"Gürcüstan Müsəlmanları İdarəsinin hər hansı bir əməkdaşının idarə ilə məsləhətləşmədən idarəni təmsil etmək haqqı yoxdur", — Hacı Ramin İgidov
"Gürcüstan Müsəlmanları İdarəsinin hər hansı bir əməkdaşının idarə ilə məsləhətləşmədən, razılıq almadan idarəni təmsil etmək haqqı yoxdur", — Bu barədə "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bildirdi. Onun sözlərinə görə, Poluxovun fikirləri idarənin mövqeyini əks etdirmir.

"Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı (Marneuli müftisi) Hafiz Poluxovun 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının Yepiskop iqamətgahında iştirak etməsi idarəinin dini rəhbərliyi tərəfindən razılaşdırılmayıb. Ona görə də onun orada hər hansı bir fikri və sözü idarənin mövqeyini əks etdirmir. Belə bir halda öz məqamından, öz dini məqamından sui-istifadə edib. Öz dini titul və məsuliyyətindən istifadə edərək hər hansı məsələdə təmsilçi olaraq iştirak etməsi yanlışlıq hesab olunduğundan, həmin şəxs hesabat verməlidir",
— Hacı Ramin İgidov dedi.

Hacı Ramin İgidov onu da bildirdi ki, sırf dini məsələ olduğu halda, idarə Gürcüstan Patriarxlığı ilə görüşərək, müzakirələr aparır.

"Biz düşünürük ki, bu dini məsələ deyil. N. Nərimanov məsələsi dini məsələ deyil. O, elm adamı, ictimai xadimidirsə, və yaxud, bir siyasi xadim kimi analiz olunursa, təhlil olursa o, bizim sahəmizdən kənar müzakirə olunmalıdır. Biz onu düşünmədik ki, biz bununla bağlı dini müstəvidə müzakirə, fikir mübadiləsi aparaq. Mən düşünürəm ki, bu akademik səviyyədə, tarixçilərin, siyasətçilərin və ictimaiyyət nümayəndələrinin işidir ki, onlar araşdırsınlar. Onun haqında rəy bildirsinlər, qərar qəbul etsinlər. Bu bizim səlahiyyətimizə daxil deyil və dini sahəmizdən kənar bir məsələdir", — Hacı Ramin İgidov dedi.

Şeyx onu da qeyd etdi ki, Gürcüstan Müsəlmanları İdarəsinin Gürcüstan Patriarxlığı ilə səmimi dostluq və qardaşlıq münasibəti var. Buna görə də dinə aid olan məsələlərdə din rəhbərləri arasında görüşülər keçirilir və müzakirələr aparılır.

Xatırladaq ki, 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının Yepiskop iqamətgahında Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə müftisi Hafiz Poluxov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən İsgəndərov, azərbaycanlı ziyalılar və digər şəxslər arasında görüş baş tutub.

Print Email
FaceBook Twitter Google