiymət 50
tetridir.”
“Marneuli” radiosu 1 nömrəli marşrut nəqliyyat vasitəsində
artırılmış qiymətləri təsdiq edən foto çəkib. Biz bir daha Yuri
Samxaradze ilə əlaqə saxladıq. O, faktı öyrəndi və artırılmış
qiymətləri sürücülərin özbaşınalığı adlandırdı.
“Ola bilməz. Hansı maşından söhbət gedir? Həmin maşını
mütləq cəzalandıracağıq. Qiymətləri öz əlimizlə yazmışıq. Hər şeyi
müəyyənləşdirəcəyik. Mən artıq bu məsələ ilə bağlı dispetçerləri
göndərmişəm. Kimsə 60 tetri yazıbsa, onu
cəzalandıracağıq.”
Bələdiyyənin balansında olan avtobuslarda qiymət olduğu kimi qalır.
Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixindən bərpa
olunub. Sərnişinlərə maska taxmaq vacib olacaq. Sərnişinlərin ayaq
üstə durması qadağandır.
Marneulidə bütün növ ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində
qadağan olunmuşdu.