"Gürcüstan Müsəlmanları İdarəsinin hər hansı bir
əməkdaşının idarə ilə məsləhətləşmədən, razılıq almadan idarəni
təmsil etmək haqqı yoxdur", — Bu barədə "Marneuli"
radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin
şeyxi Hacı Ramin İgidov bildirdi.
Onun sözlərinə görə, Poluxovun fikirləri idarənin mövqeyini əks
etdirmir.
"Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı (Marneuli müftisi)
Hafiz Poluxovun 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının
Yepiskop iqamətgahında iştirak etməsi idarəinin dini rəhbərliyi
tərəfindən razılaşdırılmayıb. Ona görə də onun orada hər hansı bir
fikri və sözü idarənin mövqeyini əks etdirmir. Belə bir halda öz
məqamından, öz dini məqamından sui-istifadə edib. Öz dini titul və
məsuliyyətindən istifadə edərək hər hansı məsələdə təmsilçi olaraq
iştirak etməsi yanlışlıq hesab olunduğundan, həmin şəxs hesabat
verməlidir", — Hacı Ramin İgidov dedi.
Hacı Ramin İgidov onu da bildirdi ki, sırf dini məsələ olduğu
halda, idarə Gürcüstan Patriarxlığı ilə görüşərək, müzakirələr
aparır.
"Biz düşünürük ki, bu dini məsələ deyil. N. Nərimanov
məsələsi dini məsələ deyil. O, elm adamı, ictimai xadimidirsə, və
yaxud, bir siyasi xadim kimi analiz olunursa, təhlil olursa o,
bizim sahəmizdən kənar müzakirə olunmalıdır. Biz onu düşünmədik ki,
biz bununla bağlı dini müstəvidə müzakirə, fikir mübadiləsi aparaq.
Mən düşünürəm ki, bu akademik səviyyədə, tarixçilərin,
siyasətçilərin və ictimaiyyət nümayəndələrinin işidir ki, onlar
araşdırsınlar. Onun haqında rəy bildirsinlər, qərar qəbul etsinlər.
Bu bizim səlahiyyətimizə daxil deyil və dini sahəmizdən kənar bir
məsələdir", — Hacı Ramin İgidov dedi.
Şeyx onu da qeyd etdi ki, Gürcüstan Müsəlmanları İdarəsinin
Gürcüstan Patriarxlığı ilə səmimi dostluq və qardaşlıq münasibəti
var. Buna görə də dinə aid olan məsələlərdə din rəhbərləri arasında
görüşülər keçirilir və müzakirələr aparılır.
Xatırladaq ki, 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının
Yepiskop iqamətgahında Marneuli və Hucabinin Yepiskopu Qiorqi
(Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə
müftisi Hafiz Poluxov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən
İsgəndərov, azərbaycanlı ziyalılar və digər şəxslər arasında görüş
baş tutub.